Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə həyata keçirilən "Çempionlarla bir ay" layihəsi çərçivəsində 14, 16 və 18 yaş qruplarından olan perspektivli şahmatçılar üçün oktyabr ayı ərzində "ustad dərsləri" keçirilib.
Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Layihə çərçivəsində ümumilikdə 6 qrossmeysterin iştirakı ilə 7 "ustad dərsi" təşkil olunub.
Tanınmış şahmatçılar, Avropa çempionları Rauf Məmmədov, Eltac Səfərli, Azərbaycan çempionu Məhəmməd Muradlı, Dünya Kubokunun qalibi Teymur Rəcəbov, Aydın Süleymanlı və Avropa çempionu Şəhriyar Məmmədyarovun "ustad dərsləri"ndə gənc şahmatçılar debüt seçimi, tipik mövqe qiymətləndirilməsi, mərkəz uğrunda mübarizə və qərarvermə mərhələsində düzgün hesablama texnikası mövzularında biliklərini artırıblar.
Həmçinin partiya təhlilləri aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. "Çempionlarla bir ay" layihəsi noyabrda da davam etdiriləcək.