ABŞ-nin Fort Loderdeyl şəhərində keçirilən MLS Kubokunun finalından sonra Almaniya millisinin təcrübəli futbolçusu, "Vankuver Uaytkeps" komandasının hücumçusu Tomas Müller gələcək mövsümlə bağlı iddialı açıqlamalar verib və komandasının titul üçün yenidən mübarizəyə qayıdacağına inandığını bildirib.
İdman.Biz xəbər verir ki, Müller qarşılaşmadan sonra azarkeşlərlə görüş zamanı qeyd edib ki, komanda gələn il finala daha güclü şəkildə qayıdacaq, bu mövsümdə isə qələbəyə çox yaxın olduqlarını düşünüb. O, oyunda bir neçə dəfə topun dirəyə dəydiyini də vurğulayıb.
Təcrübəli futbolçu bildirib ki, qarşılaşma boyunca rəqibi təzyiq altında saxlayıblar, lakin bəxt onların tərəfində olmayıb. Müller Jordi Alba və Serxio Busketsin zəngin karyeralarını da xüsusi qeyd edərək onlara təbriklərini çatdırıb. Hakim idarəçiliyinin oyunun ritmini pozduğunu deyən alman futbolçu, davamlı mübahisələrin qarşılaşmanın keyfiyyətinə mənfi təsir göstərdiyini söyləyib.
O, məşhur futbolçularla olan şəxsi rəqabətə də toxunub. Müllerin sözlərinə görə, Lionel Messi həmin oyunda üç məhsuldar ötürmə ilə fərqlənib və bu duel məhz onun xeyrinə həll olunub. Alman futbolçu açıq şəkildə etiraf edib ki, məhz Messi titulun qazanılmasında həlledici rol oynayıb.
Qeyd edək ki, bir müddət əvvəl Müller iddialı açıqlama verərək "finalda Messini yenidən ovlayacağını" demişdi.
Sonda Müller qarşıdakı dünya çempionatı barədə də danışaraq komandanın əsas hədəfinin qrup mərhələsini keçmək olduğunu bildirib və turnirdə uğurlu çıxışa ümid etdiyini vurğulayıb.