"Sumqayıt"ın futbolçusu Aleksandr Ramalinqomun Sport24.az-a müsahibəsi
- Misli Premyer Liqasının II turunda səfərdə "Qarabağ"ı məğlub (1:0) etdiniz. Oyun haqqında nə deyə bilərsən?
- Bəli. Qalib gəldiyimiz üçün sevinirik. Bu qələbə özümüzə inamı artırmaq üçün çox yaxşı idi. Amma davam etməliyik. Artıq növbəti qarşılaşmaya köklənməliyik.
- "Qarabağ"ı məğlub etməyiniz futbol ictimaiyyəti üçün gözlənilməz oldu…
- "Qarabağ" Çempionlar Liqasında da mübarizə aparır. Bunun üçün bizimlə matçda ən yaxşı heyətin meydanda olmadığını bilirik. Baş məşqçimizin planlarına əsasən, oyunumuzu qururuq və uğur qazanırıq. Sürpriz nəticədir? Mənim üçün üç xal qazanmağımız önəmlidir.
- Hesab 0:0 olanda qol epizodunu boşa verdin. Həmin vaxt nələr düşündün?
- Buna çox qəzəbləndim. Amma oyun davam etdikcə unutdum. "Qarabağ" da bir neçə fürsəti əldən verdi.
- Ardıcıl iki qalibiyyət futbolçulara necə motivasiya verir?
- Bu, çox yaxşıdır. Amma heç bir şey demək deyil. Mövsümə yaxşı başlamışıq və bunu davam etdirməliyik. Düşünürəm ki, artıq bizim üçün daha çətin olacaq.
- III turda "Şamaxı"nı qəbul edəcəksiniz. Səncə, qələbə seriyası davam edəcək?
- Qalibiyyət seriyasını davam etdirməyə çalışacağıq. "Şamaxı" yaxşı komandadır. Bu həftə çox yaxşı hazırlaşmalıyıq.
- Daha əvvək ölkəmizdə "Səbail"də də çıxış etmisən. Səncə, Misli Premyer Liqasının səviyyəsi qalxıb?
- Hələ ki, bir söz deyə bilmərəm. Çempionatın səviyyəsi yaxşıdır. Bir neçə turdan sonra daha dəqiq nəsə demək olar.
İdman.biz