"Sabah"ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç UEFA Gənclər Liqasında Almaniyanın "Borussiya" (Dortmund) komandasına qarşı dueldə futbolçuların göstərdiyi oyundan razı qalıb.
Xorvatiyalı mütəxəssis bu barədə "Report"a açıqlama verib.
O, əsas mərhələnin III turunda 0:2 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb:
"Məğlub olanda hər zaman özünü pis hiss edirsən. Daha çox şey edə biləcəyini düşünərək kədərlənirsən. Bununla belə, futbolçularımın göstərdiyi oyundan razıyam. 90 dəqiqə ərzində gərgin və rəqabətli bir oyun keçdi. "Borussiya" 73-cü dəqiqədə fərqlənməyi bacardı".
A.Mustedanaqiç Dortmund təmsilçisinin böyük klub olduğunu vurğulayıb:
"Borussiya" yaxşı akademiyaya sahib olan çox böyük klubdur. Həqiqətən yaxşı futbol oynayırlar. Onların əvvəlki oyunlarını izləmişdik. Norveçin "Budyo-Qlimt" komandasına 5:0 hesabı ilə qalib gəlmişdilər, ondan öncə isə "Vilyarreal"a qarşı oynamışdılar. Həmin matçda uduzsalar (2:3) da, fikrimcə, daha yaxşı çıxış edən tərəf idilər. Oyunçularımız matç üçün hazırladığımız planı tam yerinə yetirdilər və onların göstərdiyi oyundan məmnunam".
Xatırladaq ki, "Sabah"ın U-19 kollektivi I turda İngiltərədə "Mançester Yunayted"ə 5, II turda Bakıda Çexiyanın "Slaviya" komandasına 3 cavabsız qolla uduzub.