top
"Rəşad Sadıqov: "Gözəl şəkildə ayrıldıq, amma mənim üçün böyük itkidir" - MÜSAHİBƏ Sport24.az
Dünən, 15:00
- +

"Rəşad Sadıqov: "Gözəl şəkildə ayrıldıq, amma mənim üçün böyük itkidir" - MÜSAHİBƏ

Ötən mövsüm Misli Premyer Liqasında gümüş medal qazanan, Konfrans Liqasında isə pley-offa qədər yüksələn "Zirə" qış fasiləainə 4-cü pillədə yollanıb. Maraqlıdır ki, "qartallar" ötən il fasiləyə daha az xal (onda 29, indi 30) ehtiyatı ilə yollansalar da, 2-ci yerdə idilər. Komandanın baş məşqçisi Rəşad Sadıqov Sport24.az-a verdiyi müsahibədə həm statistik göstəricilərə toxundu, həm rəqabətdən danışdı, həm də hakimliyə dair suala aydınlıq gətirdi.

- Müsahibəyə mövsümün ilk yarısı barədə ümumi fikirlərinizi almaqla başlamaq istəyərdim…
- Ümumən götürsək, gözlədiyimdən də ağır və gərgin keçdi. Əslində, ötən mövsümün sonu dərindən nəfəs aldıq ki, ağır bir mövsümdən çıxdıq və yəqin ki, növbəti mövsüm daha asan olacaq. Amma tam əksinə, komandalar ustalıqlarını, peşəkarlıq səviyyələrini artırdılar. Ötən mövsümdən daha ağır və gərgin yarışın içindəyik. Mövsümün əvvəlində mənə desəydilər ilk yarı üçün 30 xal necədir, razı olardım. Çünki ötən mövsümdə qış fasiləsinə 29 xalla getmişdik. Sonda 58 xal ikinci yerə kifayət etdi. Amma nəzərə alsan ki, "Araz Naxçıvan" 9, "Turan Tovuz" 2 xal səndən öndədir, bu, bir az krtiteriyaları dəyişir. Bu səbəbdən özümüzə qarşı daha tələbkarıq. İstəyirik ki, önümüzdəki komandalarla xal fərqini azaldaq və ya birini keçək. Digər tərəfdən baxırsan ki, geridə "Sabah" və "Neftçi" var. İkisi də iddialı, potensialı yüksək komandalardır. Bilirik ki, qış fasiləsindən sonra mütləq şəkildə artıracaqlar. Onlardan irəlidə olmağımız hardasa bizim üçün sevindirici haldır. Amma bilirik ki, daha tələbkar, iddialı və əzmkar durumda olacaqlar. Digər tərəfdən "Sumqayıt" da çox rəngarəng və baxımlı futbol oynayır. Son 5-6 turda iddialırını ortaya qoydular. Aşağı pillələrdəki "Kəpəz", "Şamaxı" və "Səbail"də də əzmkar kollektiv formalaşdırılıb. Hətta deyərdim ki, "Şamaxı" 5-liyə yaxın ola bilərdi. Bir çox oyunlarda son dəqiqələrdə buraxdığı qollar onları bu iddiadan uzaq saldı. Düşünürəm ki, qış fasiləsindən sonra daha yaxşı "Şamaxı" görəcəyik. "Qarabağ" həmişə olduğu kimi çempionatımızın favoritidir. Rəqiblər üstündə üstünlük yaradan, baxımlı futbol oynayan bir komandadır. Belə baxanda çox rəgarəng bir çempionatımız var. Düşünürdüm ki, bu mövsümdə çempionat bizim üçün daha rahat keçər. Söhbət ondan getmir ki, 3, 4 ya 5-ci yeri tutarıq. Yəni daha az stressli keçər. Tam əksi oldu. Ötən mövsümdən daha stressli keçdi, qəti rahatlaşa bimirik. Amma bunun bizə və digər komandalara faydası var. Rəqabət həmişə daha çox işləməyə səbəb olur. Daha diqqətli olmağa vadar edir və bu da inkişafın yollarından biridir. Qış fasiləsindən sonra necə olacağını əvvəldən proqnozlaşdırmaq olmur. İnanıram ki, yekunda qarşımıza qoyulan hədəflərə çata biləcəyik.

- Maraqlıdır ki, ilk dövrəni heç-heçəsiz tamamladığınız halda, növbəti 9 oyunun üçündə "sülh" bağladınız. Xalların dəyəri artdı ki, daha ehtiyatlı davranmağa başladınız, yoxsa bu, sadəcə, bir statistik göstəricidi?
- Ötən mösüm çox heç-heçə etmişdik. Baxdıqda, təhlil etdikdə, məşqçi heyəti olaraq danışırdıq ki, iki bərabərlikdənsə, bir oyun udub, birini uduzmaq bəlkə də daha yaxşıdır. Düzdür, mən bunu futbolçularla öz aramda danışmırdım. Amma bunu həqiqətən düşünməmişdim ki, futbolçularla bu barədə danışım. Qismətdən elə oldu ki, biz xeyli oyunlarda ya qələbə qazandıq, ya məğlub olduq. "Sabah"la 94-cü dəqiqədə bərabərə qaldıq, "Araz Naxçıvan"la son dəqiqələrdə qol buraxdıq, "Turan Tovuz"la ev oyununda bərabərə qaldıq. Qeyd etdiyiniz kimi turlar keçdikcə hər xal çox önəmli olur. Ən azından düşünürsən ki, rəqib bu tur fərqi 3 xal dəyişməsin.

- İlk dövrədə 0, ikinci dövrə 3 heç-heçə. Silsilə davam etsə, üçüncü dövrədə 6, son dövrədə isə bütün oyunları heç-heç edəcəksiz...
- Deməzdim (gülür)... Mənim üçün ən önəmlisi yekunda komandanın yaxşı futbolla qarşıya qoyulan hədəflərə çatmasıdır. Bu 5 heç-heçə ilə də ola bilər, 5 məğlubiyyətlə də.. Əsas yekun nəticədir.

- Daha bir sual statistikayla bağlıdı: aktivində 30 xal olan "Zirə" hər dövrədə 15 xal qazanıb. Bu, sabitlik nümunəsidi, yoxsa təsadüfdü? Maraqlıdı, strateji planlama var idisə, qış fasiləsinə neçə xalla çıxmağı hədəfləmişdiniz?
- Həmişə bu hesabatları təqribi aparırıq. Adətən təqribən 60 xal ilk 3-lüyü göstərirdi. Ötən mövsüm isə 58 xal ikinci yeri tutmağa kifayət etdi. Ümumən hər dövrəyə 15-17 xal hədəfləyirəm. Bu il elə oldu ki, hər iki dövrədə 15 xal əldə etdik. Bu gedişat bizə yekunda istədiyimiz nəticəni qazanmağa kifayət edib-etmyəcəyinə dair bumövsümkü çempionata proqnoz vermək olmur. 60 xal sual altındadır.

 

"Onları nəzərə alıb qış fasiləsində transfer etmədik"

 

- Rəqib komandalardan sizi ən çox təəccübləndirən "Araz-Naxçıvan" oldu, yoxsa "Turan-Tovuz"?
- Hər ikisi. Oxşar tərəfləri var. Möhkəm kollektiv formalaşdırıblar. İntizamlı, istəkli və meydanda ilk dəqiqədən sona qədər böyük əzmkarlıq nümayiş etdirən iki kollektiv var. Hər ikisinin özünə uyğun oyun fəlsəfəsi var. Builki çempionatda özlərini bu qədər yaxşı tərəfdən göstərəcklərini gözləmirdim. İnkişaf olacağını gözləyirdim, amma bu qədər tutduqları mövqedə və oyun plannda möhkəmlənəcəklərini gözləmirdim. Baxırsan ki, hansısa komanda yüksəlişə, hansısa enişə gedir. Bizim üçün lazım olan stabillyi qorumaqdır, önümüzdə olan turlarda xal ehtiyatını artırmaqdır.

- Heyətə nəzər saldıqda nələri görürsünüz? Yəni heyət bu qədər komplekləşib ki, qışda transfer görmürük?
- Transferə ehtiyacımız var. Sadəcə, klubdaxili məsələlər var ki, onları nəzərə alıb qış fasiləsində transfer etmədik. Yay transfer pəncərəinin son dönəmində Ayron Qomis və Yusuf Lavalı transfer etdikdə artıq başa düşürdük ki, qışda transfer edə biılməyəcəyik. Əslində, hər iki transfer bizim üçün ekstra idi. Rəhbərlikdən xahiş etdim. Avrokuboklarda uğurlu çıxışımızı da nəzərə alaraq, iki əlavə transferə şərait yaradıldı.Bu səbəbdən bunu nəzərə alıb, qış fasiləsində transfer haqda düşünmürük. Əlbəttə, hansısa istisnanı istisna etmirik, amma hər an kimsə gedə və ya gələ bilər. "Transfer pəncərəsi" açıq olduğu müddətdə hər şey baş verə bilər. Amma axtarışlarımız yoxdur.

- Baş məşqçi obrazında Rəşad Sadıqov çox dəyişib, yoxsa hakimlərimizin komandanıza qarşı daha ədalətli davrandığını düşünürsünüz? Hər halda, əvvəlki mövsümlərdən fərqli bu il hakimlikdən daha az narazı qalırsınız…
- Çox vaxt oyunlarda soyuqqanlı olmağa çalışıram. Bəzən istər hakim səhvləri, istər komandanın zəif çıxışı və ya oyunun nəticəsi emosiyaları daşdırır, əsəbləşirsən, gərgin olursan. Amma hakimlərin çıxışını dəyərləndirmək istəyiriksə, əvvəlki 4 mövsümlə müqayisədə hakim səhvləri azdı və oyunlar yüksək səviyyədə idarə olunur. Hakimlərin məşqçilərlə kommunikasiyası da yaxşıya doğru gedir. Əvvəllər nəyəsə etiraz edəndə hakimər bunu aqressiv qarşılayırdılarsa, indi daha anlayışlı qəbul edirlər. İndi elə yanaşırlar ki, sən növbəti epizodda özün etiraz edə bilmirsən. Bu yöndə dəyişiklik olub. Tək mən yox, digər məşqçilərdə də bu hal var. Səhvlər olub, bizim və ya rəqiblərimizin oyunlarında da olub. Amma heç kim qərəz və ya başqa nəsə var demir. Çünki hansı səhvin futbolda olub-olmayacağını bilirik. İlk iki dövrədə hakimlər yüksək performans göstəriblər. Ümid edirəm ki, fasilədən sonra da mövsümün sonunadək belə olar.

 

"Çox istərdim ki, bu yayda da avrokubokda iştirak edək"

- Bu avrokubok mövsümündə kifayət qədər uğurlu çıxış etmiş komandanızın növbəti mövsüm üçün analoji turnirdə iştirak şansını necə dəyərləndirirsiniz?
- Ötən il son 3 vəsiqə uğrunda 5 komanda son 7-8 tura qədər mübarizə apardı. Amma iddialı komandaların sayı bu qədər deyildi. Bu il fərqlidir. Nəzərə alsaq ki, "Sabah" və "Neftçi" bizən geridir, gərginliyin pik həddində olduğumuzu söyləyə bilərəm. Digər tərəfdən də kubokda 3 iddialı komanda bu gün ilk 4-lükdə yer almayıb. Bu il ilk hədəfimiz avrokuboka düşməkdir. Əvvəl öllə kubokunda püşkə baxanda proqnoz vermək olurdu ki, finala qədər gedə bilərsən. Finalda da "Qarabağ" düşəcəksə, ilk 4-lükdə qərarlaşsan avokuboka çıxırsan. Amma bu il fərqlidir. "Neftçi", "Sabah", "Sumqayıt" bir tərəfdədir, digər 3-4 komanda digər tərəfdə. Ötən il deyirdim ki, finala qədər getsək, avrokuboka gedərik. Həqiqətən də belə oldu. Amma digər tərəfdən o təhlükə var ki, ola bilər, "4-lük"də olmayan komanda kuboku qazansın, 4-cü yer avrokuboka getməsin. Bunu nəzərə alaraq, avrokubokdan danışmaq hələ çox tezdir. Əsas məqsədimiz 3-lüyə düşmək və ya 4-lükdə möhkəmlənmək, kubokda bacardığımız qədər irəli getməkdir. Çox istərdim ki, bu yayda da avrokubokda iştirak edək. Ötən mövsümdəki uğurlu çıxışımızın davamı olaraq daha da irəli gedək. Məhz bu kollektiv təcrübə topladı. Ola bilər ki, 4-5 ildən sonra düşək avrokuboka. Amma bu kollektivin təcrübəsi yeni komandada olmayacaq axı. Məhz bu kollektivlə bu il də avrokubokda iştirak etmək istəyirik. Bizim üçün ən vacib olanı da budur.

- Bir müddət əvvəl PFL prezidenti Elxan Səmədov verdiyi müsahibədə qış fasiləsinin qısa olmasını klublarımızın həftədə 2 oyun keçirmək istəməsi ilə əlaqələndirib. Ancaq indiki halda da hesab edirəm ki, klublarımızın hazırlıq prosesi lazımı keyfiyyətdə deyil. Bəlkə də yanılıram, subyektiv fikrimi dedim. Bəs sizcə, qızıl orta hardadı?
- Məncə, fasilə bir balaca uzun olmalıdır. Nəzərə alaq ki, legionerlər Yeni il bayramını evdə keçirmək istəyir. Ya da son turu uzatmaq, məsələn, dekabrın 26-27-si keçirməklə, yanvarın 25-27-si başlamaq olar. Mən heç vaxt həftədə 2 oyun keçirməyə problem yaratmamışam. Sadəcə, vaxt yoxdur axı. Nəzərə alsaq ki, sənin avrokuboklarda çıxış edən komandan var, istənilən halda pəncərən qalmır. Amma varsa da, xüsusilə qış fasiləsinədək bunu edə bilərik. Çünki ölkə kubokunun əsas oyunları qışdan sonra başlayır. 4 gündən bir oyunlar daha çox olur. Qış fasiləsinədək bunu etmək olar. Amma görünən odur ki, dekabrda gec bitirib, yanvarda da gec başlamaq olar. Təbii olaraq təlim-məşq toplanışına getməməyimiz komandaların ziyanına olur, mənfi təsir göstərir. Nəzərə alaq ki, meydan problemləri yaşanır. Bu səbəbdən istədiyimiz toplanışı keçə bilmirik.

- Köməkçiniz Borçe Xristov getdi. Onu mövsümün sonunadək saxlamaq daha yaxşı olmazdımı?
- Əslində, bu gün mənim üçün ən böyük itki Borçenin getməyidi. O boşluğu doldurmaq xüsusilə, qış fasiləsində doldurmaq, asan olmayacaq. Onun daşıdığı müəyyən funksiya var idi və çiyin-çiyinə işləyirdik. Birinci dəfə də, indi də getməyinin səbəbi eynidir. Sadəcə, indi daha yaxşı təklif oldu. Mən ona "yox" deyə bilmədim. Bakıya gəldi və üz-üzə danışdıq. Makedoniya Futbol Federasiyasında dəyişiklik olub. Ona da millilərin idman direktoru vəzifəsi təklif olunub. Elə məqam var ki, sən onu anlayışla qarşılamalısan və "yox" deyə bilmirsən. Sıfırdan qurulan işlər və evinin, ailəsinin yanı. Başqa yerə getsə, razı olmazdım. Amma mən də başa düşürəm ki, o indi getməsə, bu təklif yayda qüvvədə olmayacaqdı. Gözəl şəkildə ayrıldıq, amma mənim üçün böyük itkidir.

- Namizəd var?
- Fİkrimdə axtarışlar var. Olsa olacaq. Amma olmasa, tələsməyəcəm. Çünki həssas bir mövqedir.

 

"Biz azərbaycanlılar ailəyə, Vətənə bağlıyıq" 

- Bir ara Ruan Renatoya görə "Qəbələ" ilə münasibətlər soyumuşdu. İndi düzəlib?
- Mən sizdən eşidirəm. Münasibətlər soyumayıb.

- Bu sualı cavabsız da qoya bilərsiniz, amma verəcəm: D divizionuna yuvarlanan ölkənin millisinə namizəd futbolçu hansı xidmətinə görə məsələn, savadlı müəllimdən 20 dəfə artıq maaş almalıdı?
- Futbolda olan rəqəmlər Azərbaycan kriteriyalarına görə müəyyənləşmir, dünya futboluna görə müəyyən olunur. Bu gün biz Braziliyada müəllimi Avropada çıxış edən braziliyalı futbolçunun gəliri ilə müqayisə etsək, orda da o fərq ortaya çıxacaq. Mənə görə həmin müəllim mənim cəmiyyətimə məndən daha faydalıdır. Şəxsən özümdən götürürəm. Yüzlərlə müəllimlər var ki, məndən daha xeyirlidir cəmiyyətimə, dövlətimə. Sadəcə, şansımız onda gətirib ki, məşğul olduğumuz peşənin dünyada qiyməti yüksəkdir.

- Məsələn, Tanzaniyada yüksək deyil…
- Ola bilər, amma Tanzaniyadan söhbət getmir.

- Bizim milli reytinqdə 117-cidir və biz Tanzaniya ilə müqayisə olunmalıyıq, Braziliya, Almaniya ilə yox.
- Tutaq ki, Elvin Cəfərquiyev, Toral Bayramov kimi futbolçular bu gün ölkə xaricində çıxış etsələr, buradakından çox alacaqlar. Futbolda olan qiymət yüksəkdir. Ola bilər milli səviyyəsində D liqasında olaq. Amma individual götürsək,o ölkə xaricinə çıxsa, daha çox alacaq. Futbolda qiymət belədir.

- Məncə, daha çox versələr gedərlər. Sadəcə bizdə elə pul verirlər ki, getmirlər.
- Azərbaycanlı futbolçular ölkə xaricinə can atmır…

- Siz oynamısınız xaricdə...
- Elə onu deyirəm, dönüşüm olub. Burdan da çox pul veriblər. Biz azərbaycanlılar ailəyə, Vətənə bağlıyıq. Ölkə xaricində o qədər də xoşbəxt olmuruq.

- Qurban Qurbanov ölkə xaricində neçə il oynayıb? Mahir Emreli qayıtmır, ruh göstərir.
- Fərdi götürmürəm, ümumi deyirəm.

 

"Bu gün qərarı verən, müzakirəyə çıxaran mən deyiləm"

 

- Limitlə bağlı nə deyə bilərsiniz?
- Ümumiyyətlə, limitlə bağlı məsələ heç vaxt bizdən soruşulmayıb və bu qədər sual da verilməyib. Çox vaxt qərar qəbul edildikdən sonra fikir öyrənilib və biz də bildirmişik. İndi də müzakirələr var. Amma rəsmi qərar yoxdur. Açığı, çox da düşünməmişəm bu barədə. İstənilən halda hər bir variantın mənfi və müsbət tərəfləri var. Baxır hansı tərəfdən yanaşırsan. Bu sualın cavabı olaraq hərtərəfli danışmaq lazımdır. Bu gün qərarı verən, müzakirəyə çıxaran mən deyiləm. Bundan sonra qərar veriləcək və zaman göstərəcək ki, bizə xeyri oldu, ya yox.

- Məsələn, limitin tam ləğvi milliyə mənfi təsir edəcək?
- Milli komandaya mənfi təsir edə bilər. Futbolçularımız iddialı oyunçularımız klublarında mövqelərini itirsələr, ölkə xaricinə çıxa bilməsələr, bu, problem yaradacaq. Amma limit dəyişdi, milli üzvləri klublarında öz yerində qalırlar, ya da ölkə xaricinə 10 futbolçumuz gedib oynaya bilirsə, milliyə zərəri olmayacaq. Aşağıdan gələn yerli perspektivli futbolçular üçün iddialı komandalara düşüb oynamaq nə dərəcədə alınacaq, o başqa sualdır. O qədər sual var ki. Yaxşı və ya pis demək olmur. Qərar qəbulundan sonra baş verən hadisələr maraqlı olacaq. Məsələn, "Neftçi"də 4-5, "Qarabağ"da 7-8, "Sabah"da, "Zirə"də, "Sumqayıt"da millinin üzvləri var. Bunlar ilk mərhələdə klubdakı mövqelərini itirəcəklər ya yox, ölə xaricinə çıxacaqlarmı? Əgər limit tamam ləğv olsa, nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindi. Amma sonda hansı qərar olarsa, 8+3, 9+2, 10+1, hansının Azərbaycan futboluna xeyri dəyəcəksə, ətraflı şərh esək qarşılıqlı şəkildə, öz mövqeyimi deyə bilərəm. Amma indiki halda hansı qərarın daha düzgün olmasını demək mənim üçün daha çətindir.

CEYHUN ƏLİYEV

Rəylər (0)

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:45

Misir klubu "Real" və "Barselona"nı qabaqlayır

Futbol
Bu gün, 11:25

"Atletik"in futbolçusu Argentinaya yollandı

Futbol
Bu gün, 11:24

Fransa klubu futbolçusunu icarəyə göndərib

Futbol
Bu gün, 11:05

London klubu 16 yaşlı qazaxıstanlını "rənglərinə bağlayır"

Digər
Bu gün, 10:53

Azərbaycanlı şahmatçı Niderlandda beynəlxalq şahmat turnirində iştirak edəcək

Futbol
Bu gün, 10:45

Dünya klublarının reytinqi açıqlanıb

Qarabağ FK
Bu gün, 10:34

“Qarabağ” dünya reytinqində 81-cidir

Digər
Bu gün, 10:24

Azərbaycan Basketbol Liqasında XI turun daha 3 oyunu reallaşacaq

Digər
Bu gün, 10:05

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI tura yekun vurulacaq

Futbol
Bu gün, 10:00

"Kimyaçılar" "dənizçilər"ə qarşı

Digər
Bu gün, 09:58

"Real Madrid" onu transfer edə bilmədi

Digər
Bu gün, 09:44

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatının növbəti oyunları baş tutacaq

Futbol
Bu gün, 09:40

"Qarabağ"ın rəqibi xal itirsə də, liderliyə yüksəlib

Futbol
Bu gün, 09:28

Bu gün Premyer Liqada XIX turun daha iki oyunu keçiriləcək

Futbol
Bu gün, 09:20

"Zirə" "Araz-Naxçıvan"ı qonaq edir

Futbol
Bu gün, 08:15

“Mançester Yunayted”in əfsanəsi 84 yaşında vəfat edib

Futbol
Bu gün, 05:18

“Liverpul”un qapıçısı gürcüstanlı futbolçunun gəlişindən sonra klubu tərk edə bilər

Digər
Bu gün, 03:04

Kvaratsxeliya rəsmən "PSJ"də

Futbol
Bu gün, 01:50

Kvaratsxeliyanın PSJ-yə keçidi rəsmiləşib

Digər
Bu gün, 01:04

“Milan”dan “Fənərbaxça”ya rədd cavabı

Futbol
Bu gün, 00:02

Renat Dadaşov oynadı, "Ankaragücü" qələbə qazandı

Futbol
Dünən, 23:41

“Qarabağ” - “Şamaxı” matçına “5” - VİDEO

Futbol
Dünən, 22:55

"Beşiktaş" qapıçısı ilə müqavilə müddətini artırıb

Futbol
Dünən, 22:25

Kambyaso üçün 70 milyon

Oxşar xəbərlər