UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Belarus "Dinamo"su ilə ilk oyununda (2:4) futbolçuların fərdi səhvləri "Neftçi"də özünəinamı azaldıb.
Bunu "Report"a açıqlamasında paytaxt təmsilçisinin sabiq futbolçusu Elmar Baxşıyev deyib.
O, "Neftçi"nin mübarizəyə yaxşı başladığını, lakin sonradan təşəbbüsü əldən verdiyini vurğulayıb:
"Neftçi"nin qarşılaşmadakı çıxışını iki hissəyə bölmək mümkündür. Əvvəlcə yüksək təzyiq nəticəsində istənilən qollar vurulsa da, sonradan üstünlük rəqibə keçdi. Buraxılan qolların fərdi nöqsanlardan qaynaqlanması komandanın ruh yüksəkliyini zədələdi".
Təcrübəli mütəxəssis komandanın imkanlarının genişliyini, lakin nöqsanların həll olunmasının vacibliyini qeyd edib:
"Komandada potensialın olduğu hiss edilir, lakin xətlərarası əlaqə tam qaydasına düşməyib. Əlbəttə, 2:0-dan sonra 2:4 hesabı ilə uduzmaq ağrılı oldu. Buna görə də ruh düşkünlüyünü aradan qaldırıb ikinci qarşılaşmaya köklənmək lazımdır. "Dinamo"nu keçmək mümkündür. Qüsurları təhlil edərək cavab matçında geridönüş etmək olar".
Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 30-da təşkil olunacaq. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) – "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.