"Qarabağ"ın baş məşqiçisi Qurban Qurbanovun Qol.az-a müsahibəsi
- Sizinlə klubunuzdakı iş otağınızda danışırıq. Diqqətimi çəkdi. "Qarabağ"ın bazası bu gün sakitliyə qərq olub. Yəqin istirahət günü olması ilə əlaqədardır. Bugünlərdə Ayxan Abbasovun müsahibəsinə baxdım. Deyirdi ki, "Qarabağ"da oynayanda biz futbolçular arasında danışırdıq ki, Qurban Qurbanov məşq olmayan günlərdə də bütün günü bazada olur…
- Hə… (gülür)
- Bəs, siz dincəlmirsiz?
- Biz məşqçilərin işi ən çox elə istirahət vaxtlarında olur. Xüsusən mövsüm bitəndən sonra. Düzdür, bir neçə gün istirahət edə bildim. Amma hazırlıq yaxınlaşdıqca işimiz çoxalır. Transferlərə görə isə işə daha çox vaxt ayırmışıq. Köməkçim Elçin müəllim də burdadır. Təklif olunan futbolçulara baxış keçiririk, danışıqlar aparırıq. Bazada daha çox olmağa çalışırıq. Çünki buna ehtiyac var.
- Normalda həftənin neçə günü klubun bazasında olursunuz?
- Hər gün. Sadəcə olaraq bayram günlərində, komanda tam tətildə olanda gəlmirəm. Amma çox nadir halda olar ki, işlə bağlı ayrıca saatım olmasın. Məsələn, son 3-4 gündə bazaya gəlmədim, amma şəhərdə oldum. "My Class"da (Qurban Qurbanova məxsus Fitnes-SPA - A.B.) idim. Elçin Rəhmanovla birlikdə işimizə orada davam edirdik. Yəni, ora da istirahətlə bağlı yox, işlə əlaqədar getmişdik.
- Futbolçularınızın əksəriyyəti hazırda ölkə xaricindədirlər deyəsən. Bəs özünüz çıxıb şəhəri gəzirsiniz?
- Olur. Bəzən həftədə 1, bəzən 10 gündə 1 dəfə, bəzən 2 ayda 1 dəfə... Gün ərzində yox, amma hərdən 1-2 saat hansısa restoranda əyləşirik, çay, qəhvə içirik.
- Lakin belə başa düşdüm ki, aktiv istirahətiniz yoxdur.
- Olur, amma az olur (gülür).
- Özünüzü tam futbola həsr etmisiniz?
- İş belə tələb edir də. Bu iş elədir ki, il boyu davamiyyətlidir. Futbol təkcə məşqlə və ya yalnız oyunla qurtaran bir şey deyil. Onlardan daha vacib olan tərəfləri var. Bu gün mənim üçün bəlkə də ən asan iş komandanı oyuna hazırlamaq, meydana çıxarmaqdır. Amma meydana çıxana qədər olan proseslər var ki, ən çox diqqətli davranmaq lazım gələn epizodlardır.
- Burada hansı epizodları nəzərdə tutursunuz?
- İlk olaraq indi futbolçuların istirahəti necə gedir, komandadan gedəcək futbolçular, komandaya transfer olunacaq futbolçular. Futbolçuların sayı nə qədər olmalıdır, il boyu onların ümumi idman formasını yaxşı saxlamaq, analizlər, məşqçilərlə danışıqlar... Burada olmasaq da, ən azından bir-birimizlə votsap vasitəsi ilə danışırıq ki, futbolçuların məşqi necə keçdi, məşqdə hansı performansı göstərdilər, oyuna necə hazırlaşdılar. Hansı oyunda yaxşı çıxış etdilər, niyə məhz o oyunda yaxşı oldular, 1 həftəlik sistemi çıxartmaq, pis oynadısa, niyə pis olduğunu araşdırmaq... Belə xırda detallara çox böyük önəm verilir. İnsanı yoran da budur. Amma ümumi məşq proqramı bəllidir. Allaha şükürlər olsun, təcrübə çoxalıb. Məşqlə bağlı xüsusi bir problemimiz, sıxıntımız olmur. Sadəcə vacib olan budur ki, futbolçu məşqə, tapşırığımızı yerinə yetirməyə nə qədər hazırdır. Oyunçu ayıq başla, fiziki hazırlığı ilə məşqdəki tapşırıqları yerinə yetirə biləcəkmi? Əsas olan məqamlar bunlardır. İşimizin çox hissəsini belə məqamlara yönəltmişik. Köməkçilərim də var. Şükürlər olsun, onların da biliyi, təcrübəsi həddindən artıq çoxalıb.
- Yeri gəlmişkən, sizə köməkçilərinizlə bağlı az suallar verilib. Amma futbol ictimaiyyətinə onların da işi maraqlıdır. Məlum, bütün sferalarda idarəçilərə yaxşı köməkçilər lazımdır. Bu baxımdan siz onların işindən nə dərəcədə razısınız?
- Çox razıyam. Mən özüm illər ərzində formalaşmışam. İlk məşqə gələndə hazır məşqçi olmamışam ki. Nə qədər səhvlərim, yanlış qərarlarım olub. Bu gün də var. Futbol kollektiv idman növüdür. Burada səhvlər qaçılmazdır. İstər qərarlarda, istər seçimlərdə, istərsə də hazırlıqlarda. Bunlar danılmazdır, mütləq olacaq. Sadəcə vacib olan budur ki, səhvlərin faizi nə dərəcədədir.
7-8 il əvvələ qayıtsaq, həmin dövrdəki Elçin Rəhmanovla indiki Elçin Rəhmanov arasında çox fərq var. Eyni sözləri Çudomir Cokarova, Müşfiq Hüseynova, Zaur Tağızadəyə də aid edə bilərəm... Amma bunu deyim ki, onların işi get-gedə daha da çoxalır, məsuliyyətli olur. Mən köməkçilərimə həmişə güvənmişəm, bu gün də güvənirəm. Onlar da bunu dərk edirlər. Ona görə də çalışırlar ki, səhvsiz olsunlar. Elçin Rəhmanovun bu komandada rolu tam başqadır. Mənim ən çox məşvərət etdiyim, müzakirələr apardığım insan Elçin Rəhmanovdur. Qərarları demək olar ki, birlikdə veririk.
Onun düşüncələri, futbol biliyi mənim üçün çox vacibdir. Çudomir Cokarov da mənim çox güvəndiyim məşqçidir. Futbolçuların fiziki hazırlığı haqda çox detallara gedir, mənimlə çox məsləhətləşir. Gəlir hər şeyi detallarına qədər mənə deyir. Ən xırda element barədə də öz fikrini bildirir ki, bunu etsək daha yaxşı olar. Bəzən Çudomir Cokarovla tək mən yox, Elçin Rəhmanov, digər məşqçilər də müzakirələr aparırıq ki, filan hazırlığı keçmək istəyirik, risklərə getmək istəyirik, necə olar? Çünki istər-istəməz bəzən elə olur ki, hansısa futbolçular haqda məlumatı, onların hazırlığını köməkçim bilir. Çünki futbolçularla daha çox ünsiyyətdə olur. Mən də kənardan görürəm ki, hansı məşqçi hansı futbolçu ilə daha çox ünsiyyətdədir.
- Elxan Həsənovun qapıçılarla işləyən məşqçi olduğunu bilirik. Bəs, Müşfiq Hüseynov və Zaur Tağızadənin məşqçi heyətindəki rolu nədən ibarətdir?
- Onların məşqin təşkilində rolu böyükdür. Təşkilatçılıq işlərini çox yaxşı bilirlər. Əvvəllər məşqdən əvvəl çox müzakirələr aparırdıq ki, məşq bu cür olsun, belə getsin. Amma indi elə bir səviyyəyə çatıblar ki, biz məşqdən əvvəl fitnes zalındakı lövhədə məşqin ümumi gedişatını yazırıq, Müşfiq Hüseynov və Zaur Tağızadə baxırlar, bilirlər ki, oyun elementimiz necə olacaq. Yazırlar, hazırlayırlar, futbolçuları başa salırlar. Mən bütün futbolçulara ayrı-ayrılıqda öz fikrimi bildirə bilmərəm ki, səndən bunlar tələb olunacaq. Bəzisi ilə Müşfiq, bəzisi ilə Zaur danışır.
- Həm avrokubok, həm Premyer Liqa oyunlarında Elçin Rəhmanovun yanınıza gələrək sizə nəsə söylədiyini görürük. Aranızda danışdıqlarınızdan bəzilərini bizə də açıqlaya bilərsiniz?
- Elçin bəzən elə mənim düşündüklərimi deyir (gülür). Məsləhət edirik. Ümumiyyətlə, kənardan hər arenada fərqli görünür. Elçin Rəhmanov mənim fikirlərimi bilir. Oyunçu dəyişikliyi lazım gələndə, nəsə problem, çatışmazlıq görəndə gəlib öz fikrini bildirib. Elə olub ki, düşüncələrimiz üst-üstə düşüb və qərar verəndə daha inamlı olmuşuq. Daim oyunun içində olur.
- Elçin Rəhmanov baş məşqçi kimi tam yetişibmi?
- Məncə, çoxdan. O, çox yaxşı baş məşqçi olar. Elçin Rəhmanovun çox yaxşı futbol düşüncəsi var. Amma hələlik onu heç yerə buraxmıram (gülür).
- Rəşad Sadıqov deyir ki, məşqçi kimi özümü Qurban Qurbanovun yetirməsi sayıram. Ayxan Abbasov da təxminən buna bənzər fikirlər səsləndirib. Onlarla tez-tez ünsiyyətdə olursunuz. Azərbaycanda gənc məşqçilərin futbol biliyi, vəziyyəti ilə bağlı fikirləriniz necədir? Müasir futbolla necə ayaqlaşırlar? Müşahidə etmişəm, elə məşqçilərimiz var ki, öz sahəsi üzrə yeniliklərdən xəbərləri olmur, bu da futbolumuz adına məyusluq doğurur...
- Ümumiyyətlə, qısa olaraq deyim ki, Ayxana, Rəşada, Samirə, Aftandilə çox güvənməliyik. Məşqçi var ki, bəli, futbol biliyi yaxşdıdır, amma düşündüyü bizim futbol mentalitetimizə uyğun deyil. Lakin bu məşqçilərimiz sırf Azərbaycan futbolu üçün yetişmiş, hazırlanmış insanlardırlar. Üstəlik, onların iş məsuliyyəti var. Gecə-gündüz yatmırlar, futbolun içindədirlər. Onlardan narahat olmaq lazım deyil. Ümumiyyətlə, hər bir işdə - istər dostluqda, istər idmanda bir insan məsuliyyətli, daim narahatdırsa, həmişə daha yaxşısını etmək istəyirsə, o insanlara güvənmək, yol açmaq lazımdır. Onlar tam başqa insanlardır, işlərinə çox sevgi və ciddiyyətlə yanaşırlar. Uduzanda gecə-gündüz çalışırlar, həll yolları axtarırlar, daha yaxşısını etmək istəyirlər. Özü də olmayan bir şəraitdə.
- Bizim məşqçilər, elə siz özünüz də tez-tez ölkədə meydança çatışmazlığını, infrastrukturdakı problemləri vurğulayırsınız. Bu günlərdə "Barselona" klubunun düşərgəsində oldunuz. Bir fikriniz diqqətimi çəkmişdi: "Barselona"nın bazasını gəzəndə bilmirsən, meydançalar harada bitəcək". Növbəti sualım elə bu səfərinizlə bağlı olacaq. 53 yaşınız var. Azərbaycan futbol tarixinə bir çox ilkə imza atan məşqçi kimi düşmüsünüz. Bununla belə yenə də öyrənməyə can atırsınız. Ötən il "Bayer"in, bu il "Barselona"nın düşərgəsində oldunuz. Müqayisə edəndə bizdə nə çatmır?
- Mən dəfələrlə bildirmişəm, əfsuslar olsun ki, çox geridəyik. Mən bunu qəbul edirəm. Məlum məsələdir. Müstəqilliyimizin bərpasından 34 il keçib. Amma Almaniya, İspaniya kimi ölkələrin təkcə futbolunun 100 ildən çox tarixi var. Biz futbolda hələ nələrisə dəyişməyə çalışırıq. Onlarda isə oturuşmuş sistem qurulub. Həmin ölkələr bizim hələ indi arzuladığımız yerə illər, onillər əvvəl gəlib çatıblar. Sabah biz yerimizdə qalsaq, onlar isə öz düşüncələrini həyata keçirsələr, heç vaxt ayaqlaşa bilmərik. Hərdən deyirik ki, əşi nə olub e, biz də insanıq, onlar da insandılar. Bizim də beynimiz, iki ayağımız var, onların da. Amma axı inkişaf məsələsini nəzərə almalıyıq. Onlar gələcəyə yönəlmiş böyük planlar qurur. Biz ən azından gedib onları yaxından görəndə bilirik ki, hə, nəyə hazır olmalıyıq. Analiz edirik. Lakin canlı görmək tam başqa şeydir. Bəzən kənardan yeniliklər görünmür. Oradan öyrəndiyin ən xırda nüans da oyunun taleyini həll edir. Taktika, məşq - bunları bilməyən yoxdur. Məşq keçməyə nə var ki?! Ən az 10 fərqli düşünən məşqçi var. Hamısı da nəticə verib. Biri Qvardiolanın düşündüyü futbol, biri Kloppun futbolu. Hər il hansısa məşqçinin seçdiyi tərz nəticə verir. Bir məşqçi digərlərinin fəlsəfəsini xoşlamır. Deməli, vacib olan futbolçuların hazırlığı, orqanizmi, sağlamlığı, hansı şəraitdə məşq etməsidir.
Təsəvvür edin, topun gediş sürəti o qədər artıb ki, biz hətta onunla da ayaqlaşa bilmirik. Bunun üçün ilk olaraq nə lazımdır? Şərait, gündəlik məşq. Bəs, sən gündəlik hansı şəraitdə məşq edirsən?
- Siz bu işin içində olan insansınız. Şərait deyəndə nəyi nəzərdə tutursunuz? Gəlin bunu açaq. Tək meydançadırmı? Bəzən idman həkimlərimizin azlığından, komandalarda dietoloqların olmamasından da narahatlığınızı ifadə etmisiniz.
- Bəli. Futbolçuların sağlamlığı məsələsi var. Futbol ölkələri bizi çox üstələyirlər. Dediyim kimi, ən asan şey məşq etməkdir. Amma futbolçunun yorğunluğunun vaxtında çıxması, məşqə problemsiz şəkildə gəlməsi, oyunçuların necə qidalanması çox vacibdir. Biz bu məsələdə hələ çox geridəyik. Digər tərəfdən, bəli, məsələn, elə bizim bu bazada iki meydançamız var. Hə, çox gözəl. Amma o demək deyil ki, idealdır. Hava şəraiti amili var. Azərbaycandakı hava şəraiti onlardan tamamilə fərqlidir. Onlarda hava şəraiti daha əlverişlidir. İspaniya, İngiltərə, İtaliya... Onlar belə şeyə çox önəm verirlər. Hər mövzuda bizi üstələyirlər. Məşq prosesinə, meydança amilinə qaldıqda, bizim 1 məşq meydançamız var, o da korlanır axı. Onlarda isə 3-4 belə meydança var. Bu gün birində məşq edirlər, sabah başqasında. Meydançaları həmişə ideal formada qalır. Otun seyrəkliyi incəliyi belə bizdəkindən çox fərqlənir. Üstəlik ot örtüyü onların hava şəraitinə uyğundur. O qədər şeylər var ki... Elə bu cür xırda şeylərdə səni üstələyirlər. Məsələn, mən topun sürətini dedim. Onların futbolçuları mənim meydançamda eyni güclə məşq edəndə topun sürəti, məsələn, 5 olacaqsa, öz meydançalarında 7 olacaq. Bu fərqi təsəvvür edin. Topun sürəti 5 olanda sənin düşünmə qabiliyyətin sürəti 7 olandan geridə qalacaq. Topun sürəti 7 olanda daha tez düşünəcəksən.
- Fikrinizi bir az da sadələşdirsək...
- Məsələn, qiymətli bir əsəri, kitabı oxuyan adamın düşünmə qabiliyyəti də yaxşılaşır, elə deyilmi? Topun sürəti də elədir. Məcbursan ki, tez qərar verəsən. Bu qədər xırdalıqlara getmək istəmirəm. Kənardan bir az fərqli görünür ki, niyə oynamırlar, niyə bacarmırlar. Biz bunu etməyə çalışırıq. Amma bizdən asılı olmayan səbəblər də var. Onlar nə olur-olsun, bizi üstələyirlər.
- Qurban müəllim, bu dedikləriniz vizual olaraq gördüklərinizdir. Düşündükləriniz gördüklərinizi tamamladı?
- Bəli, düşündüklərimi gedib orada da gördüm. 100 faiz. Dediyim kimi, onlar bizi hər şeydə üstələyirlər də, qardaş. Məşqçilik sferasında onların elmi, düşüncələri bizdən yuxarıdır. Tibbi personala gəldikdə də həkimlər tam fərqlidir. Hətta futbolla fərdi idman növlərinin həkimləri tam fərqli olmalıdır. Futbolçunun dietoloqu ilə başqa idmançının dietoloqu tamam ayrıdır. Elə şeylər var ki... Futbolçu gün ərzində bilir ki, nə yeməlidir, hansı saatda yeməlidir. Elə bil ki, mövcud olan şeylər onlara bəs etmir də. Artıq astronomik şeylər edirlər ki, kimisə üstələsinlər. Peşəkarlıqları istər-istəməz bizdən yuxarıdır. Onlarda sistem elə qurulub ki, uşaq yaşlarından bunları görə-görə gəliblər. Uşaq yaşlarından Çempionlar Liqasında, Avropa Liqasında, dünya çempionatında iştirak edirlər. Futbolçu nədənsə çəkinər, təzyiqlə üzləşər - onlarda belə şeylər yoxdur. Biz də oturub fikirləşirik ki, necə edək ki, futbolçular oyunda özlərini sərbəst hiss etsinlər, mübarizələrdə uduzmasınlar, topla daha yaxşı davransınlar, top itkilərimiz az olsun. Onlar isə çox sərbəst, rahatdırlar. Sistemi elə qurublar ki, sanki məktəbə gedib-gəlirlər. Biz isə o səviyyəyə çatmaq üçün hələ neçə yoldan keçməliyik. Bu gün biz onlarla ayaqlaşa bilmərik. Amma çox şeyi yaxşılaşdıra bilərik. Çünki bizim işgüzar, tələbkar məşqçilərimiz var. Mənim tanıdığım məşqçilər futbolla yaşayırlar, nəsə etmək istəyirlər. Onlara bir az da dayaq olmaq lazımdır.
- Məşqçilərimizin futbol savadlılığı hansı səviyyədədir? Necə inkişaf edirlər, xarici təcrübələri necə mənimsəyirlər? Sadəcə oyunlara baxmaqlamı? Yoxsa, bunun üçün ayrıca metodik əsərlər var?
- Məncə, heç bir işdə pik həddə çatmaq lazım deyil. Əgər nəyisə çox axtaracaqsansa, düşünəcəksənsə, istədiyin şeyi əldə edə bilməyəcəksən.
- Yəni "hər şeyin çoxu zərərdir" məsəli?..
- Bəli, tamamilə doğrudur. Məsələn, mənim öz futbol baxışım var. Komandamızın hansı futbolu oynamaq istədiyimi bilirəm. Mən ona uyğun sistem seçirəm. "Barselona"nın bazasında ona görə olmadım ki, orada Xosep Qvardiola və ya başqaları işləyib. Yox. Sırf onların futbol fəlsəfəsinə görə. Bu gün əminliklə deyə bilərəm ki, İspaniya futbolu məhz "Barselona"nın qurduğu futbol sisteminə görə yüksək həddə çatıb. Məncə, indi bütün dünya İspaniyanın futbol modelindən istifadə edir. Sadəcə ora kimsə hansısa detalı əlavə edir, kimsə nəyisə dəyişir. Deyə bilmərəm ki, bu gün məndə bütün klubların strukturu, fəlsəfəsi var. Yoxdur. Çünki olsa, mənə əngəl yaradacaq. İlk dəfə 2011-ci ildə "Barselona"nın düşərgəsində olmuşdum. Onda baş məşqçi Qvardiola idi. Ora gedənə qədər artıq "Barselona"nın bütün iş modeli məndə var idi. İspan ya ingiliscə böyük bir material idi. Azərbaycan dilində tərcümə etdirib kitab halına saldım. Hələ də məndədir. İndinin özündə belə o kitabı bəzən açıram, baxıram, təkrarlayıram. Təsəvvür et ki, bu günün "Barselona"sında həmin modeldən ciddi dəyişiklik olmayıb. Sadəcə illər sonra hansısa xırda detal dəyişilib. Lakin onlar bu modeli daha da yaxşılaşdıra-yaxşılaşdıra gedirlər. Baxırsan ki, düz olan da elə budur. Bəzən uğursuzluq da olacaq. Ümumiyyətlə, bir kollektivi 5 il qoruyub-saxlaya bilirsənsə, ən pik səviyyə sayılır. Komandalara baxırsan, 3-4 il sonra heyət dəyişir, yeni komanda qurmağa başlayırlar, bir az problemlərlə üzləşirlər. Sonra yenə uğur qazanmağa başlayırlar. Yəni, uğur gəlir, gedir, gəlir, sonra bir də gedir. Çünki formalaşmış heyəti qoruyub-saxlamaq çox çətindir. Hələ indiki dövrdə daha da çətindir. Ona görə ki, büdcəsi yüksək olan klublar çoxalıb. İngiltərə, Fransa, İtaliya çempionatlarına baxırsan, yaxşı məşqçiləri, heyəti var. İmkanı olan klublar isə o qədər artıb ki... "Bayer"in kollektivi 2 ilin içində dəyişdi. Heyəti qorumaq çox çətindir. Bizim özümüzdə də həmçinin. Biz hələ pis-yaxşı yaxşı qoruyub saxlaya bilirik. Bir komanda formalaşdırırsan, dərhal futbolçulara təkliflər gəlir. Onları buraxmırsan. Görürsən ki, futbolçu artıq əvvəlki futbolçu deyil, fikri başqa yerdədir. Ona görə yox ki, komandanı istəmir, ya pis futbolçudur. Xeyr. Nə qədər özünü idarə etmək istəsə də, fikrini toplaya bilmir.
- Məsələn, elə sizin futbolçumuz olmuş Juninyonu götürək. Ona təkliflər gələndən sonra əvvəlki Juninyo olmadı.
- Bəli. O, daha yaxşı ola bilərdi.
- "Barselona"dan söhbət düşmüşkən. "Qarabağ" "Qafqazın "Barselona"sı kimi tanınır. Bu, müsbət bir haldır ki, siz o sistemi qura bilmisiniz. Gözümüzün qarşısında "Qarabağ"a neçə-neçə futbolçu ucuz xammal kimi gətirilib, burda inkişaf etdikdən sonra isə bahalı brilyant kimi satılıb. Ortada Kadi, Juninyo nümunəsi var. Amma o da etiraf edilməlidir ki, artıq "Qarabağ"ın oyun sistemini bilməyən qalmayıb. Əvvəllər "Qarabağ"ı tanımırdılar, amma indi tanıyırlar, ciddi şəkildə təhlil edirlər. Təbii ki, bu da nəticələrə təsirini göstərir. Bu, sizə gələcəkdə nə kimi çətinliklər yarada bilər? Artıq sistem dəyişikliyinə getmək haqda düşünürsünüzmü?
- Dediyim kimi, biz hansısa böyük dəyişiklik etsək, daha çox problemimiz yaranacaq, nəinki eyni sistemdə qalsaq. Çünki bu günə kimi qazandığımız kiçik uğurlar bu sistemə görə olub. Əlbəttə, birincisi, icraçılar çox önəmlidir. Hansısa oyunlarda bəzi dəyişikliklər etmişik. Bunlar xırda şeylərdir. Oyunun gedişatında olan dəyişikliklərdir. Amma bizim üçün vacib olan 4-5 tələbimiz, düsturumuz var. Hansı ki, biz onlardan heç vaxt əl çəkməli deyilik. Birincisi, əlbəttə ki, topa sahib olmaqdır. Bu o demək deyil ki, bütün 90 dəqiqə topa sahib olmalıyıq. Xeyr. Futbolçu bunu mütləq dərk etməlidir. Futbolu nə ilə oynayırlar? Top ilə. İstər müdafiə futbolu oynayım, istərsə də hücum, mən əgər topu düzgün idarə edə bilməsəm, nəticə qazana bilmərəm. O demək deyil ki, mən sırf "Barselona"nın taktiki düzülüşü ilə oynamalıyam. Sadəcə onların fəlsəfəsi budur ki, topa sahib olasan. Mən özüm topa düzgün sahib olmalıyam.
Əgər mən onu edə bilməsəm, futbol oynaya bilmərəm. Futboldan uzaq olsa da, həmişə misal gətirirəm. Təsəvvür edin ki, maşındasız. Sükanı düz idarə edə bilməsəz, qaydalara uyğun necə sürə bilərsiniz? Futbolda da belədir. Topu özümdə elə saxlamağa çalışmalıyam ki... Suala konkret cavabı gəlincə, sırf "Barselona"nın iş sistemi, strukturu məndə var. Bu sistemdən kənara çox çıxmaq istəmirəm.
- "Barselona"dan Azərbaycana gələk. Ötən mövsümün yekunu ilə bağlı sual verməyəcəyəm, bu haqda yetərincə danışmısınız deyə, təkrarçılığa getməyə də ehtiyac yoxdur. Sizin media ilə münasibətlərinizə toxunmaq istəyirəm. Düzdür, siz UEFA-nın və Peşəkar Futbol Liqasının tələblərinə əsasən, hər oyundan sonra mətbuat konfransları keçirirsiniz və suallara adətən səbr və təmkinlə cavab verirsiniz. Amma görürəm ki, orada bəzən sizi qıcıqlandıran, əsəbiləşdirən suallar da olur. Bu da jurnalistlərin işinin bir parçasıdır. Belə görürəm ki, mətbuat konfranslarını kənara qoysaq, özəl müsahibələr verməkdən sanki qaçırsınız. Məsələn, sizi son illər ümumiyyətlə, televiziya verilişlərində görmürük.
- Bilirsiniz, mənim öz işim var. Mən televiziyaya çıxmaq üçün işləmirəm. Çox nadir hallarda televiziyaya çıxıram, müsahibə verirəm. Bəzən ildə 1 dəfə olur. Bəzən özümü tam kənarda qoymaq kimi olmasın deyə razılıq verirəm. Ümumilikdə isə bu, işin mənə aid olmayan tərəfidir. Onsuz da mən jurnalistlərlə kifayət qədər görüşürəm. Çünki hər həftə oyunlarımız, mətbuat konfranslarımız olur. Kimi hansı sual maraqlandırırsa, verə bilər. Özünüz də görmüsünüz ki, Avroliqa oyunlarından sonra 40-45 dəqiqə mətbuat konfransı keçirmişik. Sualları canla, başla cavablandırmağa hazıram. Televiziyalara isə çıxıb çox da üzdə olmaq, təkrarçılıq etmək istəmirəm. Məşqçilərin ayrı-ayrılıqda bütün müsahibələrinə baxsaq, bəlkə də eyni suallar, eyni cavablardır. Onsuz da futbol belədir. Ona görə deyirəm ki, biz bizə lazım olanı təkrar etsək, o qədər yaxşı olacağıq. İstənilən müsahibəyə bax, hamımız meydança problemlərindən, strukturdan, uşaq futbolundan, akademiyalardan danışırıq. Mən nə cavab verəcəyəm? Mən də deyəcəyəm ki, akademiyaları, meydançaları yaxşılaşdırmaq lazımdır. Bunu da hamı bilir. Hər dəfə təkrarlamaq... Hətta indi sual verirsən ki, meydança amili var. Bir şeydən nə qədər danışmaq olar? Mən özüm də əgər indi vəziyyəti istədiyim kimi yaxşılaşdıra bilmirəmsə, deməli, hələ o səviyyəyə gəlib çatmamışıq, ölkə futbolu olaraq o səviyyədə deyilik. Məncə, nə qədər uzaq olsaq, o qədər yaxşıdır. Bu, o demək deyil ki, biz kiməsə hörmətsizlik etmək istəyirik, özümüzü kənara çəkirik.
İdman.biz