Buraxılış imtahanında maksimum 700 baldan 697-ni toplay "Zirə"nin U-17 komandasının futbolçusu Əbülhəsən Məmmədovun Teleqraf-a müsahibəsi
– Əvvəlcə özünüzü təqdim edərdiniz.
– Məmmədov Əbülhəsən, Bakı şəhəri 64 saylı Tam Orta Məktəbin məzunuyam. Əslən Qərbi Azərbaycandanam.
– Hansı qrup üzrə hazırlaşmısınız və neçə bal toplamısınız?
– Birinci ixtisas qrupu üzrə hazırlaşırdım. Buraxılış imtahanından 297, blok imtahanından isə maksimum nəticə, yəni 400 bal toplamışam. Bu uğuruma görə valideynlərimə və müəllimlərimə təşəkkür edirəm.
– Hansı ixtisası seçmək istəyirsiniz?
– Bakı Ali Neft Məktəbinin İnformasiya və Kibertəhlükəsizlik ixtisasına sənədlərimi vermək istəyirəm.
– İndiyə qədər ailənizdə kimsə belə yüksək nəticə yığıbmı?
– Qardaşım daha əvvəl 642 bal toplayıb. Hazırda Bakı Ali Neft Məktəbinin tələbəsidir.
– Həm də "Zirə"nin U-17 komandasının futbolçususunuz. Futbolda belə bir qayda var ki, məğlubiyyət 3 xal deməkdir. Sizdə də 700 bal üçün 3 bal çatmadı. Bunu necə qarşıladınız?
– Əslində pis oldum. Buraxılış imtahanından çıxarkən cavabları yoxladıq, nəticədə məlum oldu ki, 296,7 bal toplamışam. Həm sevindim, həm də pis oldum. Məyus oldum ki, maksimum ola bilərdi, potensialım vardı. Amma alınmadı. Fikirləşdim ki, blok imtahanından 400 bal toplamağa çalışım. İlk cəhdimdə maksimum nəticə əldə etməmişdim, amma ikinci cəhddə buna nail oldum. Hədəfim 700 bal idi. Amma 697 baldan da tam razıyam.
- Əvvəldən sınaq imtahanlarında bu nəticəni toplaya bilmişdinizmi?
- Bir dəfə blok sınaq imtahanından 400 bal, bir dəfə də 397 bal yığmışam. Əsas imtahanda maksimum bal toplayacağıma həmişə inanırdım.
- Futbola neçə yaşınızdan başlamısınız?
- 10 yaşımda futbola başlamışam. 8 ilə yaxındır futbolla məşğulam. İlk dəfə "Sərhədçi"də başlamışam, sonra "Zirə"nin U-12 komandasında oynamışam.
- Ailənizdə futbolla məşğul olan varmı və bu maraq haradan yaranıb?
- Qohumlarımda futbolla məşğul olan yoxdur. Sadəcə, özümün marağım olub. Həmişə istəmişəm ki, futbola gedim. Elə oldu ki, başlaya bildim.
- Abituriyentlər adətən imtahanlara görə bir çox məşğuliyyətindən imtina edirlər. Siz isə həm futbolçu, həm də yüksək nəticə göstərən şagirdsiniz. Bu, necə mümkün oldu?
- Hər ikisini birlikdə aparmaq çətin idi. Futbola gündəlik 5 saata yaxın vaxt gedirdi. Qalan vaxtımı isə dərsə ayırırdım. Əsas məsələ hər şeyi planlı şəkildə idarə etmək idi. Zəif olduğum sahələrə daha çox diqqət ayırırdım.
- Müəllimləriniz "futbola getmə, fikrini dərsinə yönəlt" deyirdilər?
- Bəziləri deyir, bəziləri isə dəstəkləyirdi. Deyirdilər ki, hər ikisini bir yerdə aparmaq daha yaxşıdır. Mən də bildirirdim ki, futbola getsəm də, bu balı toplayacağam. Hədəfim 700 bal idi. Bir dəfə sınaq imtahanında 695 bal yığmışdım.
- "Zirə"nin U-17 komandasının baş məşqçisi Seymur Şəbiyev sizə dərslə bağlı şərait yaradırdı?
- Deyirdi ki, dərslə məşq üst-üstə düşürsə, əvvəlcə dərsini həll et. Problem yarananda anlayış göstərirdilər. Amma çox vaxt futbola gedirdim. Dərsə görə futboldan qalmamışam, əksinə, futbola görə bəzən dərsə gedə bilməmişəm.
- Komanda yoldaşlarınız bu nəticəyə necə reaksiya verdilər?
- Çoxu gözləyirdi, amma bu qədər yüksək nəticəni gözləməyənlər də var idi. Hamısı sevindi.
- Aşağı yaş qruplarında oyunlar həftəiçi keçirilir. Dərslərə görə hansısa oyunu buraxmısınız?
– Məşqçilərim həmişə deyirdi ki, dərs önəmlidir, həmişə şərait yaradıblar. Heç bir oyunu buraxmamışam. Amma futbola görə dərsi buraxdığım olub. 10-cu sinifdə fizika hazırlığına futbola görə gedə bilmirdim. Həftədə 3 dərs olurdu, 1-2 dərsdə iştirak etmirdim. O günlərdə ya məşq, ya da oyun olardı. Amma evdə testləri işləyib hazırlaşırdım.
- Qərarınız nədir: futbola davam, yoxsa təhsil?
- Hələ tam qərar verməmişəm. Hər ikisinə davam etməyi düşünürəm.
- Ailəniz hansı sahəni seçməyinizi istəyir?
- Onlar üçün fərqi yoxdur. Hər iki sahədə məni dəstəkləyirlər.
- Hədəfləriniz nələrdir?
- Elm sahəsini seçsəm, kibertəhlükəsizlik üzrə mütəxəssis olmaq istəyirəm. Futbolu seçsəm, Azərbaycanı xaricdə təmsil etmək arzumdur.
- Futbolda kumiriniz kimdir?
- Uşaqlıqda futbolu izləyirdim, mənə maraqlı olub. Həmişə "Barselona"nı dəstəkləmişəm. Lionel Messiyə baxıb, onu sevmişəm.
- Mövqeyiniz nədir?
- Hücumçuyam.
- Bu uğurunuzdan sonra "Zirə" rəhbərliyi sizi təbrik etdi?
- Məşqçilərim hamısı məni təbrik etdi. Hamısı sevindi, təbrik etdilər.
- Bəs hansısa qurumdan əlaqə saxlayan olubmu?
- PFL dəvət edib, müsahibə götürdü. Sağ olsunlar.
- Əsas komandanın baş məşqçisi Rəşad Sadıqovdan təbrik gözləyirsinizmi?
- Hazırda xəbəri var, ya yox, bilmirəm. Təbrik etsə, əla olar.
- Yerli çempionatı, komandaları izləyirsinizmi?
- Çalışdığım qədər hər bir komandanı izləyirəm. Hazırda avrokubok mövsümü yeni başlayıb. "Zirə", "Qarabağ", "Sabah", "Araz-Naxçıvan"ın hər birinin oyununa çalışıram ki, baxım. Hər biri Azərbaycan klublarıdır, nəticə qazanmalıdırlar. Çünki bizim xeyrimizədir. Hamısının qruplara düşməsini istəyirəm.
- İmtahanlar vaxtı da izləyə bilirdiniz?
- Demək olar ki, bütün oyunlara baxmışam. Amma "Barselona"nın və "Zirə"nin oyunlarına imkan olduqca həmişə baxırdım.
- "Zirə"nin Bakıda "Hayduk"la oyunu oldu. Əsas komandanıza azarkeşlik edirsinizmi?
- Düzdür, "Hayduk"la oyuna gedə bilməmişəm. Həmin günü heç cür stadiona getməyim alınmadı. Amma telefonda baxırdım.
- Şansları necə görürsünüz?
- "Zirə" ilk oyunda çox yaxşı çıxış etdi. Cavab görüşündə rəqibi məğlub etmək olar. Növbəti mərhələyə keçmək şansımız çoxdur. Uğurlar arzu edirəm.
- Bu yaxınlarda "Zirə"nin U-16 komandasının üzvü Fərid Şahverdiyev dənizdə bataraq dünyasını dəyişdi. Tanıyırdınızmı?
- Bəli. Bizdən bir yaş aşağı komandada çıxış edirdi. Hər gün olmasa da, həftədə 1-2 dəfə görürdüm. Məncə, onun əsas arzusu futbolçu olmaq idi. Çünki daha çox marağı vardı. Lap yaxından tanımırdım. Allah rəhmət eləsin!
- AFFA U-17 Liqasında mövsümü 3-cü pillədə başa vurmuşdunuz...
- Bəli, çempion "Neftçi" oldu. Amma çempionluq yarışında "Qarabağ" və biz də var idik. Oyunlarla bağlı Tovuz, Gəncə, Qəbələ və digər bölgələrə səfərlərimiz olurdu. Səfər oyunları günü hazırlıqlara gedə bilmirdim. Ya oyun günü, ya da bir gün əvvəldən gedirdik. Həmin 1-2 gün hazırlıqlara gedə bilməsəm də, evdə özüm həll edirdim.
- Tovuzda, Gəncədə azarkeş dəstəyi aşağı yaş qruplarında da digər yerlərə nisbətən daha çox hiss olunur. Bəzən qonaq komandalar orada problemlə üzləşirlər...
- Düzdür, rayonlarda daha çox azarkeş dəstəyi olur. Bizim oyunlarımıza da valideynlər və s. gəlir. Amma rayonlarda daha çox hiss olunur. Belə, xüsusi bir problemlə üzləşməmişəm.
- Oyunlarda daimi heyət üzvüsünüzmü, yəni hər oyun meydana çıxırsınız?
- Əsas heyətdə meydana bir neçə oyunda çıxmışam. Amma bütün oyunlarda ikinci hissədə meydana daxil olmuşam.
- Bu nə ilə bağlı belə olurdu?
- Daha tez yoruluram. Çünki qan azlığı problemim var. 35-40 dəqiqə oynaya bilirəm. Baş məşqçim də qərar verdi ki, daha tez yorulursansa, ən yaxşısı, sonradan meydana girib daha effektiv ola bilərsən.
- Baş məşqçinizin sizdə əsas çatışmazlıq olaraq gördüyü nədir?
- Təriflədiyi nizam-intizamlı olmağımdır. Nöqsanlarım olur, bu səhvləri də deyir. Maksimum dəstək verir.
- İndiyə qədər ciddi zədəniz olub?
- Yox, uzunmüddətli zədəm olmayıb. Olmayıb ki, hansısa oyunu zədəyə görə buraxım. Maksimum bir-iki dəfə sağalmışam.
- Təhsilinizi xarici ölkədə almaq istərdinizmi?
- Bəlkə, magistratura oxusam, onu xaricdə istəyərəm. Amma dəqiq bilmirəm, bəlkə futbolu seçib magistratura oxumayacağam. Vaxt çatanda ona uyğun qərar verəcəyəm.
- Hansı ölkəni seçərsiniz?
- Yəqin ki, Estoniya olar. Çünki orada kibertəhlükəsizlik daha yaxşı inkişaf edib. Çox adam müxtəlif ölkələrdən gəlib orada təhsil alır. Yəqin, o zamanadək futbolu seçsəm, magistratura oxumağıma ehtiyac qalmaz. Yox, futbol alınmasa, oxuyacağam.
- Yəni, futbolu tam buraxa bilərsiniz?
- Güclü futbolçu ola bilmədiyimi görsəm, yəqin buraxaram. Çünki təhsil yönündə də marağım, hədəflərim var.
- Təhsilin ilk addımını belə uğurlu nəticə ilə başladınız. Futbolda da təhsildəki qədər uğurlu ola biləcəyinizə inanırsınız?
- Onu indidən deyə bilmirəm. Necə alınacağını yalnız gələcəkdə görmək olar. Çalışıram ki, uğurlu olum.
- Futbola başlayanda hər kəs özünə yol cızır ki, filan vaxta mən bu yerdə olacağam. Siz özünüzə hansı hədəf qoymusunuz?
- Xaricdə peşəkar futbol oynamaq. Ölkənin fərqi yoxdur. Əsas Azərbaycanı xaricdə daha çox tanıtmaqdır.
- Milli komandaya dəvət olunmusunuz?
- Seleksiyada olmuşam, rəsmi oyunda yox. U-15 komandasında idik, baş məşqçi Füzulu Məmmədov idi. Rəsmi oyunlarda iştirak etməmişəm.
- "Zirə"nin əsas heyət futbolçuları ilə görüşünüz olubmu?
- Xeyr, yalnız oyunlarını görürəm. Onlar ayrı yerdə, biz də başqa yerdə məşq edirik.
- "Qarabağ"da U-17 komandasının bir neçə üzvü əsas komanda ilə məşqlərə qoşuldu, hətta çempionatda debüt etdilər, adları Çempionlar Liqasının iştirak ərizəsinə salınanlar da var. Sizin komandanızda belə futbolçu olubmu?
- Bəli, bizdə də var. Murad Qurbanov, İmran Süleymanzadə, Əhliman Süleymanzadə də məşqlərdə iştirak ediblər. Əhliman Premyer Liqa oyunlarında debüt etməsə də, adı iştirak ərizəsinə salınıb. Mənə isə dəvət olunmayıb.
- Məşqinizə yaxud oyununuza Rəşad Sadıqov şəxsən baxıb?
- Oyunlarımızın birində olub, amma dəqiq yadımda deyil.
- İlk maaşınız nə qədər olub?
- U-15 liqasında 50 manat almışdım. Xüsusi nəyəsə xərcləməmişdim. Həmin an gedib nəyəsə xərcləməmişəm.
- Futbolçuların bir çoxu təhsili diqqətdən kənarda saxlayır. Abituriyentlərə nə demək istərdiniz?
- Hər ikisini eyni anda etmək olur. Nə futbola gedib təhsili buraxmaq, nə də təhsilə görə futboldan vaz keçmək lazım deyil. Çatdırmaq mümkündür.
- Universitetlə futbolu eyni anda apara biləcəksiniz?
- Məncə, apara biləcəyəm. Bu il çox çətin idi, onu bacara bildimsə, yəqin növbəti illər daha asan olar.
- Uğurlar arzu edirik. Baş məşqçilərinə və ya müəllimlərinə buradan nəsə demək istəyirsinizmi?
- Hər birinə "çox sağ ol" deyirəm.
İdman.biz