Azərbaycan millisi UEFA Millətlər Liqasında "dişinə batacaq" rəqibi Estoniyanı evdə də üstələyə bilməyərək, qrup sonunculuğunu rəsmiləşdirməkdən qurtula bilmədi. Baxmayaraq ki, matçın statistik göstəriciləri heç də meydanda qolsuz heç-heçəyə uyğun oyun getdiyini söyləmir. Ancaq vacib olanı statistikadakı rəqəmlər deyil, tablodakı yekun hesabdır.
İdman.biz Azərbaycan – Estoniya matçının statistikasını nəzərdən keçirib.
İlk yarıda qonaq komanda bəzi hallarda topa sahibolmada üstün duruma da çıxırdı. Ancaq fasilədən sonra daha çox bir qapıya oyun getdi. Bəhrəsi olmasa belə. Yekunda 64%-in 36%-ə üstünlüyü əslində hər şeyi deməliydi. Ancaq qolsuz başa çatan oyunda bunun heç bir əhəmiyyəti qalmır. Topa sahibolmada Millətlər Liqasının qitədə ən zəif komandası ilə belə fərq əslində gözlənilən idi. Ancaq bu komandanı C liqasında hifz edib, özünün D "quyusu"nun başında aşağı yuvarlanmaması üçün bundan sonra möcüzəyə əl açmaq heç də arzuolunan mənzərə deyil.
Qayıdaq rəqəmlərə. 47 hücumumuza qonaqlar cəmi 13 həmlə ilə cavab verdilər. Bu hücumlarda 16 zərbəmiz qarşı tərəfin 4 zərbəsindən 4 dəfə çoxdur. Amma nə fayda?! Yenə də tablodakı 0 elə qarşıdakı 0-a bərabərdir. 16 zərbəmizdən qapı çərçivəsinə yönələn 3-ü də hesabı dəyişmədi, üstdirəyə, dirəyə tuş gələnlər də. Qapıdan yan ötənlərdən heç danışmayaq. Rəqibin 1 zərbəsi qapı çərçivəsinə getdi, 1-i üstdirəyi titrətdi.
Öncəki 4 oyunda 23 seyvlə turnirin ən yaxşısı olan Karl Heyn bu dəfə 3-ü ilə qane oldu. Artığına heç ehtiyac da olmadı. İlk rəsmi yığma oyununu keçirən Rza Cəfərov isə 1 seyvlə yadda qaldı.
Öncəki 4 turda 4 künc zərbəsi ilə bu sahədə də qitə sonuncusu olan Estoniya, bu dəfə bir qədər cəsarətlənib 3 dəfə bayrağa yaxınlaşdı. Qarşı qapıda isə 8 səmərəsiz künc zərbəsi.
Ötürmələrdə 88%-in 76%-ə dəqiqlik göstəricisi də, meydandakı komandaların halını göstərir. Ancaq yenə də nəticəni deyil.
Ötürmələrin sayında da yerlə göy qədər fərq var. Millimiz 594 ötürmənin 523-də dəqiq olub. Rəqibdə isə bunun heç yarısı da yoxdur – 265-dən 201.
Bir sözlə, biz bu rəqəmləri sayaq, estonlar da onları C divizionunda qalmaq üçün bizdən qopartdıqları xalları.
Vüqar Məmmədov
İdman.biz