21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Bernard Lippert Bakıya gəlir.
Bu barədə "Report"a 64 yaşlı almaniyalı mütəxəssis məlumat verib.
O, Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə əlaqədar ölkəmizə səfər edəcək.
"Çərşənbə günü Bakıda olacağam. Səfərim U-15 dünya çempionatı ilə bağlıdır. Çünki mən FIFA-da ekspert kimi fəaliyyət göstərirəm".
U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.
Xatırladaq ki, Bernard Lippert 2009-2014-cü illər aralığında tanınmış həmyerlisi Berti Foqtsun köməkçisi qismində milli komandamızda çalışıb. Bununla yanaşı, AFFA-nın texniki direktoru (2008-2020), U-21 yığmamızın baş məşqçisi (2009-2014) vəzifələrini tutub.
Onun son iş yeri Qana millisi olub. 2020-ci ildən 2023-cü ilin oktyabrına qədər adıçəkilən komandada texniki direktor kimi fəaliyyət göstərib.