Azərbaycan gimnastı Nikita Simonov Niderlandın Rotterdam şəhərində keçirilən idman gimnastikası üzrə dünya çempionatındakı çıxışını dəyərləndirib. O, finala yüksəlmək üçün cəmi 0,133 xalının çatmadığını bildirib.
İdman.Biz xəbər verir ki, idmançı sosial şəbəkə hesabında yarışda daha yaxşı nəticə göstərməyi planlaşdırdığını, lakin səhhətindəki problemlərin buna mane olduğunu yazıb.
"Dünya çempionatından sonra fikirlərimi toparlayıram. Rotterdamda finala vəsiqə qazana bilmədim. Finala yüksəlmək üçün gözləyən gimnastlar arasında ilk sırada idim. Bu, heç də planlaşdırdığım nəticə deyildi. Əslində, tamamilə fərqli hərəkətlər proqramı hazırlamışdım. Lakin səhhətim tam qaydasında olmadığı üçün proqramı yüngülləşdirməli oldum. Maksimum gücümü ortaya qoymadım, risk etmədim, xəstələndim... Belə də olur, mən dəmir deyiləm.
Bu, mənim üçün dərs, böyük təcrübə və düşünmək üçün bir fürsət olacaq. Səhvlərim üzərində daha yaxşı işləyəcək, təlim-məşq toplanışlarını və hazırlıq prosesini daha diqqətlə planlaşdıracaq, bərpaya daha çox vaxt ayıracağam.
Yanımda olan hər kəsə təşəkkür edirəm! Qarşıda çox iş, yeni mövsüm, 2027-ci il və Olimpiya oyunlarına vəsiqə uğrunda mübarizə var!", - deyə o qeyd edib.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 25-də başa çatıb.