"Çelsi"nin və İngiltərə millisinin keçmiş müdafiəçisi Eşli Koul İtaliyanın B Seriyasında yer alan "Çezena" klubunun baş məşqçisi oldu.
İdman.Biz bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssis köməkçi işlədiyi İngiltərənin 21 yaşadək futbolçulardan ibarət komandasının məşqçilər heyətindən ayrılıb. Koul əvvəllər "Everton"da Frenk Lempardın, "Birminhem"də Ueyn Runinin və İngiltərə millisində Li Karslinin köməkçisi olub. Bu, Kolun baş məşqçi kimi ilk təcrübəsi olacaq.
Xatırladaq ki, Eşli Koul daha çox "Arsenal" və "Çelsi"dəki çıxışları ilə tanınır. O, İngiltərə millisində 107 oyun keçirib.
"Çezena" hazırda B Seriyası turnir cədvəlində səkkizinci yerdədir və pley-offa vəsiqə uğrunda mübarizə aparır.