Monteneqronun Budva şəhərində şahmat üzrə klublararası Avropa Kubokunun sonuncu, yeddinci turunun görüşləri keçirilib.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında Azərbaycanın "Vüqar Həşimov" klubu Türkiyənin "Pausu" komandasını 5,5:0,5 hesabı ilə məğlub edərək turniri qələbə ilə başa vurub.
Bu nəticədən sonra Azərbaycan təmsilçisi komanda xallarının sayını ona çatdırıb. Xatırladaq ki, son tur ərəfəsində "Vüqar Həşimov" 108 iştirakçı arasında 17-ci pillədə qərarlaşmışdı.
Qadınların mübarizəsində isə "Odlar Yurdu" Serbiyanın "Sirmium Sremska Mitrovitsa" klubuna 0,5:3,5 hesabı ilə uduzub. Həlledici turdan əvvəl on xalla üçüncü yerdə olan Azərbaycan komandası bu məğlubiyyətlə medal qazanmaq imkanını itirib.
Kişilərin yarışında Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin "Baegan Pendik" klubunun görüşü də diqqət mərkəzində olub. Komanda son turda turnirin son qalibi, Rumıniyanın "SuperChess Romania" kollektivi ilə qarşılaşıb. Görüşdən əvvəl hər iki klubun hesabında 11 xal olub və onlar ilk üçlükdə yer alıblar. Məmmədyarov isə rumıniyalı qrossmeyster Boqdan-Daniel Dyakla üz-üzə gəlib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə yeddi turdan ibarət Avropa Kubokunda ümumilikdə 130 klub - açıq turnirdə 108, qadınların yarışında isə 22 komanda iştirak edib.