"Qarabağ" kimi, "Sabah" da avrokuboklarda sözünü deyən komandaya çevrilib.
Bunu "Report"a açıqlamasında futbol mütəxəssisi Mirbağır İsayev deyib.
O, "Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi "KuPS"u hər iki oyunda məğlub etməsi barədə danışıb:
"Sabah" Azərbaycan klubları arasında hazırda ən sabit və baxımlı futbol nümayiş etdirən komandadır. Ötən mövsüm Premyer Liqadakı çıxışı ilə də bunu sübut etmişdi. Əvvəl tək "Qarabağ" sözünü deyirdisə, artıq "Sabah" da bu mübarizəyə qoşulub. Bu, çox sevindirici haldır. Komanda hazırda çox sürətli və inamlı futbol oynayır. Bu gedişatın "Sabah"ı Çempionlar Liqasının əsas mərhələsinə aparıb-aparmayacağını deyə bilmərəm. Lakin onlar ən pis halda Konfrans Liqasının Liqa mərhələsində çıxış edəcəklər. Düşünürəm ki, komanda burada uğur əldə edəcək. Lakin hadisələri qabaqlamayaq, "Sabah" bir qədər də irəli gedə bilər".
O, "KuPS"la matçda tərəflərin ilk hissədə bərabər oyun sərgilədiyini, lakin ikinci yarıda "Sabah"ın üstünlüyü ələ aldığını bildirib:
"Sabah"ın oyununu çox bəyənirəm. Ürəyimcə olmayan tək məqam odur ki, qol fürsətlərini çox boşa verirlər. Səfər matçında da bunu gördük, evdəki qarşılaşmada da eyni ssenari yaşanmışdı. Əslində, "Sabah" Bakıdakı qarşılaşmada cütün taleyini həll edə bilərdi".
M.İsayev "Sabah"ın III təsnifat mərhələsindəki potensial rəqibləri olan "Orhus" (Danimarka) və "Lex" (Polşa) komandalarını da dəyərlənidirib:
"İlk matçda "Lex" 4:1 hesablı qələbə qazanıb. Böyük ehtimalla rəqib "Lex" olacaq. "Sabah"ı bu komandadan zəif hesab etmirəm. Sadəcə, gözləyərək, rəqib dəqiqləşsin. "Orhus" da mübariz komandadır".
Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu hər iki oyunda məğlub edib (1:0, 2:0).