Əgər Lorenzo Mezzotero həqiqətən zədələnməyi imitasiya edibsə və "Sampdoriya"nın heyətində qol vurduqdan sonra İtaliya millisinə düşmək ümidini hələ də qoruyursa, bu, Azərbaycanla az da olsa əlaqəsi olan futbolçu axtarışında daha bir məyusedici cəhddir.
Futbolçuların əvvəlcə Azərbaycan millisində oynamaqdan imtina etməsi ilə bağlı kifayət qədər nümunə var. Məsələn, Moskva "Dinamo"sunun futbolçusu Ülvi Babayev. Yaxud "Krasnodar"ın istedadlı hücumçusu Eldar Hüseynov. Görünür, o da Azərbaycan millisində oynamaq istəyir, amma hələlik bu, alınmır.
Təəssüf ki, Azərbaycan millisi Mərakeş deyil. Mərakeşdə bir çox futbolçu Qərb ölkələrinin akademiyalarında və klublarında doğulub, böyüyüb, futbolçu kimi formalaşıb. Buna baxmayaraq, onların böyük əksəriyyəti öz ölkələrinin millisindən dəvət alanda bunu məmnuniyyətlə qəbul edir. Yamal isə hər mənada istisnadır. Üstəlik, Mərakeş futbol baxımından ciddi inkişaf yolu keçib.
Əslində, belə ölkələr az deyil. Azərbaycanın timsalında isə xaricdə çıxış edən və orada yetişən futbolçular tarixi vətənlərinin təmsilçisinə çevrilməyə həmişə həvəs göstərmirlər. Çünki bu halda onlar öyrəşdikləri mühitdən uzaq düşə, bununla da bir çox karyera imkanlarını itirə bilərlər. Belə vəziyyətdə Azərbaycan çempionatında çıxış edən kluba keçid karyeralarını davam etdirmək üçün variantlardan birinə çevrilə bilər. Ancaq görəsən, bu, onların planlarına daxildirmi? Heç də əmin deyiləm.
Lorenzo Mezzotero isə aşağı yaş qrupları üzrə millilərdə çıxış etdikdən sonra müəyyən təəssüratlar əldə etmiş, bəlkə də, oradakı mühitdən istədiyini almamışdı. Ola bilsin, o, sadəcə İtaliya millisi ilə bağlı xəyallara qapılıb. Hər halda, general olmaq arzusu niyə də pis olsun? Bununla belə, italiyalı-azərbaycanlı futbolçu bu barədə rəsmi açıqlama verməyib. Mediaya sızan məlumatlar isə bəlkə də onun soyadına, klubuna, istedadına və hekayəsinə ümid bağlayanların məyusluğundan qaynaqlanır.
Hər halda, əgər vəziyyət həqiqətən belədirsə, deməli, ilk növbədə özümüzdən başlamalı və bundan nəticə çıxarmalıyıq. Öz futbol Mərakeşimizi yaratmalıyıq.
Eldar Hüseynzadə