"Bu oyun əvvəldən planda yox idi. İki gün əvvəl qərar verdik ki, "Konyaspor"la qarşılaşaq. Üç gün əvvəl isə "Alanyaspor"la gücümüzü sınadıq".
İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Konyaspor"la yoxlama oyunundan sonra deyib.
Təcrübəli mütəxəssis 1:2 hesablı məğlubiyyətə baxmayaraq, komandanın oyunundan razı qalıb: "3 gün ərzində Super Liqanın iki klubu ilə qarşılaşmaq ağır olsa da, meydana çıxan futbolçular yaxşı iş görməyə çalışdılar. Xüsusilə də müdafiə xəttində dəyişikliklər etmişdik. Müxtəlif variantları yoxlamaq istədik. Səhvlərimiz oldu və rəqib də bundan istifadə etdi. Əlbəttə, yoxlama oyununda nəticə yox, futbolçuların meydanda gördüyü, etdiyi işlər vacibdir. Məğlub olsaq da, komandamın apardığı mübarizədən, göstərdiyi oyundan narazı qalmadım. Məşqlərdə göstərilənləri reallaşdırmağa çalışırlar. Ancaq düzəltməli olduğumuz elementlər var ki, bunu düzəltmək üçün məşqlərdə çox işləməliyik".
Qeyd edək ki, Konfrans Liqasında yarışacaq "Araz-Naxçıvan"la "Aris" arasında mərhələnin ilk oyunu iyulun 24-də Bakıda, cavab matçı isə ayın 31-də Yunanıstanda baş tutacaq.
İdman.biz