"Real"ın prezidenti Florentino Peres "kral klubu"nun gələcək planları və transfer strategiyası ilə bağlı mühüm açıqlamalar verib. Sport24.az xəbər verir ki, klub rəhbəri azarkeşləri sakitliyə çağıraraq, heyətin ciddi şəkildə gücləndiriləcəyini bəyan edib:
"Azarkeşlərimiz mənə güvənsinlər. Söz verirəm ki, çox güclü komandamız olacaq. Yeni futbolçular transfer edəcəyəm və bütün mövqeləri gücləndirəcəyik".
Prezident komandanın əsas sütunları hesab olunan Kilian Mbappe, Cud Bellinqem və Vinisius Juniorun gələcəyi ilə bağlı yayılan şayiələrə də son qoyub. O, bu futbolçuların toxunulmaz olduğunu vurğulayıb:
"Mbappe, Bellinqem və Vinisius komandada qalacaqlar. Onlar dünyanın bütün böyük klublarının heyətində görmək istədiyi futbolçulardır".
Peres xüsusilə braziliyalı ulduzun komandadakı gələcəyinə aydınlıq gətirərək, müqavilə yenilənməsinin an məsələsi olduğunu bildirib:
"Vinisius "Real"da qalmaq istəyir və mən də onun qalmasını istəyirəm. Müqavilənin yenilənməsi üçün vaxtımız var".
Florentino Peres ötən mövsümü İtaliyanın "Komo" klubunda icarədə keçirən və uğurlu oyunu ilə Avropa nəhənglərinin radarına düşən gənc yarımmüdafiəçi Niko Paz barədə də danışıb:
"Niko Paz akademiyamızın yetirmələrindən biridir. O, "Komo"da fantastik mövsüm keçirdi. Onun gələcəyi ilə bağlı qərarı baş məşqçi və məşqçilər korpusu ilə birlikdə verəcəyik".
Peres yay "transfer pəncərəsi"ndə yeni oyunçuların alınacağını da təsdiqləyib:
"Hər kəs bilir ki, böyük futbolçular "Real"da oynamaq istəyirlər. Mən də onları komandaya gətirmək istəyirəm. Bunu reallaşdıracağam".