Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsini uğurlu nəticə ilə başa vurmaq istəyir.
"Report" AFFA-ya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Rəşad Eyubov deyib.
Mütəxəssis seçmə mərhələdə Cəbəllütariqlə son oyunu dəyərləndirib:
"Komandanın hazırlığından razıyam. Bizi qarşıda seçmə mərhələnin son oyunu gözləyir və bu matçda müsbət nəticə əldə etmək istəyirik. Futbolçularımızdan, onların enerjisindən, inkişaf etmək istəyindən və milli komandaya faydalı olmaq həvəsindən çox razıyam. Bu toplanış bizi daha da birləşdirdi. Seçmə mərhələni müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycan – Cəbəllütariq oyunu sabah, saat 17:45-də "Əlincə Arena"da keçiriləcək. Azərbaycanın U-21 millisi yer aldığı B qrupunda 9 oyundan sonra 7 xalla beşinci sırada yer alıb. Hesabında xal olmayan Cəbəllütariq isə sonuncu - altıncıdır.