top
“İkardi yanımdan keçirdi, amma Şahruddini görəndə sevindim” - “Qarabağ”ın himn müəllifi Lent.az-a DANIŞDI Lent.az
28 avqust 2024, 14:34
- +

“İkardi yanımdan keçirdi, amma Şahruddini görəndə sevindim” - “Qarabağ”ın himn müəllifi Lent.az-a DANIŞDI

"Başımı qaldırıb yuxarı baxdım. Minlərlə insan yazdığım himni eşidirdi. Çox həyəcanverici hisdir. İlk dəfə idi ki, mən stadionda texniki zonada idim. Atmosferi oradan hiss etmək... Uşaqlıqda mən daha çox "Qalatasaray" azarkeşi idim. Amma həmin gün İkardinin yanımdan keçməsi önəmli deyildi, Şahruddini görəndə daha çox sevinirdim". 

Bu sözləri Lent.az-a "Qarabağ" futbol klubunun rəsmi himnini yazan gənc bəstəkar Rüzgar Əhmədzadə söyləyib. 

Onunla geniş müsahibəni təqdim edirik: 

- Rüzgar xanım, "Qarabağ"a yazdığınız rəsmi himn böyük səs-səda doğurdu. Necə oldu ki, himn yazmaq qərarına gəldiniz?

- 2022-ci ildə atam məni "Qarabağ"ın "Nant"la oyununa apardı. İlk dəfə idi ki, "Qarabağ"ı stadiondan izləyirdim. Həmin oyundan çox təsirlənmişdim. Artıq "Qarabağ"a bir futbol klubu kimi yox, doğma komanda kimi baxırdım. Oyundan sonra evə qayıdan kimi "Qarabağ"ın saytına baxdım. "Himn və Simvol" bölməsinə nəzər yetirdikdə həmin bölmənin boş olduğunu gördüm. Biraz daha araşdırdım və yaxşı nümunələrlə qarşılaşmadım. Belə bir klubun daha yaxşı himni olmasını istəyirdim. Öz-özümə düşündüm ki, görəsən, mən "Qarabağ"a himn yazsaydım necə alınardı? İlkin musiqi motivini tapana qədər demək olar ki, günlərimiz, həftələrimiz gedib. Himnə diqqət yetirsəniz görərsiniz ki, musiqi notları yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya doğru yüksələn xətlə gedir. Himdə deyildiyi kimi "İrəli Qarabağ" ab-havasını vermək üçün əsərdə də notları aşağıdan yuxarıya yüksələn xətlə inkişaf etdirdik.

- Bundan əlavə, klubda hansı fəaliyyətləriniz olur?

- Hazırda klubun bədii məsələlərində bacardığım qədər köməklik edirəm. Artıq iki ildir ki, klubla yaxından əlaqəm var. Bu il klubun yeni sezon formasının çəkilişlərində bədii rəhbər kimi çalışırdım. Bundan əlavə, transferlərin çəkilişlərində ara-sıra iştirak edirəm. Ötən mövsüm Azərbaycan Kubokunun finalında 5 dəqiqə ərzində döyüş və cəngavərlik üslubuna yatan aşıq musiqisini cəmləyib mərasim keçirtdik. Kənardan adi bir musiqi kimi səslənə bilər. Amma belə bir fakt var ki, türk xalqları hər zaman döyüşə silahdan əlavə, zurna və davul da aparırdılar. Hətta tarixdə belə bir şey var ki, təpələrdə döyüş zamanı musiqi ifa olunurdu və döyüş etikası cəhətdən ifaçılara ox atılmırdı. Türk futbolunda da belə bir ənənə var ki, onlar stadionlarda zurna və davuldan istifadə edirlər. Amma təəssüf ki, bizim stadionlarda belə bir tendensiya yoxdur. Biz ilk addımı Azərbaycan Kubokunun final oyununda atdıq. Amma çox istərdim ki, digər klublarda da bu hal davam etsin. Çünki zurna və davulu toylarda, tək gəlin gətirəndə deyil, ondan başqa funksiyalarda da işlətmək lazımdır. Ümumiyyətlə, düşünürəm ki, ölkə futbolunda musiqiyə daha çox yer verilməlidir. Əlbəttə ki, biz əlimizdən gələni edirik. Elə məhz bu yaxınlarda Pasterin "Qarabağ"la bağlı mahnısı çıxdı. Mərdan Kazımovla da artıq rok janrında nümunə yazmağa başlamışıq. Amma düşünürəm ki, bu məsələdə tək olmamalıyam. Digər musiqiçilər də, bəstəkarlar da bu işə öz töhfələrini verməlidir. 

- İki ildir ki, klubla daha yaxın olduğunuzu qeyd etdiniz. Klubla bağlı hansı maraqlı xatirələriniz var?

- Əslində komanda ilə bağlı maraqlı xatirələrim həddindən artıq çoxdur. Ən yadda qalanı isə ötən mövsüm "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində "Molde" ilə oyununda olmuşdu. Oyunda Bəhlul Mustafazadə bizim üçün vacib olan həlledici qolu vurdu. Həmin zaman tribunada 2-3 nəfər var idi və onlar da İmişlidən idilər. Oyuna o qədər fokuslanmışdıq ki, Bəhlul qol vuran zaman klub rəhbərlərinin yanında özümüzdən asılı olmayaraq "İmişli, İmişli" deyə qışqırmışdıq. Həmin vaxt Bəhlul da yuxarıdan səsimizi eşidib, gülmüşdü. Bundan əlavə, futbolçu  Patrik Andradenin "Qarabağ"a transfer çəkilişi zamanı "Azərsun" arenada onun tribunaya qalxması lazım idi. Yəni ssenarini elə qurmuşduq. Lakin hansısa səbəblərə görə tribunaya keçid bağlı idi və oraya qalxmaq mümkünsüz görünürdü. Operatorla xeyli müzakirə etdik ki, Patriki ora necə çıxardaq? Bir də gördük ki, Patrik artıq tribunadadır. Biz orda müzakirə edən zaman o da tribunaya dırmaşmağa çalışıb. Həmin gün onunla stadionda paslaşdıq. Mənim üçün peşəkar futbolçuyla böyük meydançada pastlaşmaq unudulmaz  və çox zövqverici hadisə idi. 

"Komandada oyununu ən çox bəyəndiyim futbolçu Bəhlul Mustafazadədir"

- Bəs, komanda da oyununu ən çox bəyəndiyiniz futbolçu kimdir?

- Bu çox çətin sualdır. Çünki artıq özümü bu ailənin bir parçası kimi hiss edirəm. Məsələn, əvvəl hər hansı bir futbolçu zədələndikdə bir azarkeş kimi pis olurdum. Amma indi elə deyil. Komandada bir futbolçu zədələndikdə sanki çox yaxınım və ya mənə doğma olan birinin zədələndiyini düşünürəm. Bu səbəbdən hər bir futbolçu mənim üçün dəyərlidir. Amma ilk növbədə Bəhlul Mustafazadənin oyununu çox bəyənirəm. Çünki Azərbaycan futbol məktəbindən belə bir futbolçunun çıxması əhəmiyyətli hadisədir. Bəhlul Mustafazadənin həm xarakteri, həm də oyunda hiss elədiyi o məsuliyyət onu digər futbolçulardan çox seçir. Eyni zamanda o, çox sadə insandır. Kevin Medina ilə səfər oyunlarının birində Bəhluldan danışırdıq. O, mənə dedi ki, Bəhlulun savaşı özüylədir:

"O, özü ilə yarışır".

Bu ifadə çox xoşuma gəlmişdi. Məhz elə bu səbəblərdən Bəhlul komandada oyununu bəyəndim futbolçulardan biridir. Legionerlərdən isə Marko Yankoviçdir.

- Dediyiniz kimi hələ himn tam hazır deyildi. Niyə məhz "Qalatasaray"la oyunda səsləndirildi?

- Həmin vaxt himnin yazılma prosesi artıq tamamlanmışdı. "Qarabağ"ın direktoru Emrah bəy Çelikel "Qalatasaray"la oyunda himnin səslənməsini təklif etdi. Təbii ki, 10 günə səsyazmanı çatdıra bilməzdik. Ona görə də "Qalatasaray"la matçda səslənən himn ilkin variantın daha da inkişaf etdirilmiş elektron variantı idi.

- Bəs, təqdimat niyə bu qədər gecikdi?

- Azərbaycan Dövlət Simfonik Orkestri ilə Dövlət Xor Kapellasına birgə uyğun vaxt tapa bilmirdik. Səsyazma, çəkiliş üçün ortaq vaxtın tapılması çox çətin idi. Təəssüf ki, həmin vaxt Azərbaycan Dövlət Simfonik Orkestrı və Dövlət Xor Kapellasının proqramına daxil ola və səsyazmamızı zamanında gerçəkləşdirə bilməmişdik. Çünki filarmoniyanın proqramı bir il və ya aylar öncə planlaşdırılır. Nəhayət, Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellasına uyğun bir vaxt tapdıq. Səsyazma iyun aylarına, mövsümün sonuna təsadüf etdi. Daha sonra video məsələləri üzrə işlərə başlanıldı. Həmin videonun müəyyən bir dramaturji xətti olduğu üçün onun planı, zamanlaması çox vaxt apardı və nəhayət, indi bunu tamamilə yekunlaşdıra bildik. Hər şey ən incə detalına qədər düşünülmüşdü. Təqdimat videosunun hər bir saniyəsi haqqında bəlkə də dəqiqələrlə danışa bilərəm.

- Himn ilk dəfə "Qalatasaray"la yoldaşlıq oyununda səsləndiyi zaman hansı hisləri keçirtdiniz?

- Himn səslənərkən başımı qaldırıb yuxarı baxdım. Minlərlə insan yazdığım himni eşidirdi. Bu çox qəribə hisdir. Bundan əlavə, ilk dəfə idi ki, mən stadionda texniki zonada idim. Atmosferi oradan hiss etmək, daha çox klub ailəsinin bir üzvü kimi oradan himni dinləmək tamam başqa bir duyğu idi. Futbol atmosferi bir başqa cürə diqqətimi çəkən məqam oldu. Uşaqlıqda mən daha çox "Qalatasaray" azarkeşi idim. Amma həmin gün İkardinin yanımdan keçməsi önəmli deyildi, Şahruddini görəndə daha çox sevinirdim. 

- Yazdığınız himn böyük kütlə tərəfindən çox bəyənildi. Eləcə də həmçinin tənqid edənlər də çox oldu. Tənqidlərə necə reaksiya verirsiniz?

- Himnin hazırlanması prosesində futbolçulara yazılan tənqidləri oxuyurdum. Artıq özümü buna hazırlamışdım. Bilirdim ki, canını ortaya qoyan bir insan bir dəfə səhv etdikdə o, necə tənqid olunur. Həmin sərtliyə özümü öyrəşdirmişdim. Bilirdim ki, yerli-yersiz tənqid olunacam. Himn təqdim olunduqdan sonra bəyənən və bəyənməyənlər də, haqlı və ya haqsız tənqidlər də vardı. Haqlı tənqidlərdən biri himndə sözlərin anlaşılmaz olması ilə bağlı idi. Ümumiyyətlə, xor musiqisi anlaşılan deyil. Yəni himndəki sözlər hər zaman yaxşı başa düşülmür. Amma həmin tənqiddən sonra diqqət yetirdik ki, o anlaşılmazlıq bizim himndə biraz daha çoxdur. Məhz bu səbəbdən bir neçə ay sonra biz vokalları redaktə etdik. Daha aydın variant artıq bir-iki oyundur səsləndirilir. 

- Biraz da bəstəkarlıq fəaliyyətinizdən danışaq… Bəstəkar olmağa necə qərar verdiniz?

- Artıq 7-8-ci sinifdə oxuyarkən şifahi pyeslər yazmağa başladım. Həmçinin paralel olaraq uşaqlıqdan rəssamlıqla da məşğul olurdum. Əslində fikrim də o yöndə idi. Düşünürdüm ki, rəssamlığa davam edəcəyəm. Qardaşım uşaqlıqdan bəstəkarlıq instinktimi kəşf etmişdi. Amma buna baxmayaraq, yenə də çəkinirdim. Çünki uzun müddət idi ki, musiqi ilə məşğul olmurdum. Bəstəkarlıq isə həm musiqi, həm də konservatoriyadan ibarət olan piramidanın ən uc nöqtəsidir. Bəstəkar hər şeyi bilməli və nəzəri bilikləri çox güclü olmalıdır. Ona görə də ilk başlarda mənim üçün çox çətin idi. Müəllimlərlə danışdıq. İki il ərzində universitetə hazırlaşıb, daxil olmağımla bağlı müzakirələr apardıq. Məndə müəyyən boşluqlar vardı. Konservatoriyaya da girmək üçün 11 illik musiqi savadı olmalıdır. 11 illik musiqi təhsilini mən iki il ərzində gündə 8-9 saat çalışaraq oxudum və diplom aldım. Ali təhsilimi isə Azərbaycan Milli Konservatoriyasında bitirmişəm. Azərbaycanın əməkdar incəsənət xadimi, professor Aydın Əzimovun sinfində təhsil almışam. Məzun olmağıma baxmayaraq, hələ də Aydın müəllimin yanına gedirəm. Hazırda əsasən klassik musiqi janrı ilə yanaşı olaraq, film musiqisi, populyar janrlar və "Qarabağ"ın müəyyən bədii cəhətdən texniki işlərinə də köməklik edirəm. Həmçinin digər qurumlar üçün marşlar və s. kimi sifarişlər qəbul edirəm. 

- Rüzgar xanım, bu gün gənc bəstəkarlar hansı problemlərlə üzləşirlər?

Gənc bəstəkarların hazırda ən aktual problemlərindən biri əsərlərinin çox az səsləndirilməsidir. Özünü tutmaq məsələsi aspektindən çox çətindir. Bundan əlavə, ünsiyyət də çox önəmlidir. Müəyyən əlaqələr qurulmalıdır. 

- Hazırda Bəstəkarlar İttifaqının çatışmayan tərəfləri nələrdir?

- Bəstəkarlar İttifaqının əsas problemlərindən biri gənc bəstəkarlar üçün kifayət qədər qonorarlı müsabiqələrin keçirməməsidir. Orada bir motivasiya yoxdur. İttifaqın əsasən fəaliyyəti mərhum bəstəkarların yubileylərinin keçirilməsindən ibarətdir. Təbii ki, bu məsələlərlə paralel olaraq daha maraqlı işlər də görmək olar. Düşünürəm ki, bu cəhətdən passivlik var. 

- Bəstəkar olmasaydınız, başqa hansı peşəni seçərdiniz?

- "Qarabağ"a gəldikdən sonra piar və marketinq işlərində uğurlu ola biləcəyimi görürəm. Ona görə də düşünürəm ki, bəstəkar olmasaydım, hər hansı bir təşkilati məsələnin bədii cəhətdən piar və marketinqi ilə məşğul olardım. 

- Bəs, nə vaxtsa, hansısa idman klubu və ya futbol klubu üçün himn yazmaq istəyərsiniz?

- Azərbaycanın hər bir futbol klubunun uğurlu olmasını ürəkdən istəyirəm. Hətta digər klubların xarici komandalarla oyunu olanda gedib dəstəkləyirəm. Çünki bu ölkəmizin də uğuru sayılır. Amma bu elə bir məsələ deyil. Çünki, mən bu günə qədər "Qarabağ"a kommersial baxmamışam. Himn səmimi hisslərdən yaranan bir işdir. Məsələn, digər futbol klublarından himn yazmaq təklifi gəlsə, mənim həmin himni yazmağım nə dərəcədə səmimi çıxar? Əlbəttə ki, himn təklifləri digər idmanla və ya sahə ilə bağlı olsa sevərək dəyərləndirərəm. Amma digər futbol klublarına himn yazmaram. Bu da "Qarabağ" üçün yazdığım himnin səbəbinin səmimiyyətindən qaynaqlanır.

FOTOLAR: Rüfət Mustafayev

Rəylər (0)

Son xəbərlər

Cüdo
Bu gün, 22:59

Məşqçi-müəllim sertifikatlar təqdim olunub - FOTO

Futbol
Bu gün, 22:34

“Qarabağ”ın əvəzedici komandası “Neftçi-2″ni məğlub etdi

Futbol
Bu gün, 22:25

"Turan Tovuz"dan azarkeşlərə jest

Digər
Bu gün, 22:16

Fərid Qayıbov son üç ayda beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb

Futbol
Bu gün, 21:56

Bakıda 2 qol vuran futbolçu soyulub

Futbol
Bu gün, 21:36

İkardidən əməliyyatla bağlı paylaşım

Futbol
Bu gün, 21:26

Hansi Flik: “Şesni çox məşq edir, lakin Pena əsas qapıçıdır”

Futbol
Bu gün, 20:57

PFL şərtləri dəyişdi – münsiflər heyəti yaradıldı

Futbol
Bu gün, 20:43

Bu dəfə də 0:1

Futbol
Bu gün, 20:27

Türkiyəli mütəxəssis: “Qarabağ”da çox gözəl günlər keçirmişəm”

Futbol
Bu gün, 20:12

Cavid Hüseynov "Zirə"nin sabiq futbolçusunu istəyir

Futbol
Bu gün, 20:11

Milli ruslarla yenə bacarmadı

Formula
Bu gün, 19:29

Serxio Peresə son şans verilib

Futbol
Bu gün, 19:28

“Qarabağ”a qol vuran hücumçu silahlı hücuma məruz qaldı

Futbol
Bu gün, 19:07

Millimizin futbolçusu Rusiya və Ukrayna klublarından təklif alıb

Futbol
Bu gün, 18:59

Hasselbaynkdan sonra Palmer

Futbol
Bu gün, 18:36

Şəhriyar Əliyev: "Digərinə baxanda, ən çətin rəqib bizə düşüb" - MÜSAHİBƏ

Qarabağ FK
Bu gün, 18:03

Önder Karaveli: “Qarabağ”ın nailiyyətləri hamımızı çox qürurlandırır”

Digər
Bu gün, 18:01

Fərid Qayıbov: “Bu tədbirlər vasitəsilə daha çox insan idmanla məşğul olmağa başlayır”

Futbol
Bu gün, 17:57

"Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarına seminar keçirilib - FOTO

Cüdo
Bu gün, 17:47

Cüdoçumuz Çempionlar Liqasına yollanacaq

Futbol
Bu gün, 17:39

PSJ-də gərginlik

Futbol
Bu gün, 17:30

Məşqçi Kriştiano Ronaldoya istirahət verəcək?

Futbol
Bu gün, 17:29

Slot: “Mançester Siti” kimi komanda hər an sizi narahat edir”

Oxşar xəbərlər