"Sabah" kollektivi "Petrokub" komandasını rahat şəkildə təhlil edə bilib.
"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Petrokub"a (Moldova) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis qarşılaşmanın çətin keçdiyini bildirib:
"Çox çətin oyun oldu. Rəqib bu oyuna kimi artıq 7 matç keçirmişdi. Bu görüşlər əsasında onları yaxşı təhlil etmişdik. Yəni rəqibi təhlil etmək üçün kifayət qədər materialımız var idi. Bura sadəcə müdafiə olunmağa və ya əks-hücumda şans axtarmağa yox, öz oyun üslubumuzu meydanda göstərmək, matça nəzarət etmək niyyətilə gəlmişdik. Düzdür, oyunda enişli-yoxuşlu anlar oldu, xüsusilə də birinci hissədə. Bəzən istədiyimizi tam göstərə bilmədik. İkinci hissədə isə, xüsusilə ilk 5-7 dəqiqədə, bir qədər çətinlik yaşadıq".
O, üzərində işləməli məqamların olduğunu vurğulayıb:
"Qoldan sonra matçı çox yaxşı şəkildə bağladıq. Rəqib təzyiq etməyə çalışsa da, biz topa nəzarət edə bildik, boş futbolçunu tapdıq ki, bu da məhz komandamın oynamasını istədiyim tərzdir. Avropada səfərdə qalib gəlmək çox önəmlidir. Qapımızı toxunulmaz saxladıq, iki qol vurduq – bu yaxşı nəticədir, amma iş hələ bitməyib. İki oyundan ibarət cütlükdə heç vaxt hər şey ilk oyunda həll olunmur. İndi geri qayıdıb, cavab oyununa hazırlaşmalıyıq".
Qeyd edək ki, "Petrokub" – "Sabah" qarşılaşması Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb