"Çempionatımızın inkişafı fonunda hakimlərimizin səviyyəsi aşağı düşmür. Hərçənd səhvlər də var". İdman.Biz bildirir ki, bu sözləri futbol üzrə beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev deyib. Keçmiş futbolçu Futbolinfo.az-a müsahibəsində karyerasındakı maraqlı məqamlara aydınlıq gətirib.
– Uşaqlıq illəriniz harada keçib? Ümumiyyətlə, əsliniz haradandır?
– Bizim əslimiz Qarabağdandır. Atam Şuşanın Zarıslı kəndindəndir, 1927-ci ildə orada doğulub. Orta məktəbi Şuşa şəhərində bitirib Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Anam isə Ağdam şəhərində anadan olub və Bakıda neft və kimya sahəsində işləyib. Mən isə 1957-ci il fevralın 22-də Bakıda, indiki Binəqədi qəsəbəsində anadan olmuşam. 100 saylı məktəbin məzunu olmuşam. Sonra Bədən Tərbiyəsi İnstitutuna sənədlərimi versəm də, imtahanda mənə aid olmayan üzgüçülük növündən kəsilmişdim.
– Bəs futbol aləminə necə düşdünüz?
– 10 yaşım olarkən oxuduğum təhsil ocağında Bakı Şəhər Təhsil İdarəsinin yeni açılan futbol məktəbinə seçimlə bağlı elan verildi. Məktəbin daxilində uşaqları seçmək üçün oyun təşkil olundu. O dövrdə mən səhərdən axşama qədər öz məhəllimizdə futbol oynayırdım. Seçimlərdə Rafiq Məmmədov məni və daha 3 nəfəri bəyəndi. İki erməni, bir rus və bir də mən azərbaycanlı. Bizi Nərimanov rayonunda indiki "Şuşa" restoranının yanındakı əraziyə dəvət etdilər. Təhsil idarəsinin futbol bölməsi orada yerləşirdi. Yaz aylarında Bakı çempionatına qatıldıq. Elə o dövrdən müdafiəçi kimi oynadım. Amma onda sağ cinah müdafiəçisi idim. Biz dəfələrlə Bakı çempionu olduq, respublika miqyasında xeyli oyun keçirdik. 1973-cü ildə buraxılış qrupundan bir neçə oyunçunu Bakı yığmasına namizəd seçdilər. Həmin vaxt Böyük Vətən Müharibəsinin iştirakçılarından birinin xatirəsinə turnir təşkil olundu, oradan da "Neftçi"yə və digər komandalara seçim edilirdi. Mən məhz keçmiş "Spartak" stadionunda keçirilən oyunlarda diqqət mərkəzinə düşdüm və məni "Neftçi"nin əvəzedicildən ibarət komandasına saldılar. "Neftçi" həmin vaxt qış təlim-məşq toplanışına hazırlaşırdı. 5-ci məşqdən sonra komandanın baş məşqçisi Valentin Xlıstov dedi ki, "sənədlərini hazırla, səni özümüzlə Suxumiyə təlim-məşq toplanışına aparırıq". Məni orada bir neçə hazırlıq görüşündə yoxladılar. Qayıdandan sonra məni və bir neçə yeni oyunçunu komandada saxladılar.
– Kim idi onlar?
– Onlardan heç biri sonradan futbolda qalmadı, amma həmin illərdə İsgəndər Cavadov, Səmədağa Şıxlarov, Asif Əliyev və Maşallah Əhmədov komandaya cəlb edilmişdi. Yadımdadır, Səmədağa ilə İsgəndəri Sumqayıtın "Xəzər"inə göndərmişdilər. Onlar o vaxt 2-ci dəstədə oynayırdılar. Mən də əvəzedicilərdə qaldım. Elə oldu ki, maliyyə problemlərinə görə SSRİ Futbol Federasiyası əvəzedicilərin çempionatını dayandırdı. Buna baxmayaraq, bu komandanın bir neçə oyunçusunu "Neftçi"nin əsas məşqlərinə saldılar. Mən də bu məşqlərdə iştirak etdim. 1975-ci ilin axırında Nəqliyat Nazirliyinin nəzdində "Avtomobilçi" komandası yaradıldı. Bu komandaya ölkə üzrə perspektivli futbolçuları cəlb etdilər. Onda mənimlə birgə İsgəndərlə Səmədağanı da ora gətirdilər. Biz onda SSRİ respublikaları arasında "bufer" liqasında oynadıq, 24 komanda arasında 6-cı yeri tutduq. 1976-cı ildə "Neftçi" güclülər dəstəsinə vəsiqə qazandı, bizim komandadakı futbolçuları ora dəvət etdilər. Biz əvəzedici heyətdə bir neçə oyunda meydana çıxdıqdan sonra İsgəndər, Səmədağa və mən əsas komandada oynamağa namizəd olduq. 1977-ci ildə keçirilən çempionatda mən 9 oyun keçirdim.
– İlk oyununuzu xatırlayırsınız?
– "Ararat"a qarşı İrəvanda debüt matçımı keçirdim. "Razdan" yenə dolmuşdu. Yadımdadır, sona 11 dəqiqə qalmış hesab 1:1 olanda bizdə Nikokay Smolnikov zədələndi. Baş məşqçimiz də Gennadi Bondarenko idi. Mən Smolnikovun yerinə meydana çıxdım. Oyun gedir, əlimdən gələni edirəm, fikirləşdim ki, yəqin sona 1-2 dəqiqə qalıb, başımı qaldırıb baxıram, görürəm ki, hələ 3 dəqiqə keçib. Həyəcan! Bütün formam da yaş olub. Oyun elə bu hesabla da başa çatdı. Gennadi Bondarenko, Ruslan Abdullayev, Ağasəlim Mircavadov və təcrübəli oyunçularımız məni təbrik etdi. Sonradan bir neçə matçda da ikinci hissədə meydana daxil olurdum. Sonra 1978-ci ildə 15 matç, 1979-cu ildə 25 oyun və beləcə…

– SSRİ-nin hansı məşhur hücumçularını "bağlamısınız", kimə qarşı oyununuz yaxşı alınıb?
– Həmin illər SSRİ çempionatı Avropanın ən güclü liqalarından biri sayılırdı. O vaxt Kiyev "Dinamo"sunda Bloxin, Tiflis "Dinamo"sunda Kipiani, Çivadze, Şengeliya, Qutsayev, Moskva "Spartak"ında Çerenkov, Qavrilov, Rodionov, Moskva "Dinamo"sunda Qazzayev kimi əfsanələr var idi. Konkret ad çəkə bilməyəcəyəm, amma hər bir hücumçunun xüsusiyyətlərini bilirdim. Həqiqətən də, biz onları çətinliklə saxlayırdıq. O dövrdə həmin futbolçular milliyə dəvət alırdı, hətta seçim o qədər geniş idi ki, bəziləri ehtiyat oyunçular skamyasında əyləşirdi. Elə "Neftçi"nin özündə bir mövqeyə 3 oyunçu var idi. 5 mərkəz müdafiəçimiz əsas heyətə çıxmaq üçün rəqabət aparırdı.
– 1984-cü ildə "Neftçi" Bakıda "Ararat"a 0:2 hesabı ilə uduzdu və bu məğlubiyyət azarkeşləri özündən çıxartdı. Oyundan sonra aləm bir-birinə dəydi. Həmin heyətin üzvü kimi sizdən nə baş verdiyini soruşmaq istəyirəm…
– Həmin oyun indiyə qədər yadımdadır. Oyundan iki gün əvvəl bizi bazaya toplayırdılar və rejimə nəzarət edirdilər. Həmin illərdə "Neftçi"ni qida ilə "Gənclik" metrosunun yaxınlığındakı "Təranə" restoranı təmin edirdi. Həmin restoranın da direktoru erməni idi. Elə oldu ki, futbolçularımızın bir neçəsi oyun günü zəhərlənmişdi. Onlardan bəziləri tam gücü ilə oynaya bilmədi. Bilmirəm, yeməyə, suya və ya çaya nəsə qatmışdılar, bunun nəticəsində bəziləri heç meydana çıxa bilmədi. Mən də oynamadım. Fikrimcə, təxribat hazırlanmışdı. Futbolçularımız meydanda gücsüz şəkildə mübarizə aparırdılar. Birinci qolu "rikoşet"lə vurdular, ikincisini xatırlaya bilmirəm. Stadion da dolu idi. Azarkeşlər həm hesabdan, həm də oyundan narazı idi. "Neftçi"nin bazasının qabağı milislə dolduruldu. Oyundan sonra tamaşaçılar bazaya gəlib onun qapı və pəncərələrini qırdılar. Zəif oynamağımızın səbəbi bu idi.
– Həmin oyundan sonra restoranla əlaqə kəsildi?
– Təəssüflər olsun ki, 1984-cü il mənim "Neftçi"də sonuncu ilim oldu. Klubun daxilində xərc-mərclik olduğuna görə komandadan kənarlaşdırıldım. Nə isə bir kələklə bir neçə futbolçu klubdan göndərildi. Bunu tam gücümüzlə oynamamaq və ustalığımızın aşağı səviyyəsi ilə əlaqələndirdilər. Mən həmin ilin payızında "Neftçi"dən ayrıldım. Həmin ilin noyabrında Bakıda "Neftçi"nin Moskva "Spartak"ı ilə oyunu var idi. Mən də evdə idim. Oyundan bir gün qabaq axşam "Azərbaycan" mehmanxanasında işləyən dostum bizə zəng edib məni ora çağırdı. Getdim gördüm ki, dəvət etdiyi yerdə "Spartak"ın inzibatçısı Aleksandr Haci dayanıb. Mən də bunu tanıyıram. Məndən soruşdu ki, "baş məşqçimiz Konstantin Beskov maraqlanır ki, Asim son vaxtlar niyə meydana çıxmır, nə baş verib?" Dedim ki, komandadan ayrılmışam. Bildirdi ki, "vaxtın varsa, sabah stadiona gəl, Beskov səninlə görüşmək istəyir". Oyun günü stadiona gəldim, indiki Tofiq Bəhramovun heykəlinin olduğu yerdə bununla görüşdüm. Haşiyə çıxıb onu da deyim ki, çox təəssüf ki, Bəhramovun heykəli layiq olduğu stadionun qabağında deyil, bunu belə də yazarsız! Hə, qayıdaq söhbətə, gəldim gördüm skamyada oturub, məni çağırdı, 15 dəqiqə söhbət etdik. Dedi ki, "baxıram "Neftçi"də oynamırsan, halbuki, sən komandanın kapitanı olmusan, nə məsələdir?" Dedim ki, uğursuzluqlara görə məni günahkar bilirlər, cavab verdi ki, çox səhv edirlər. Nə isə, məni "Spartak"ın təlim-məşq toplanışına çağırdı. Moskvada "Spartak" cəmiyyətinin komandaları arasında seçimlər olacaqdı, mən də orada olmalı idim. Beskov mənə dedi ki, "sənin oyun üslubun bizə yarayar, nəzərə alaq ki, bizim mərkəz müdafiəçimiz Bakıdan olan Mirzoyan karyerasını bitirir, onu əvəzedəcək oyunçu axtarırıq, sənin 26 yaşın var, hələ 5-6 il də oynaya bilərsən". Nə isə, nömrəmi götürdülər. Vaxt keçdi, dekabrın 2-ci yarısında Moskvadan mənə zəng etdilər ki, "yığış, gəl". Yanvarın 8-də bunların bazasında olmalı idim. Amma təəssüf ki, burada mərkəzi komitədən və Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş Dövlət Avtomobil Müfəttişliyinə qədər qarşımı kəsdilər.

– Və təbii ki, Fuad Musayev də prosesin içində idi…
– Bəli. O onda Bakı şəhərinin meri idi. Səs yayılmışdı ki, mən çıxıb gedəcəyəm. Onda mənim bir "Jiquli"m var idi, səhər uçmalıyam, onun axşamı məni milis səbəbsiz saxladı və maşını cərimə meydançasına aparmalı olduqlarını söylədi. Səbəbini soruşdum, dedi "orada deyəcəklər". Getdim ora, idarənin rəhbəri Ramiz Abbasov məni yaxşı qarşıladı, amma dedi ki, "Asim, mənə sual vermə, maşın burada qalacaq, 10 gündən sonra gəlib götürərsən". Hər şeyi elə orada başa düşdüm.
– Maşın orada qalır qalsın da, təyyarə ilə niyə gedə bilmədiz ki?
– Orada da qabağımı kəsəcəkdilər də. Onda atam məktəbdə müəllim, anam isə Binəqədidə laborotoriyada baş mütəxəssis kimi çalışırdı. Evə gəldim, dedilər ki, sənə görə bizə işə zəng ediblər ki, oğlunuzu Moskvaya buraxmayın! Bir sözlə, imkan vermədilər?
– Səbəb nə idi axı?
– Heç nə. "Neftçi"də oynamırsansa, orada da oynama! Hətta məni Bakı şəhər çempionatında oynamağa qoymurdular. Məsələ ondadır ki, "Neftçi" rəhbərliyi bunu Bakı şəhər meriyasından istəmişdi. Bir neçə yerə müraciət etdim, gözləməyi məsləhət gördülər. Düz 1985-ci ilin iyununa qədər gözlədim, fərdi məşqlər etdim. Sonra tanış bir adam qarşıma çıxdı, ondan xahiş etdim ki, bu məsələni həll etsin. O da idman sahəsində çalışmırdı, amma işi həll edə biləcək imkanı var idi. Gedib xahiş edib, bir də gördüm ki, məni axtarırlar. Ümumiyyətlə, tək mən yox, "Neftçi"nin digər adlı-sanlı üzvləri də SSRİ çempionatının aparıcı komandalarında oynaya bilərdilər. Elə oldu ki, məni "Kəpəz"ə göndərdilər. Onda da bu komandada Şakir Qəribov və Səmədağa Şıxlarov kimi oyunçular var idi. Ümumiyyətlə, 1985-ci ildə "Neftçi"dən bir neçə yerli futbolçunu xaric etdilər və Rusiyaya üz tutub baş məşqçi Aleksandr Sevidovu gətirdilər. Bununla yanaşı, SSRİ-nin digər şəhərlərindən bir çox futbolçunu "Neftçi"yə cəlb etdilər. Onlara görə 10-11 futbolçumuz qıraqda qaldı. Komandamıza yaşı 30-u keçən rusları doldurdular, onlara yaxşı şərait yaratdılar, maşın və mənzil verdilər, bir müddət sonra hamısı qaçıb getdi. Gördülər ki, "Neftçi" pis vəziyyətdədir və I dəstəyə yollanmaq üzrədir. Mən "Kəpəz"də 2 il çıxış etdim, sonra bir az Sumqayıt"ın "Vosxod" komandasının formasını geyindim, sonra Əli Rəhmanov məni "Göyəzən"ə çağırdı. Orada da bir az qaldım və karyeramı bitirdim. Amma belə baxanda azı 4-5 il "Neftçi"də çıxış edə bilərdim. Məni elə-belə SSRİ olimpiya millisinə namizəd saymırdılar. Mən 1982-ci ildə Xarkovda SSRİ ilə Polşanın olimpiya millilərinin oyununda iştirak etmişəm. Baş məşqçi mənə onda demişdi ki, səni həmişə götürəcəyik… Məndən başqa nə qədər oyunçumuz SSRİ-nin gənclər komandasına dəvət alıb. Çünki məktəb yaxşı idi.

– 1989-cu ildə "Neftçi"də Ağasəlim Mircavadovun köməkçisi olmusunuz. Bu necə alındı?
– 1988-ci ildə futbolçu karyeramı bitirdikdən sonra nə iləsə məşğul olmalı idim. Onda Ağasəlim müəllim də "Neftçi"nin baş məşqçisi idi. 1989-cu ilin mart günlərində mənə zəng etdi ki, "bazaya gəl, səninlə işim var". Getdim, mənə dedi ki, "məşqçi işləmək fikrin var?" Dedim "indiyə qədər işləməmişəm, amma maraqlı olar". Dedi ki, köməkçilərim azdır, bircə Qryazev yanımdadır, bizə futbolçu olmuş biri lazımdır". Razılaşdım, sadəcə bunu rəhbərliyə demək lazım idi. Həll olundu. Nə isə, 1-2 məşq keçmişdik, mənə dedilər ki, hazırlaş, gedirsən Orcogenidze şəhərinə, indiki Vladiqafqaza. Orada yerli "Spartak"la Əhməd Ələsgərovun çalışdırdığı "Nistru"nun oyununu izləməliyəm. Məsələ ondadır ki, Moldova klubu "Spartak"la oyundan sonra Bakıya gələcək, tribunada əyləşib bunlardan qeydlər götürməliyəm. Buradan mən zəng etdim Osetiya "Spartak"ının baş məşqçisi Valeri Qazzayevə ki, gəlirəm ora. Dedi, gəl, görüşək. Qatara mindim, gedib onların "Proxladnaya" stansiyasında düşdüm. Məni orada bir nəfər qarşıladı, bazaya gəlib Qazzayevlə görüşdüm, elə səhər yeməyi yedik, mənə axşamkı oyunu izləmək üçün VİP-bilet verdilər, elə oldu ki, axşamkı oyuna qədər şəhəri gəzmək imkanı da əldə etdim. İnzibatçını da mənə təhkim etdilər ki, "Asim müəllim nə istəyir, ona alarsan". Şəhəri gəzdik, axşam oyuna gəldik. Əyləşib qeydlərimi götürdüm, "Nistru" da oyunu 1:2 hesabı ilə məğlub oldu. Axşam qatarla Bakıya qayıtmaq üçün vağzala gəldim, gördüm ki, "Nistru" da həmin qatarla Bakıya getməyə hazırlaşır. Biri mənə yaxınlaşıb dedi ki, "sizi Əhməd Ələsgərov çağırır". Bilib, hiss edib, görüb, ya nədirsə, məni yanına çağırtdırdı. Getdim yanına, soruşdu ki, "bura cəsusluğa gəlmisən? Məndən gizlətmə, mən hər şeyi bilirəm, qatarda bir yerdə gedəcəyik". Hə, mən də bunlarla bir yerdəyəm, gördüm ki, futbolçularını danlayır, deyir ki, "baxın, gəlib sizin oyununuza baxmağa, Bakıdakı oyun daha çətin olacaq". Qatarla gəlib səhər Bakıya çatdıq, gecə bütün günü söhbət etdik, mənim "Neftçi"dən futbolçu kimi göndərildiyimi təəssüflə qeyd etdi, söylədi ki, "mən bilirəm, onlar yerli futbolçularına diqqət ayırmadılar, gedib Pançik və bu kimi qeyri-millətlərdən olan oyunçularla "Neftçi"ni doldurdular, onlar da hamısı Bakıya pula görə gəlib". Nə isə, qatardan düşüb birbaşa bazaya gəldim, gördüm ki, hamısı məni gözləyir, qeydlərimi verdim. Elə oldu ki, "Nistru"nu Bakıda 3:0 hesabı ilə məğlub etdik. Mən onda daha çox texniki işlərlə məşğul olurdum. Hərçənd "Neftçi" onda I dəstədə o qədər sabit çıxış etmirdi. Haradasa, iyul-avqust aylarında komandamız o qədər də yaxşı oynamadı. Bir gün bazaya gəlib gördüm ki, dəyişiklik baş verib, soruşdum "məşq olacaq", dedilər ki, "yox, idman komitəsi Ağasəlim müəllimi istefaya göndərib". Mircavadova zəng etdim, dedi ki, "mən artıq evdəyəm, əşyalarımı yığışdırmışam, qurtarmışam ora ilə, sən qal, təzəsən, yəqin ki, işləyərsən". Onda Çingiz İsmayılovla Aydın İbrahimov komandada əsas söz sahibi idi. Çingiz müəllim rəis, Aydın müəllim isə prezident idi. Təzə məşqçilər heyəti gəldi, Ruslan Abdullayev məni yanında görmək istəmədi. Halbuki, qalıb nəsə öyrənmək istəyirdim, qoymadılar. Ancaq Aydın müəllim mənə dedi ki, "klubda başqa vəzifəyə sənə ikiqat məvacib verirəm, onlar öz oynamaqlarında olsun". Dedim ki, "Aydın müəllim, bunları görəndən sonra nə vaxtsa mənə məşqçi olmaq üçün imkan yaratsalar, imtina edəcəyəm".
– Necə oldu ki, hakimliyə gəldiniz?
– 1989-cu ilin dekabrında "Neftçi"dən çıxandan sonra idman komitəsinin futbol şöbəsindən mənə hakimliklə məşğul olmağı məsləhət gördülər, çünki futbolun içindən çıxmışam. Bir sözlə, yanvarda məni Soçiyə göndərdilər. Orada perspektivli hakimlərin toplantısı təşkil olunmuşdu. Orada məni çox isti qarşıladılar, imtahan verdim, işim həll olundu. 1990-cı ildə hakimliyə başladım.
– İlk oyununuzu xatırlayırsınız?
– Ağdamda "Qarabağ"la Sumqayıtın "Xəzər" komandasının oyunu. Meydan sahiblərinin də baş məşqçisi Ağasəlim müəllim. Bu oyunu ona görə məsləhət bildilər ki, hamı özümüzkülər idi. İlk oyunda səhv etsəm belə özümüzkülər keçəcəkdi üstündən. Yan xətt hakimi funksiyasını daşıdım. Baş hakim səhv etmirəmsə, Rüstəm Rəhimov idi. İndı mən həyəcandan bayraqları səhv qaldırıram, sağın yerinə sol, solun yerinə sağ. Birinci oyunda həyacan öz sözünü dedi. 10 min azarkeş, bir az da bu səhvlərə görə məni fitə basdılar və s. Sonra respublika səviyyəsində başqa oyunlara təyinat aldım, 1991-ci ildə SSRİ-nin ikinci və birinci dəstələrində oyunları idarə etmək üçün namizəd göstərildim. Amma SSRİ dağıldı. 1992-ci ildən bizim çempionatın oyunlarını idarə etdim, 1994-cü ildə respublika dərəcəli hakim oldum, bir il sonra Tahir Süleymanov və Xaqani Məmmədovla birgə ölkədə ilk FIFA dərəcəli hakim kimi təsdiqləndik.
– Müstəqilliyin ilk illərində hakim kimi hansı çətinlikləri gördünüz?
– Rayonlarımızda hakimlik etmək çox çətin idi. Ev sahibləri zəif oynayanda da onlar qələbə gözləyirdilər.
– Anarxiya idi hər halda. Hakimə təzyiq göstərmək, pul təklif etmək… Belə hallarla rastlaşmısınız?
– Birincisi, o vaxt heç pul da yox idi. İkincisi də ki, onlar bilirdilər kimə yaxınlaşmaq lazımdır. Məni tanıyırdılar, hörmətim var idi. Gəncə və Tovuz kimi şəhərlərdə ədalətli hakimlik etmək mümkünsüz idi, gərək baş işlədib vəziyyətdən çıxaydın. Məsələn, Tovuza gedirdinsə, dəlisov azarkeşlər səni vağzalda qarşılayırdılar, təzyiq göstərirdilər. Amma mən stadiona çıxanda azarkeşlərdən biri durub qışqırırdı ki, "ay camaat, bu gün söyüş yoxdur, çünki oyunumuzu hörmətli Asim müəllim idarə edəcək".
– Bəs "Neftçi"nin keçmiş oyunçusu kimi bu komandanın oyunlarını idarə etmək çətin deyildi ki? Xeyrinə qərar çıxarırsan bir söz, əleyhinə nəsə edirsən, başqa söz…
– Mən "Neftçi"nin əksər oyunlarına təyinat almırdım. Yalnız bir dəfə Azərbaycan Kubokunun yarımfinalının cavab oyununda məsələ şişdi. "Neftçi"nin "Kəpəz"lə 0:0 hesabı ilə başa çatan qalmaqallı oyunu. Orada bəzi şübhəli epizodlar oldu, "Neftçi" finala çıxa bilmədi, ara qarışdı. "Neftçi" idarəçiliyimdən narazı qaldı, federasiya da onların təzyiqinin qarşısını ala bilmədi. 2000-ci il idi. Mən də 2 ildən sonra hakimliyi başa vuracaqdım. Yadımdadır ki, həmin oyundan sonra beynəlxalq matça təyinatım var idi. Məhz buna görə təyinatımı saxladılar. Sən demə, AFFA rəhbərliyinin təkidi ilə Hakimlər Komitəsi UEFA-ya məktub yazıb ki, "bunun daxili yarışda səhvi olub, onun təyinatını hələ ki, dayandırın". Halbuki, bunun ona heç bir təsiri olmamalıdır. Sonra mən UEFA-dakı kuratorumuzla danışdım, o mənə təskinlik verdi və hər şeyin yoluna qoyulacağını söylədi. Doğrusu, o bizimkilərin hərəkətini anlamadığını söylədi. Bir müddət keçdi, Moskvada keçirilən tədbirdə belçikalı təcrübəli kurator bizim Hakimlər Komitəsinin nümayəndəsini çağırıb dedi ki, "utanmırsınız, daxildə olan məsələni beynəlxalq səviyyəyə çıxartmısınız, siz birinci özünüzü alçaltdınız, biz ona yenə təyinat verəcəyik, amma siz özünüzü pis etdiniz". Nə isə, 45 yaşa gəlib çatdım, fikirləşdim ki, görəsən, mən bundan sonra nə edə bilərəm? O vaxt da bizim oyunlara UEFA nümayəndələri və inspektorlar gəlirdi, onlarla söhbətləşirdim. Bir gün mənə məsləhət gördülər ki, sən özünkülərə de, UEFA-ya hakim-inspektor olmağın üçün məktub yazsınlar. Onların təklifini rəhbərliyə çatdırdım, belə də etdilər. UEFA-nın bunun nəticəsində bizə göndərdiyi məktub hələ də məndədir. 2024-cü ilin fevral ayı. "Yazmışdılar ki, "hakim-inspektorlar üçün nəzərdə tutulan kurslar qurtarıb, amma biz Asim Xudiyevi təcrübəli hakim kimi siyahıya əlavə edirik". Həmin ildə UEFA Kubokunun qrup mərhələsinin iki oyununa hakim-inspektor kimi təyinat aldım. Artıq 21 ildir ki, bu yolu gedirəm. Bu da nədən irəli gəlir? Etimad! Həm də ki, mən hələ orta məktəbdən ingilis dilini çox yaxşı bilirdim. Mən oxuyanda heç bilmirdim ki, 20 ildən sonra mənə ingilis dili lazım olacaq.
– Prezident İlham Əliyev tərəfindən ötən ilin sonunda fərdi təqaüd aldınız. Həmin görüş zamanı da dövlət başçısı ilə səmimi söhbətiniz sosial şəbəkələrdə böyük marağa səbəb oldu. İstərdim ki, həmin görüşün təəssüratlarından danışasınız…
– Cənab İlham Əliyevin idmana xüsusi qayğısı var. Biz futbol camiəsi də bundan kənarda qalmırıq. Hər il bu toplantı olur. Mən bundan əvvəlki illərdə də bu toplantılarda iştirak etmişəm. Prezidentimiz həmişə deyir ki, idmanda uğurlu nəticələrin əldə olunmasında veteranlarımızın payı var. Biz də həmişə çalışmışıq ki, onun etimadını doğruldaq. 2009-cu ildə AFFA-nın rəsmi məktubuna əsasən, mənə "Əməkdar İdman Xadimi" adı verilmişdi. 2025-ci il isə Azərbaycan idmanında fəaliyyyətimin 50 illiyi idi. Fəxri təqaüd almaq üçün səbəb lazım idi. Mən fürsətdən istifadə edib futbol federasiyamızın rəhbərliyinə bu rəsmi məktuba görə təşəkkür edirəm. Bəli, biz də prezidentlə görüşdük, çox səmimi dialoqumuz oldu. Ölkə başçımız bir çox idman növlərini sevsə də, futbolu daha çox sevir. O vaxt "Neftçi"nin bazasında həmişə futbol veteranlarımız arasında yarışlar təşkil olunardı. İlham Əliyev prezident seçilməmişdən əvvəl ora tez-tez gəlib bizi ziyarət edirdi. İndi də Oqtay Abdullayevə mənzil, mənə də fəxri təqaüd verdilər. Mən də sizin saytınız vasitəsi ilə cənab prezidentimizə təşəkkür edirəm. Əminəm ki, bizim digər futbol veteranlarımız da bu mükafatlara layiq görüləcək.
– Azərbaycan hakimliyinin hazırkı dövrdə səviyyəsini necə qiymətləndirirsiz?
– İndi yaxşıdır. Çempionatımızın inkişafı fonunda hakimlərimizin səviyyəsi aşağı düşmür. Hərçənd səhvlər də var. Son 4 mövsümdə VAR texnologiyasından istifadə olunur, nəzərdən qaçan epizodlara görə onlara kömək edilir…
– Amma VAR hakimlərinin də səhvləri olur…
– O dünyanın hər yerində var. Bizim aparıcı hakimlərimiz çox aktivdir, seminarlarda və təlimlərdə iştirak edirlər. İnkişaf etmək üçün hər cür imkanları var. Bu mövsüm çempionatımızda rəqabət artdığından onlar hər cür çətinliyə hazır olmalıdır.
– 1966-cı ildə DÇ-nin finalındakı məşhur epizoda münasibətinizi öyrənmək istərdim. Ceffri Herstin zərbəsindən sonra top qapı xəttini keçmişdi?
– 1997-ci ildə mən Londonun "Apton Park" stadionunda İngiltərə ilə Niderlandın qadınlar millisinin dünya çempionatının seçmə mərhələsində oyununu idarə etmək üçün təyinat aldım. Mən, Kərim Ağayev və Rövşən Əhmədov İngiltərəyə uçduq. Ora 2 gün əvvəl getdik. Londonun bütün görkəmli yerlərini və "Madam Tüsso" muzeyini gəzməyi planlaşdırdıq. Axırda da "Uembli" stadionunu ziyarət etdik. Bizi də nümayəndə heyəti müşayiət edirdi. Gördük ki, stadiona da 70-80 turist ekskuriyaya gəlib. Deməli, gəzinti vaxtı orada ekranı aşağı saldılar və həmin epizodu nümayiş etdirdilər. Hərəmizə də bir qurğu verdilər ki, onun vasitəsilə səs verək: qırmızı düymə "qol deyil", sarı düymə "bilmirəm", yaşıl düymə "qoldur". Səsvermə başladı və nəticə elan olundu. 78 faiz səs verdi ki, "qoldur", 10 faiz bildirdi ki, "bilmirik", 12 faiz də "qol deyil" düyməsini basdı. Axırda aparıcı dedi ki, "bu qolu sayan hakim var ha, bax, bunların ölkəsindəndir". Hamı əl çaldı. Biz orada qürur hissi keçirdik. Məncə, Tofiq müəllim doğru qərar qəbul edib. Bir neçə il əvvəl də hansısa bir şirkət texnologiya vasitəsi ilə aydınlaşdırdı ki, həmin epizod qoldur.
– Son sual: sizin fikrinizcə, müstəqillik dövrümüzün ən güclü hakimi kimdir? 1992-ci ilin çempionatından bu günə qədər…
– İndi rəqabət güclüdür. Məncə, Əliyar Ağayevlə Elçin Məsiyev. İndiki hakimlərimiz beynəlxalıq səviyyədə daha böyük oyunları idarə edir. Çempionlar Liqası daxil olmaqla avrokubokların qrup mərhələsi və s.