top
«Sabah»ın tibbi xidmət rəhbəri: «İspaniyanın yüksək divizionunda çıxış edən bir çox klub bizim infrastrukturumuza həsəd apara bilər» Oxu.az
Today, 15:02
- ↺ +

«Sabah»ın tibbi xidmət rəhbəri: «İspaniyanın yüksək divizionunda çıxış edən bir çox klub bizim infrastrukturumuza həsəd apara bilər»

"Sabah"ın tibbi xidmətinin rəhbəri Mateo Peres Lopes klubun infrastrukturu, iş şəraiti, futbolçuların bərpa prosesi və Çempionlar Liqasındakı hədəfləri barədə danışıb. İspaniyalı mütəxəssis "Barselona" ilə qarşılaşmanın Bakı sakinləri üçün xüsusi hadisə olduğunu desə də, komandanın əsas məqsədinin növbəti mərhələyə yüksəlmək olduğunu vurğulayıb.

Oxu.Az xəbər verir ki, Peres Lopes bu barədə İspaniyanın "AS" nəşrinə müsahibəsində danışıb.

Madridli mütəxəssis cəmi iki mövsüm əvvəl İspaniyanın dördüncü divizionunda - "UD Sanse"də fizioterapevt kimi çalışdığını, indi isə Çempionlar Liqasında mübarizə aparan klubun tibbi xidmətinə rəhbərlik etdiyini bildirib.

O, "Sabah"ın infrastrukturunu yüksək qiymətləndirib və klubun malik olduğu şəraitin İspaniyanın yüksək liqasında çıxış edən bir çox komandada belə olmadığını söyləyib:

"İnfrastruktur həqiqətən möhtəşəmdir. Əməkdaşlarımızın sayı çox deyil, lakin bu baxımdan klub çox yüksək səviyyədədir. Deyərdim ki, burada İspaniyanın yüksək divizionunda çıxış edən bir çox komandanın həsəd aparacağı şərait var. Tibbi resurslara gəlincə, azsaylı heyətimiz olduğunu nəzərə alsaq, yaxşı iş gördüyümüzü düşünürəm. Futbolçular çox razıdırlar. Onların ehtiyac duyduqları hər şeyi əldə edib-etmədiklərini anlamağın ən yaxşı yolu da məhz budur".

Peres Lopes "Sabah"ın Çempionlar Liqasında iştirak etməsinə baxmayaraq, tibbi xidmətində cəmi yeddi mütəxəssisin çalışdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, gündəlik işlərdə beş nəfər iştirak edir.

"Klubumuzu xüsusi edən də məhz budur. Çempionlar Liqasında çıxış etməyimizə baxmayaraq, digər klublardan fərqli olaraq, əməkdaşlarımızın sayı çox deyil. Mən fizioterapevtəm və komandanın həkimi ilə birlikdə tibbi istiqamətə ümumi rəhbərlik edirəm. Nikolas Dominqes futbolçuların zədələrdən sonra bərpasına cavabdehdir. Birlikdə hər gün bütün oyunçuların vəziyyətini və bərpa prosesinin gedişatını izləyirik.

Bundan başqa, masajçılarımız var. Onlar müxtəlif prosedurları həyata keçirir, məşqlər zamanı meydanda tibbi yardım göstərilməsinə kömək edirlər. Matçlarda Nikolas, komandanın həkimi və mən çalışırıq. Bu il ispaniyalı qidalanma məsləhətçisi Felipe ilə də əməkdaşlığa başlamışıq. Gündəlik işlərdə beş nəfər iştirak edir, ümumilikdə isə tibbi xidmətimiz yeddi mütəxəssisdən ibarətdir".

İspaniyalı mütəxəssis həyat yoldaşı və iş yoldaşları ilə birlikdə Bakıya köçməsinin uyğunlaşma prosesini asanlaşdırdığını bildirib. Onu ən çox təəccübləndirən isə yerli insanların əcnəbilərə münasibəti olub:

"Şəxsi baxımdan uyğunlaşmaq mənim üçün çətin olmadı. Həyat yoldaşımla birlikdə gələ bildim. Başqa ölkədə yenidən həyat qurmaq yanında sənə dəstək olan insanlar olduqda daha asandır. İş komandamdan Diego Qarsiya və bərpa mütəxəssisimiz Nikolas Dominqes də mənə həm şəxsi, həm də peşəkar baxımdan çox kömək edirlər.

Peşəkar mühit həqiqətən fərqlidir. Bu, peşəkar futboldur, lakin Avropada alışdığımızdan fərqli tələblər və yanaşmalar var. Məni ən çox insanlar təəccübləndirdi. Klubun yerli əməkdaşları həyatımızı asanlaşdırmaq üçün əllərindən gələni edirlər. Onların bizə kömək etmək istədikləri və burada çalışmağımızda maraqlı olduqları açıq-aydın görünür. Eyni münasibəti ümumilikdə Azərbaycan sakinlərində də müşahidə etdim. Onlar çox mehribandırlar və aramızda çoxlu fərqlər olmasına baxmayaraq, burada olmağımızdan məmnun olduqlarını hiss edirik".

Peres Lopes "Sabah"a gəldikdən sonra tibbi xidmətin iş metodlarında dəyişikliklər etdiklərini də açıqlayıb. Onun sözlərinə görə, diaqnostika və zədələrdən sonra bərpa prosesinə yanaşma yenilənib və klub rəhbərliyi bu dəyişiklikləri müsbət qarşılayıb:

"Bura gələndə öz iş metodlarımızı təqdim etdik və onlar heç bir problem olmadan qəbul edildi. Əvvəllər burada, məsələn, diaqnostika və ya zədələrdən sonra bərpa məsələlərinə fərqli yanaşılırdı. Bir çox dəyişiklik etdik, lakin bunlar çox yaxşı qarşılandı. Düşünürəm ki, biz öz təcrübəmizi onlarla bölüşürük, eyni zamanda özümüz də onlardan öyrənirik".

"Sabah"ın eyni vaxtda üç turnirdə mübarizə aparması və avrokubok səfərləri tibbi xidmətin işini də çətinləşdirib. Peres Lopes bildirib ki, artıq futbolçuları yalnız növbəti oyuna deyil, bütöv ayın təqviminə uyğun hazırlamaq lazımdır:

"Məsələ artıq futbolçunu sadəcə şənbə və ya bazar günü keçiriləcək oyuna hazırlamaqdan ibarət deyil. Bütöv bir ayın logistikasını düşünməlisən. Məsələn, bu ay 31 gün ərzində doqquz oyunumuz var. Aydındır ki, heç bir futbolçu müəyyən narahatlıq hiss etmədən 90 dəqiqəlik doqquz matçda iştirak edə bilməz. Bu narahatlıq isə daim qiymətləndirməli olduğumuz risk deməkdir.

Altı saatlıq uçuş bir çox problemi daha da ağırlaşdırır. Futbolçu səfərə gedirsə, deməli, komanda üçün çox vacibdir. Lakin uçuşun həm gedərkən, həm də qayıdarkən onun fiziki vəziyyətinə təsir edəcəyini nəzərə almalıyıq. Ola bilsin ki, növbəti çempionat oyununda ona istirahət lazım olacaq, yaxud zədəyə səbəb ola biləcək xoşagəlməz hissləri aradan qaldırmağa çalışmalıyıq".

Uzun səfərlərin və saat qurşağı fərqinin təsirini azaltmaq üçün tibbi heyət xüsusi protokollardan istifadə edir. Bu prosesdə qidalanma rejimi də nəzərə alınır:

"Vaxt fərqinin təsirini, yaxud ən azı orqanizmin bunu necə qəbul etdiyini maksimum dərəcədə azaltmağa çalışırıq. Məqsəd futbolçuların bütün mövsüm ərzində eyni bioloji ritmi qoruması və yarış zamanı maksimum nəticə göstərməyə hazır olmasıdır.

Çətinlik protokolun özündə deyil, futbolçuların ona əməl etməsindədir. Bəzən onlara elə gəlir ki, söhbət əhəmiyyətsiz detallardan gedir. Çox vaxt bunlar sadə məsələlərdir: axşam yeməyini bir qədər tez yemək və ya məşq cədvəlinə uyğun olaraq qidalanma vaxtını dəyişmək. Bütün bunlar qidalanma mütəxəssisi ilə birlikdə əlaqələndirilir".

Peres Lopes "Sabah"ın əsas heyətinin sabitliyində tibbi xidmətin də rolunun olduğunu qeyd edib. Onun sözlərinə görə, ötən ildən bəri komandada zədələr azalıb. Bununla belə, zədədən sonra futbolçunun meydana qayıtması ilə bağlı qərar həmişə asan verilmir:

"Futbolçu zədədən qayıdanda onun vəziyyəti daim nəzarətdə saxlanılır. Müxtəlif testlər və yoxlamalar keçirilir, müəyyən mərhələlər tamamlandıqca növbəti mərhələyə keçid edilir. Bu prosesdə oyunçunun özünü necə hiss etməsi də vacibdir.

Çempionlar Liqasında oynamaq istəyən futbolçularımız olub və onlar bəlkə də fərqində olmadan bəzi narahatlıqlarını kiçildərək göstəriblər. Yaxud açıq şəkildə bildiriblər ki, bu oyun onlar üçün çox vacib olduğundan nəyin bahasına olursa-olsun meydana çıxmaq istəyirlər. Buna görə də yekun qərar məşqçilər heyəti, futbolçu və tibbi xidmət tərəfindən birlikdə qəbul edilir. Biz risk səviyyəsi barədə məlumat təqdim edirik. Bu risk aşağı, orta və ya yüksək ola bilər".

O, əsas heyətin sabitliyinin də zədələrin azlığı ilə əlaqəli olduğunu bildirib:

"Əgər start heyəti sabitdirsə, bunun səbəblərindən biri də ötən ildən indiyədək futbolçuların demək olar ki, zədələnməməsidir. Bu, çox böyük əhəmiyyət daşıyır. Komandamızın gücü kollektivdədir və hər bir futbolçu fərq yarada bilər".

Mateo Peres Lopes "Barselona"nın Bakıya səfərinin şəhərdə böyük maraq doğurduğunu söyləyib. Bununla belə, onun sözlərinə görə, futbolçular üçün əsas hadisə rəqibin kimliyindən asılı olmayaraq Çempionlar Liqasında iştirak etməkdir:

"Bizim üçün əsas hadisə Çempionlar Liqasında iştirak etməyimizdir. Rəqibin ‘Barselona", ‘Real", ‘Atletiko", ‘Mançester" və ya başqa komanda olması fərq etmirdi. Bu turnirdə əvvəllər heç vaxt çıxış etməyən və aparıcı çempionatlarda oynamaq imkanı qazanmayan futbolçularımızın əksəriyyəti üçün bu, eyni dərəcədə həyəcanvericidir.

Şəhər səviyyəsində isə vəziyyət həqiqətən fərqlidir. Bildiyimizə görə, ‘Barselona" burada müxtəlif layihələr həyata keçirib, uşaq futbol düşərgələri və akademiyalar təşkil edib. Bu da klubun şəhərlə digər komandalardan daha sıx əlaqə qurmasına imkan yaradıb. ‘Barselona"nın Bakıya gələcəyi məlum olan kimi yerli dostlarım dərhal məndən bilet istəməyə başladılar. ‘Napoli" ilə oyun barədə isə indiyədək heç kim məndən soruşmayıb. Buna görə də düşünürəm ki, bütün şəhər bu matçla yaşayacaq".

İspaniyalı mütəxəssis tibbi baxımdan "Barselona" ilə qarşılaşmanın mövsümün ən çətin oyunlarından biri olacağını düşünür. O, Kataloniya klubunun hücum gücünə və oyunçularının yüksək intensivliyinə diqqət çəkib:

"Biz tibbi xidmətin əməkdaşları olaraq qarşılaşa biləcəyimiz vəziyyətlərə əvvəlcədən hazırlaşmaq üçün bir qədər pessimist olmağa çalışırıq. Gizlətməyəcəyəm: ‘Barselona"nın mövsümə necə başladığını, səhv etmirəmsə, səkkiz oyunda 30-dan çox qol vurduğunu görəndə başa düşürsən ki, bizi çox qaçmalı olacağımız oyun gözləyir. Bununla belə, futbolda bir çox başqa amillər də var və bu matç mütləq ən çətin qarşılaşmamız olmaya bilər. Amma şübhəsiz ki, mövsümün ən çox fiziki güc tələb edən oyunlarından biri olacaq".

Peres Lopes "Sabah"ın turnirdə iştirak etməklə kifayətlənmək niyyətində olmadığını, növbəti mərhələyə yüksəlməyi hədəflədiyini vurğulayıb.

"Əvvəldən qarşıya qoyduğumuz iddialı məqsəd Çempionlar Liqasına vəsiqə qazanmaq idi. Çempionatda və Kubokda qalib gəlmək də hədəflərimiz arasında idi. İndiyədək qarşımıza qoyduğumuz bütün iddialı məqsədlərə çatmışıq.

Hazırda paltardəyişmə otağında bu barədə soruşsanız, deyə bilərəm ki, məqsədimiz sadəcə turnirdə iştirakdan zövq almaq deyil. Bir çoxları belə deyir. Əlbəttə, baş verənlərdən zövq alırıq, lakin hədəfimiz növbəti mərhələyə yüksəlməkdir. Bu, iddialı vəzifədir, bəlkə də bizi gözləyən oyun təqvimini nəzərə alsaq, bütün hədəflərimiz arasında ən iddialısıdır. Belə ambisiyalarımız olmasaydı, burada olmazdıq və hazırda rəqiblərimizə göstərdiyimiz müqaviməti də göstərə bilməzdik".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Sabah" - "Barselona" oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Matçdan əvvəl "Barselona" 9 xalla turnir cədvəlinin 6-cı, 3 xalı olan "Sabah" isə 31-ci pilləsində qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 15:30

"Qalatasaray"ın hücumçusu Dəniz Gülə Çempionlar Liqasında burnuna dəyən zədə üzündən uğurla əməliyyat edilib

Others
Today, 15:14

Məhəmmədəli Osmanlı UFC-də kəmər qazana biləcəyinə əmin: "Növbəti rəqibim ilk məğlubiyyətini məndən alacaq"

Qarabagh FC
Today, 15:11

"Qarabağ" "Sumqayıt"la ev oyununda xanım azarkeşlərə pulsuz QR biletlər təqdim edir

Football
Today, 15:11

AFFA

Others
Today, 14:36

Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb: Dohada Ceyk Metyuzu məğlub etdi

Football
Today, 14:24

Stiv Solvet: "Barselona"ya məğlub olsaq, qeyri qətiyyən forma istəməyəcəyəm, azarkeşlərlə sağollaşıb gedəcəyəm

Football
Today, 14:05

PSJ zədələnmiş oyunçular səbəbindən "Vilyarreal"ın yarımmüdafiəçisi Alberto Moleyronu qış transferində heyətinə qatmaq istəyir

Football
Today, 13:34

Litvanın XİN naziri Budris: Bu gün "Sabah"-"Barselona" matçını Bakıda izləyəcəyəm

Football
Today, 13:14

"Tottenhem" akademiyasının yetirməsi Luka Uilyams-Barnett ilə yeni müqavilə imzalayıb

Football
Today, 13:08

Vinisius Junior PSV-yə qarşı "Real" forması ilə ÇL-də 35-ci qolunu vurub və Puşkaşın rekorduna çatıb

Football
Today, 12:50

Sabahın Barselona qarşısındakı oyunu İctimai TV-də canlı yayımlanacaq

Football
Today, 12:00

Xosep Qvardiola İtaliya milli komandası təklifini rədd etdi

Qarabagh FC
Today, 11:18

"Qarabağın yamaykası Renaldo Sefas klubdan ayrılmaq istəyi ilə gözlənilməz ayrılıq riski daşıyır"

Judo
Today, 11:14

Bakıda cüdo məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçiriləcək

Football
Today, 11:08

"Sabah" və "Fənərbaxça"nın UEFA Çempionlar Liqasındakı matçları bu kanallarda canlı yayımlanacaq

Football
Today, 10:15

İvan Perişiç UEFA Çempionlar Liqasında penaltidən qol vuran ən yaşlı futbolçu oldu

Football
Today, 09:44

Amerika kuboku 2028-ci ildə ABŞ-da keçiriləcək

Volleyball
Today, 09:38

Turan qadın voleybol komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununu oynayacaq

Football
Today, 09:23

UEFA Gənclər Liqasında Sabahın U-19 komandası beşinci oyunu oynayacaq

Football
Today, 09:22

Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik video

Football
Today, 09:09

UEFA Çempionlar Liqası V turu: 9 qarşılaşma baş tutacaq, "Fənərbağça" "Şaxtyor"la üzləşəcək

Football
Today, 09:00

"Sabah" komandası UEFA Çempionlar Liqasının V turunda "Barselona" ilə üz-üzə gələcək

Football
Today, 08:39

Barselona futbolçusu Frenki de Yonqa "Yamal GTA VI oynadığı üçün gəlməyib?" sualı - Video

Related news

Football
Today, 15:11