Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən təşkil edilən Region Liqasında çıxış edən "Lənkəran" komandasının yarımmüdafiəçisinin "Zəfər-44" klubunun qapısına vurduğu möhtəşəm qolun videosu sosial şəbəkələrdə xüsusi rəğbətlə qarşılanıb.
İdman.Biz-in əməkdaşı baxımlı qola imza atan Tuncay Babayevlə əlaqə saxlayaraq, həvəskar futbolçudan müsahibə götürüb.
- Tuncay, özünüz barədə danışın. Haralısınız və "Lənkəran"a necə gəldiniz?
- Özüm Yardımlıdanam, 19 yaşım var. Atam həmişə çox istəyirdi ki, mən futbol oynayım, ona görə də məni futbol bölməsinə qoydu. "Zirə" və "Şamaxı"nın əvəzedici komandalarında çıxış etmişəm. "Şamaxı"dan sonra ümumiyyətlə futboldan uzaqlaşdım, çünki ürəyimcə olmadı. Mənə orada çox ədalətsiz yanaşdılar, klubdan uzaqlaşdırdılar. Üstəlik, tək mənə yox - Məqsəd Yaqubəliyevin rəhbərliyi altında məşq edən bütün futbolçulara eyni münasibəti göstərdilər. O, komandadan ayrıldıqdan sonra bizi sözün əsl mənasında sıxışdırıb uzaqlaşdırdılar.
- Bəs nə vaxt futbola qayıtdınız? "Lənkəran"ın heyətinə necə düşdünüz?
- Bu, Rəhman müəllimin - klubumuzun prezidentinin sayəsində oldu. O, mənim komandasında oynamağımı çox istəyirdi, çünki əvvəllər onun oğlu ilə bir yerdə oynamışıq. Məni qayıtmağa inandırdı. Mən də iki həftə əvvəl kluba qoşuldum.
- Və iki həftədən sonra belə möhtəşəm qol vurursunuz?! Zərbəni məqsədli endirmişdiniz, yoxsa qol təsadüfi alındı? Axı qapıya olan məsafə 30 metrdən çox idi...
- Yox, məqsədli vurdum, qapını görürdüm və ümid edirdim ki, top qapıdan keçəcək. Topu hazırlayıb zərbə vurdum - və qol oldu (gülür).
- Deməli, futbola qayıtdığınıza peşman deyilsiniz?
– Xeyr. Futbol həyatımın bir parçasıdır. Başa düşdüm ki, futboldan ayrı yaşaya bilmirəm.
- Amma yaşamaq üçün qazanmaq da lazımdır. Regional liqada futbolçulara yaxşı maaş verildiyini düşünmürəm...
- Düzünü desəm, heç maaş verilmir də (gülür). Buna görə də əksərimiz futbolu zövq üçün oynayır, ailəni dolandırmaq üçün isə başqa yerdə işləyirik. Regional liqada demək olar ki, hər futbolçunun əlavə işi var. Mən, məsələn, "Makdonalds"da aşpaz işləyirəm.
- Birdən sabah orada sizə desələr ki, gərək seçəsən - iş, ya futbol...
- Yox, elə deyəcəklərini düşünmürəm. Baxmayaraq ki, bəzən deyirlər (gülür). Amma çalışıram ki, hər şeyə vaxt tapım və işi ikinci plana atmayım. Yenə də deyirəm, futboldan ayrı qala bilmirəm. Fürsətdən istifadə edib Lənkəran rayonunun sakinlərinə müraciət etmək istəyirəm: gəlin, bizi dəstəkləyin! Biz sizin üçün oynayırıq və azarkeş dəstəyini hiss etmək istəyirik! Bizim tək arzumuz "Xəzər Lənkəran"ın o çempionluq günlərini qaytarmaqdır! Görürsünüz ki, biz nə pul üçün, nə də hansısa imtiyaz – maşın, ev üçün oynayırıq. Biz cənub bölgəsində futbolun inkişafı, klubun nüfuzunun bərpası üçün mübarizə aparırıq. Və bunun üçün sizin dəstəyinizə çox ehtiyacımız var!
- Ümid edirəm, azarkeşlər sizi eşidəcəklər.
- Mən də buna çox ümid edirəm və onları növbəti oyunlarımızda gözləyirəm.
Vüqar Vüqarlı