Azərbaycan millisinin üzvü Lorenzo Mezzotero karyerasını İtaliyanın "Sampdoriya" klubunda davam etdirəcək.
18 yaşlı hücumçu son vaxtlar Avropanın bir sıra klublarının diqqətini cəlb etmişdi.
Onun "Sampdoriya"dan ayrılacağı və daha iddialı komandaya keçəcəyi ilə bağlı ehtimallar gündəmə gəlmişdi. "Yuventus", "Borussiya Dortmund" və Belçikanın "Brügge" klublarının gənc futbolçu ilə maraqlandığı bildirilirdi.
Lakin Genuya təmsilçisi istedadlı hücumçunu əldən vermək niyyətində deyil.
Klubun yaydığı son məlumata görə, tərəflər müqavilənin müddətinin 2030-cu ilin yayına qədər uzadılması ilə bağlı razılıq əldə ediblər. Yeni anlaşmada "göy-qırmızılar"ın müqaviləni daha 1 il uzatmaq hüququ da nəzərdə tutulub.
Beləliklə, digər klubların marağına baxmayaraq, "Sampdoriya" gənc hücumçunu gələcək layihəsinin vacib fiqurlarından biri kimi görür.
Mezzotero son aylarda həm klubda, həm də millimizin ətrafında diqqət mərkəzində olub.
Azərbaycan U-21 millisində çıxış edən futbolçu baş məşqçi Ayxan Abbasov tərəfindən ilk dəfə əsas milliyə dəvət almışdı. Onun Lixtenşteyn və Andorra ilə oyunlarda debüt edəcəyi gözlənilirdi.
Lakin hücumçu "Karrareze" ilə çempionat matçında zədələndiyindən millinin son toplanışına qoşula bilmədi.
"Sampdoriya" AFFA-ya göndərdiyi məlumatda futbolçunun zədəli olduğunu bildirib. Mezzoteronun əsas millidə rəsmi debütü baş tutmuşdu.
Xatırladaq ki, Lorenzo Mezzoteronun Azərbaycanla xüsusi bağlılığı var.
İtaliyanın Monza şəhərində dünyaya gələn futbolçunun atası uzun illər Azərbaycanda neft sektorunda çalışıb. Məhz atasının işi ilə əlaqədar ailəsi 2014-cü ildə Bakıya köçüb.
Mezzotero futbolda ilk addımlarını "Qarabağ"ın uşaq komandalarında atıb, daha sonra "Neftçi"nin akademiyasında çıxış edib. O, 2020-ci ildə koronavirus pandemiyası dönəmində ailəsi ilə birlikdə İtaliyaya qayıdıb və sonrakı karyerasını bu ölkədə davam etdirib.
2024-cü ildə "Sampdoriya"ya qoşulan hücumçu hazırda klubun əsas komandasında da şans qazanır.
HƏBİB / SPORTİNFO.AZ