Azərbaycanın minifutbol millisi Slovakiyanın Bratislava şəhərində keçirilən Avropa Çempionatının finalına vəsiqə qazanıb.
İdman.Biz-in məlumatına görə, Azərbaycan komandası yarımfinal matçında Serbiya ilə qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Xətai Bağırov 12-ci dəqiqədə hesabı açıb. 15-ci dəqiqədə Serbiyanın heyətindən Marko Vujoviç hesabı bərabərləşdirib.
Qalib penaltilər seriyasında müəyyənləşib və Azərbaycan komandası 3:1 hesabı ilə qalib gəlib. Qolları Elvin Əlizadə, Təmkin Xəlilzadə və Ramiz Çovdarov vurublar.
Finalda yığmamızın rəqibi Ukrayna olacaq.
Xatırladaq ki, millimiz 2022-ci ildə Avropa, 2025-ci ildə isə dünya çempionu olub.
09:24
Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinal oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi millimiz yarımfinal mərhələsində Serbiya seçməsi ilə qarşılaşacaq.
Bratislavadakı "Tipos Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Yarımfinalın digər cütündə isə Macarıstan və Ukrayna milliləri finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Bu qarşılaşmanın start fiti saat 21:15-də veriləcək.
Xatırladaq ki, Azərbaycan yığması qrup mərhələsini maksimum nəticə ilə başa vurub. Komandamız F qrupunda Avstriya üzərində 1:0, İtaliya üzərində 3:0, Fransa üzərində isə 3:2 hesablı qələbə qazanıb.
Pley-off mərhələsində də uğurlu çıxışını davam etdirən millimiz əvvəlcə Qazaxıstanı 3:2, daha sonra isə Çexiyanı 5:2 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.