"Bizim üçün çox önəmli qələbə idi. "Qara zolaq"dan çıxmaq üçün bu qələbəyə böyük ehtiyacımız var idi". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"nin qapıçısı Yusif İmanov deyib.
23 yaşlı qolkiper komandasının Misli Premyer Liqasının 8-ci turunda "Turan Tovuz"u (1:0) məğlub etdiyi oyunla bağlı fikirkərini bölüşüb:
"Komanda olaraq çətin dönəmdən keçirdik. Məncə, qələbənin əsas amili xarakterimiz oldu. Artıq yeni baş məşqçimiz Ervins Perkonsun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Onun tələblərinə uyğunlaşmağa çalışırıq. Növbəti turda rəqibimiz olacaq "Şamaxı" mövsümə yaxşı başlayıb. Həqiqətən də, "bərk" komandadır və baş məşqçiləri Azər Bağırovun gördüyü iş göz qabağındadır. Ancaq nə qədər yaxşı olsalar da, bizim də öz hədəflərimiz var. Qarşıdakı matça da qələbə qazanmaq üçün çıxacağıq. Çünki buna ehtiyacımız var. Turnir cədvəlində yüksək yerlərə qalxmaq istəyirik. Bunun üçün hər oyunda əlimizdən gələni etməli, meydanda maksimum gücümüzü ortaya qoymalıyıq".
Qeyd edək ki, 8 turdan sonra aktivində 7 xal olan "İmişli" turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.