Hakim İbrahimov atletika üzrə dəfələrlə Azərbaycan çempionu olub, 2017-ci ildə idman karyerasını başa vurub. Bundan sonra o, diqqətini məşqçiliyə yönəldib və qısa müddətdə beynəlxalq səviyyəli mütəxəssisə çevrilib. 2024-cü ildə H. İbrahimov atletika üzrə milli komandanın baş məşqçisi təyin olunub və ölkənin ən gənc baş məşqçisi adını qazanıb.
Hazırda o, gənc idmançılarla çalışır. Hakim İbrahimov yaratdığı "Sonic Athletic" klubunda uşaqları idmana cəlb etmək və onlarda güclü motivasiya formalaşdırmaq üçün unikal metodika tətbiq olunur.
Bundan əlavə, Hakim İbrahimov İdman Akademiyasında fiziki reabilitasiya üzrə mütəxəssis kimi çalışır. O, peşəkar inkişafını davam etdirir və öz təcrübəsini yeni nəsil idmançılarla bölüşür.
İdman.Biz Hakim İbrahimovla uşaqlarla iş prinsipləri və valideynlərin idman maarifləndirilməsi barədə söhbətləşib.
- Klubunuzun strategiyası nədən ibarətdir?
- Azərbaycanda demək olar ki, bütün idman növlərində - bəlkə də cüdonı çıxmaq şərti ilə - əsas problem kütləviliyin olmamasıdır, xüsusən də uşaq hazırlığı səviyyəsində. Buna görə də strategiyamızın əsas istiqamətlərindən biri sosial şəbəkələr vasitəsilə valideynlərin maarifləndirilməsidir. Yəni məşqlərdən videolar paylaşmaqla yanaşı, maarifləndirici məzmun da təqdim edirik: uşağın düzgün qidalanması, yuxu rejimi, hansı ayaqqabıda məşq etməli olduğu barədə məlumat veririk.
Məsələn, biz izah edirik ki, uşağın geyim formasına qənaət etmək olar, amma ayaqqabıya - əsla. Çünki bu, birbaşa olaraq ayaq sağlamlığına və duruşuna təsir göstərir.
Əslində biz idmanı peşəkar karyeraya aparan yol kimi deyil, sağlam həyat tərzinin bir hissəsi kimi təqdim edirik. Çünki çox az valideyn öz uşağını peşəkar atlet kimi görür. 2024-cü ildə, atletika üzrə millinin baş məşqçisi olduğum dövrdə, mən uşaq idmanının inkişafı üçün strategiya təklif etmişdim, lakin təəssüf ki, qəbul olunmadı. Buna görə də bu ideyanı "Sonic Athletic Club" çərçivəsində özüm reallaşdırmağa qərar verdim.
- Sizin metodunuz nə qədər effektiv oldu?
- Keçən il başladığımda cəmi iki uşağım var idi. İndi, bir il sonra, artıq 150-dən çox uşaq bizim məşqlərdən keçib. Üstəlik, mənimlə yalnız bir köməkçim - Narxanım Fərəcli çalışır. Mən Beynəlxalq Yüngül Atletika Federasiyasının lektoruyam və məşqçi hazırlığı kursları zamanı onunla tanış olmuşam.
- Bəs siz peşəkar idmançılar da hazırlayırsınızmı?
- Əlbəttə. Uşaq bizdə 3-6 ay məşq etdikdən sonra valideynlər çox vaxt onun inkişafını görüb soruşurlar: "Bəs indi nə olacaq?". Bəzən biz özümüz uşağın potensialını görürük və ailəsinə məlumat veririk. Uşaqların bu idman növündə gələcəyi olub-olmadığını müəyyənləşdirmək üçün bir neçə meyarımız var.
Birincisi, antropometrik göstəricilərə baxırıq: boy, bədən quruluşu, proporsiyalar. Əgər valideynlər uzunboylu və arıqdırsa, bu artıq yüngül atletika üçün yaxşı göstəricidir. İkincisi, biz uşaqları sürət, güc, dözümlülük testlərindən keçiririk və nəticələri yaş normativləri ilə müqayisə edirik.
Əgər göstəricilər uyğundursa, uşağı 10 yaşı tamam olduqdan sonra peşəkar qrupa keçirməyi təklif edirik. Burada biz onları yarışlara hazırlayırıq. Hazırda şagirdlərim Azərbaycanın müxtəlif şəhərlərində keçirilən yarışlarda iştirak edirlər.
- Bəs əgər uşaq atletikanı sevirsə, amma qeyd etdiyiniz meyarlara uyğun gəlmirsə?
- Bu meyarlar o demək deyil ki, bu gün həmyaşıdlarını qabaqlayan uşaq sabah istedadlı idmançı olacaq. Eyni zamanda, bu gün geridə qalanın gələcəkdə nəticə göstərməyəcəyinə də zəmanət yoxdur. Uşaq idmanı - bir lotereyadır. Uşaq potensialını reallaşdıra da bilər, reallaşdıramayada. Bizim idman növündə real nəticələr adətən 15-17 yaşdan sonra görünür.
Mənim öz təcrübəmi götürək. Atletika ilə 14 yaşımda məşğul olmağa başladım. 17 yaşa qədər heç bir nəticəm yox idi. Yadımdadır, evə gələndə valideynlərimə deyirdim: "Yenə sondan birinci oldum…". Amma motivasiyam itmirdi. 17–18 yaşda artıq qələbələr gəldi - əvvəlcə gənclər arasında, sonra böyüklər arasında Azərbaycan çempionu oldum. Uzun müddət milli komandada çıxış etdim. Halbuki 14–15 yaşdakı nəticələrim çox zəif idi. Buna görə də həmişə deyirəm: hər uşağa inkişaf üçün şans və zaman vermək lazımdır.
- Atletika ilə neçə yaşdan məşğul olmaq mümkündür?
- Atletika bütün idman növlərinin bazasıdır. Uşaq gəzməyə başladığı andan etibarən onunla məşğul olmaq mümkündür. Əlbəttə, bu o demək deyil ki, biz balacaları böyüklər kimi məşq etdiririk. Bizdə "Kid Athletics" adlı xüsusi sistem var - məşqlər oyun formasında keçirilir. Uşaqlar qaçır, maneələrdən atlayır, yüngül toplar atır, qumda oynayır. Tam formatlı qruplar isə altı yaşdan başlayır.
- Bu gün bir çox uşaqların qrafiki çox sıxdır. Belə olan halda idmana vaxt tapmaq üçün nə etməli?
- Bu problemi çox yaxşı başa düşürəm. Bizdə elə uşaqlar var ki, səhər saat 6-da oyanır, 7-də məktəbə gedir, 4-ə qədər dərsdə olur. Sonra ev tapşırıqları, istirahət... idmana vaxt tapmaq çətindir. Belə hallarda biz evdə minimal fiziki aktivlik təklif edirik. Gündə səhər və ya axşam 15-20 dəqiqəlik hərəkət kifayətdir ki, uşaq tonusda qalsın.
Əlbəttə, ideal variant - həftədə ən azı iki dəfə tam məşqdir. Amma sıx qrafikdə belə, uşağın hər gün hərəkətdə olması vacibdir. Aktivlik təkcə idman deyil, gəzinti, oyunlar da daxildir. Valideynlər də nümunə göstərib, gündə 10-15 dəqiqə birgə idman edərək uşaqlarda idmana maraq yarada bilərlər.
- Valideynlərin maarifləndirilməsində əsas diqqət nəyə yönəlib?
- Bu gün bir çox uşaqlarda artıq çəki, duruş pozğunluğu, ayaq problemləri - yastıpəncəlik, valqus(baş ayaq barnağında olan deformasiya ya əyrilik – red) kimi hallar müşahidə olunur. Valideynlər çox vaxt hara müraciət edəcəklərini, hansı idman növünün uyğun olduğunu bilmirlər. Biz videolarımızda fərqli hallarda hansı yüklənmələrin icazəli olduğunu izah edirik. Əgər uşağa xüsusi şərait lazımdırsa, tibbi müayinədən keçməyi və həkim rəyini almağı tövsiyə edirik. Uşaq ümumi qrupa gəldikdə isə, onun vəziyyətinə uyğun fərdi yüklənmələr tətbiq edirik.
Biz həmçinin qidalanma və yuxu barədə tövsiyələr paylaşırıq. Uğurlu olmaq istəyən uşaq - istər idmanda, istər dərsdə - düzgün yatmalı və qidalanmalıdır. Məsələn, uşaq çox şirniyyat yeyərsə, qan şəkəri kəskin qalxır, sonra düşür və nəticədə yorğunluq, halsızlıq yaranır.
Yuxu ilə bağlı da izah edirik ki, təkcə müddəti deyil, vaxtı da vacibdir. Əgər uşaq gecə 2-də yatır, səhər 10-da durursa, 8 saat yatsa belə, o, lazım olan "böyümə hormonunun" aktivləşdiyi saatlarda yatmır. Bu da boy, sinir sistemi və əzələlərin bərpasına təsir edir. "Power nap" deyilən 20-30 dəqiqəlik gündüz yuxusu isə gücün bərpasına kömək edir, amma gecə yuxusunu tam əvəz edə bilməz.
- Bu qaydalara bəzən peşəkar idmançılar da əməl etmir…
- Peşəkar idmançı yalnız məşqdə deyil, həyatının bütün sahələrində peşəkar olmalıdır. Əgər o, rejimə, qidalanmaya, yuxuya əməl etmirsə - mənim üçün o, peşəkar deyil. Bir çox idman növündə mövsüm 10 ay davam edir, cəmi iki ay fasilə qalır. Amma mən görürəm ki, həqiqi idmançılar bu müddətdə də ya özləri, ya şəxsi məşqçi ilə məşq edirlər. Bəziləri isə iki ay yoxa çıxır, sonra zəif formada qayıdır. Halbuki məşq uğurun yalnız 5-10 faizidir, qalan 90 faiz həyat tərzi, intizam, qidalanma və bərpadır.
- Artıq çəki problemi olan uşaqlar üçün xüsusi pəhriz varmı?
- Mən həmişə deyirəm: əgər pəhrizin növü varsa, onu həkimlə məsləhətləşmədən tətbiq etmək və bir aydan çox davam etdirmək olmaz. İstər keto-pəhriz(aşağı karbohidratlı, orta proteinli pəhriz növü – red), istər fasiləli aclıq olsun - hər birinin yan təsiri var.
Uşaqlar üçün yalnız balanslı qidalanma uyğundur. Burada şirniyyat da, un məmulatı da ola bilər - amma normada. Sürətli karbohidratlar ümumi karbohidratın 10 faizdən çox olmamalıdır. Uşaq ayda bir dəfə fastfud yeyirsə, problem deyil, amma hər gün yeyirsə - bu, artıq siqnaldır. Qidalanma mütləq müxtəlif olmalıdır: tərəvəz, meyvə, ət, qarnirlər, süd məhsulları, qoz-fındıq və quru meyvələr.
Uşağı çox yedirtmək və ya əksinə, sərt məhdudlaşdırmaq olmaz. Mən də ata kimi bunu başa düşürəm. Qızım var, nənələrinin onu necə doyunca yedizdirməyə çalışdıqlarını görürəm. Amma uşaq istəmirsə, zorla yedizdirmək olmaz. Acıyanda özü yemək istəyəcək. Əgər uşaq çox yeyirsə, bunu vaxtında görüb, sakit şəkildə, təzyiqsiz şəkildə tənzimləmək lazımdır.
- Uşağın çəkisi və ya qidalanması ilə bağlı sizdən irad eşidən valideynlər necə reaksiya verirlər?
- Bu kimi mövzular çox həssasdır, ona görə də mən həmişə səbirlə yanaşıram. Bir yanlış söz uşağın özünə inamına və motivasiyasına mənfi təsir göstərə bilər. Hər şey hörmət və kömək məqsədi ilə deyilməlidir.
Valideynlər adətən normal qarşılayır. Onlar çox vaxt bildirirlər ki, uşağın gün ərzində məktəbdə olması səbəbindən qidalanmaya nəzarət edə bilmirlər. Buna görə biz təkcə valideynlərlə deyil, uşaqlarla da işləyirik - izah edirik ki, düzgün qidalanma niyə vacibdir. Sadəcə qadağa yox, səbəb açıqlananda, uşaq daha çox qulaq asır. Bəzən valideynlər xahiş edir ki, uşaqla biz danışaq, çünki o, məşqçiyə daha çox inanır.
Əgər bizə artıq çəkili uşaq müraciət edirsə, dərhal yüngül atletika tövsiyə etmirik. Çünki bu növdə çoxlu qaçış və tullanma var, bu isə oynaqlara yük salır. Əvvəlcə qidalanma tənzimlənməli, çəki bir qədər azaldılmalı, məsələn, üzgüçülüklə məşğul olunmalıdır. Suda uşaq öz çəkisini tam hiss etmir və bu, təhlükəsizdir. Nə zaman yük bədən üçün təhlükəsiz hala gəlir, o zaman onu bizim bölməyə dəvət edirik.
- Siz peşəkar idmançı olmusunuz, amma məlumdur ki, hər idmançı yaxşı məşqçi ola bilmir. Məşqçiliyin sizin yolunuz olduğunu nə vaxt anladınız?
- Hər idmançı karyerasının əvvəlindən bilməlidir ki, idmandan sonra da həyat davam edir. Peşəkar karyeradan sonra nə ilə məşğul olacağını, qazandığı təcrübəni necə istifadə edəcəyini əvvəlcədən düşünmək lazımdır. Mən bunu hələ 11-ci sinifdə fikirləşirdim. İşimin mənə zövq verməsini istəyirdim və buna görə İdman Akademiyasına daxil olub məşqçi oldum.
Təhsillə yanaşı, öz üzərimdə daim işləyirdim. 2017-ci ildə özümə məqsəd qoydum - hər il ən azı bir beynəlxalq kurs keçmək. Beləcə, 2017-ci ildə krossfit üzrə, 2018-ci ildə yüngül atletika üzrə beynəlxalq lektor sertifikatı aldım, 2019–2020-ci illərdə Almaniyada beynəlxalq səviyyəli məşqçi kurslarında oxudum.
Son illərdə ABŞ-da keçirilən ICECP 2023–2024 proqramında iştirak etdim. Bu il isə İspaniyada futbol üzrə ümumi fiziki hazırlıq kursuna başladım. Daim öyrənməyə çalışıram, çünki idman dayanmaq bilmir - yeni metodlar, yanaşmalar, texnologiyalar yaranır.
- Siz millinin baş məşqçisi olanda, ən gənc mütəxəssis kimi təqdim edilirdiniz. Yaşınıza görə özünüzə qarşı inamsız münasibəti müşahidə edirdinizmi?
- Skeptisizm həmişə olur. İnsanlar çox vaxt "gəncdirsə, deməli təcrübəsizdir" deyirlər. Amma məncə, hər şey yaşdan yox, bilikdən, xarakterdən və komandaya rəhbərlik qabiliyyətindən asılıdır. Mənim üçün bu, heç vaxt problem olmayıb. Hətta indi, artıq baş məşqçi olmadığım vaxtda belə, həmkarlarım hələ də mənim liderliyimi xatırlayır və deyirlər ki, "sənin arxanca getmək istəyirdik".
- Məşqçiliklə yanaşı, siz fiziki reabilitasiya üzrə mütəxəssissiniz. Bu iş nədən ibarətdir?
- Biz müxtəlif federasiyalarla əməkdaşlıq edirik. Bizə gətirilən idmançılara kompleks testlər tətbiq olunur, orqanizmin vəziyyəti qiymətləndirilir. Sonra məşqçiyə tövsiyələr veririk. Bundan başqa, zədələnmiş və bərpaya ehtiyacı olan idmançılar da bizə yönləndirilir. Biz onların tam reabilitasiyası ilə məşğul oluruq.
- Ölkədə atletikanın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Ayrı-ayrı idmançılar yaxşı nəticələr göstərsə də, ümumi problem eynidir – atletikada kütləvilik aşağıdır. Bu kütləvilik olmasa sistemi qurmaq mümkün deyil. Yüngül atletikada 48 olimpiya növü var və 48 ən yaxşı idmançını seçmək üçün ən azı üç-dörd min namizəd lazımdır. Nə qədər çox baza olsa, rəqabət və motivasiya da bir o qədər yüksək olar. Kütləvilik yaranmayınca, yüksək nəticələrdən danışmaq tezdir.
- Sonda karyeranızdakı maraqlı bir təcrübədən danışmaq istərdim. Siz Paralimpiya Oyunlarında bələdçi olmusunuz...
- Bəli, 2016-cı ildə Azərbaycan Paralimpiya komandası mənə müraciət etdi - onlara görmə məhdudiyyətli idmançılarla birlikdə qaçacaq bələdçi lazım idi. Əvvəlcə bir idmançı ilə işləməli idim, lakin Oyunlara bir ay qalmış digər bələdçi zədələndi və mən üç paralimpiyaçını eyni vaxtda müşayiət etməli oldum. Həmin Oyunlarda Yelena Çebanu ilə birlikdə 200 metr məsafəyə qaçışda bürünc və gümüş medal qazandıq.
Sonra, 2017-ci ildə yenidən bələdçi kimi çıxış etdim - Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında. Orada da gümüş medal qazandıq. Qeyd edim ki, bələdçi idmançı ilə birgə mükafatlandırılır - mənim də iki Olimpiya, bir İslamiada medalım var.
- Qaçış zamanı bələdçinin əsas vəzifəsi nədən ibarətdir?
- Biz göstəriş veririk: harada bir az sürətlənmək, harada yavaşımaq, harada dönmək lazımdır. Çünki bu idmançılar görmə məhdudiyyətlidir, biz onları səsimizlə istiqamətləndiririk. Bələdçi hər zaman partnyorundan bir qədər sürətli olmalıdır ki, ritmi nəzarətdə saxlasın. Məqsəd onu sadəcə yönləndirməkdir. Elə həmin Paralimpiadada bir hadisə olmuşdu: bələdçilərdən biri finişdə idmançını əlindən dartdı və dərhal diskvalifikasiya olundular.
- Yəni məsafə boyu idmançı ilə daim danışırsınız?
- Əlbəttə. Qaçış boyunca fasiləsiz ünsiyyət qururuq – sözlü komandalar, nəfəs, ritm. İdmançı ilə bələdçi arasında tam etimad olmalıdır. Bələdçi olmaq çox çətin işdir, ideal anlaşma tələb edir. Həyatımda belə bir təcrübə qazandığıma görə çox xoşbəxtəm.
Leyla Eminova