"Sabah" futbol komandası bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində növbəti sınağına çıxacaq.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi Danimarkanın "Orhus" futbol komandası ilə cavab matçında üz-üzə gələcək.
Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü Fransadan olan FIFA referisi Villi Delajo idarə edəcək.
Komandalar arasında Danimarkada keçirilən ilk qarşılaşmada "Orhus" 2:1 hesabı ilə qalib gəlib. Buna görə "Sabah" mərhələ adlamaq üçün cavab görüşündə sərfəli nəticə qazanmalıdır.
Azərbaycan çempionu Danimarka təmsilçisini mübarizədən kənarlaşdıracağı halda, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel" (Beer-Şeva, İsrail) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
"Sabah" "Orhus" səddini aşa bilməyəcəyi təqdirdə isə mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu halda Bakı klubu "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.