Aşağı yaş qrupları üzrə liqalarda keçirilən oyunlarda baş verən qayda pozuntularına görə 8 komandaya texniki məğlubiyyət verilib.
"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Gənclər Liqasında noyabrın 1-də keçirilən "İmişli" – "Lion" oyununda qonaq komanda matçın 29-cu dəqiqəsində meydanı tərk etdiyi üçün onlara texniki məğlubiyyət verilib, hesab olduğu kimi saxlanılıb.
U-14 Liqasında oktyabrın 31-də keçirilməsi nəzərdə tutulan "Ağdam" – "Aran" (Beyləqan) matçına meydan sahibləri, "Füzuli" – "Zəfər" (Bərdə) görüşünə isə qonaqlar təyin olunmuş vaxtda gəlmədiklərinə görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.
Noyabrın 1-də keçirilməli olan "Qafqaz Arena" – "Zəfər" və "Şamaxı" – "Çinar" (Göyçay) qarşılaşmalarında isə "Zəfər" və "Çinar" komandaları oyuna çıxmaqdan imtina etdikləri üçün onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasında oktyabrın 31-nə təyin olunan "Universal Football Academy" – "Məhəllə Uşaqları" (Sumqayıt) matçına təyin olunmuş vaxtda gəlməyən qonaqlar da eyni şəkildə cəzalandırılıblar.
U-10 Liqasında oktyabrın 31-də keçirilən "Kürdəmir" – "Çinar" (Göyçay) görüşünün 5-ci dəqiqəsində qonaqların heyətində sənədləri düzgün olmayan oyunçu aşkarlandığı və yetərsay olmadığı üçün matç yarımçıq dayandırılıb. Bu səbəbdən Göyçay təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni gündə nəzərdə tutulan "Şamaxı" – "Çərəkə" (Göyçay) matçına vaxtında gəlməyən "Çərəkə" komandası da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıb.