21 yaşlı Ellada Qədirova uşaqlıqdan rolik sürməyə maraq göstərir. Gənc qızın Bakının boş küçələrində inamla rolik sürdüyü videolar sosial şəbəkələrdə minlərlə baxış toplayır.
O, hobbisini daha böyük bir işə çevirə bilib və hazırda həm uşaqlara, həm də böyüklərə bu idman növünü öyrədir. Bununla yanaşı, rolik Elladanın məşğul olduğu sahələrdən yalnız biridir. O, universitetdə memarlıq ixtisası üzrə təhsil alır və eyni zamanda özünü bir çox digər istiqamətlərdə inkişaf etdirir.
İdman.Biz Ellada Qədirova ilə roliklərin onun həyatına necə çevrildiyi, bu idman növünə kimlərin maraq göstərdiyi və onun özəllikləri barədə söhbətləşib.
-Rolik sürməyə nə vaxtdan başlamısınız?
- Doqquz yaşımdan. O zaman ən adi roliklərim var idi. Bir müddət sonra bu məşğuliyyəti kənara qoydum, amma 12 yaşımdan etibarən müntəzəm şəkildə sürməyə başladım. Bir vaxt xarici rolik-bloqerin videosuna rast gəldim. Onun texnikasını izləyir və təkrarlamağa çalışırdım.
Daha sonra valideynlərimə izah etdim ki, mənə peşəkar roliklər lazımdır. Videolar göstərirdim, hansı fəndləri etmək istədiyimi və köhnə roliklərlə bunun niyə mümkün olmadığını danışırdım. Anamla atam məni başa düşdülər və dəstək oldular. Onların sayəsində təxminən 300 manat dəyərində ilk peşəkar roliklərim oldu. Bahalı idi, amma artıq beş ildən çoxdur ki, mənə xidmət edir.
Zamanla sürəti sevməyə başladım. Təktəkərli rolik sürən bir dostum var idi. Tez-tez gecə saat üç-dörddə, yollarda demək olar ki, maşın olmayanda sürməyə və video çəkməyə çıxırdıq.
Посмотреть эту публикацию в Instagram
- Rolik idman növü kimi Azərbaycanda nə dərəcədə populyardır?
- Bakıda rolik sürənlər və hətta kiçik icmalar var, amma ümumilikdə bu istiqamət çox da populyar deyil. Üstəlik, bizdə bu idman növünü peşəkar səviyyədə inkişaf etdirmək üçün nə şərait, nə də maraq var.
Bir vaxtlar Azərbaycanda yay hokkeyini başlatmaq planlaşdırılırdı və bu layihənin tanıdılması üçün bizə – rolik sürənlərə müraciət olunmuşdu. Amma ölkədə peşəkar rolikçilərin və məşqlərə gəlmək istəyənlərin sayı az olduğu üçün layihə həyata keçirilmədi.
Bəzən Qazaxıstandan yarışlarda iştirak edən rolikçilər gəlirdi: konuslar arasında rəqs (fristayl-slalom – konuslar arasında fəndlərin və rəqs elementlərinin yerinə yetirilməsi - red.), uzunluğa tullanma, sürət yürüşləri. Onlar Azərbaycanda belə turnirlərin olub-olmadığını soruşurdular. Təəssüf ki, yoxdur. Bizdə hər şey parklarda sürməklə məhdudlaşır. Peşəkar inkişaf üçün başqa ölkəyə getməyi isə düşünməmişəm, çünki memarlıq ixtisası üzrə oxuyuram və rolik mənim üçün yenə də hobbi olaraq qalır.

- Başqalarına məşq keçməyə necə qərar verdiniz?
- Hər şey təsadüfən başladı. Bir qadın mənə yaxınlaşıb qızına rolik sürməyi öyrədib-öyrədə bilməyəcəyimi soruşdu. Razılaşdım. O zaman 15 yaşım var idi və bu, mənim ilk şagirdim idi. Hələ də onu xatırlayıram - qızın adı Səkinə idi, doqquz yaşı vardı. Çox istedadlı idi. Elə bil mən ona yox, o mənə nəsə öyrədirdi. Onun sayəsində uşaqlarla düzgün işləməyi anladım.
Sonra yanıma müxtəlif uşaqlar gəlməyə başladı: kimisi utancaq idi, kimisi həddindən artıq aktiv, kimisi isə naz edirdi. Zamanla başa düşdüm ki, hər uşağa fərdi yanaşma lazımdır. Kimini ruhlandırmaq və hər şeyi birlikdə etmək lazımdır, kimini isə sadəcə əlindən tutub, sakitcə onun özü sürməyə qərar verənə qədər gözləmək kifayətdir.
Əvvəllər məşqçi kimi çox həyəcanlanırdım, haradan başlayacağımı bilmirdim və dərslər üçün çox az məbləğ alırdım. Sonradan tədris proqramı hazırladım və komanda topladım. Nəticədə üç nəfər olduq: mən, bir qız və bir oğlan. Oğlan kişiləri, mən yeniyetmələri və böyük yaşlı qadınları, uşaqları isə əsasən digər qız məşq etdirir.
Biz bir növ icma yaratdıq - loqolu köynəklərimiz, vizit kartlarımız, kiçik reklamımız var idi. Gün ərzində 6-7 şagird yığılırdı, bəzən səkkiz saat fasiləsiz rolik üzərində dayanıb məşq keçirdik. Bu həm gəlirli, həm də çox əyləncəlidir. Yaz və yay aylarında, bəzən payızın əvvəlində işləyirik. Soyuq havalarda zal icarəyə götürməyi düşündük, amma bu, əlverişli olmadı: yol uzaq idi, tıxaclar olurdu, valideynlər üçün uşaqları gətirmək çətin idi. Yazda yenidən məşqlərə başlayacağıq.
Посмотреть эту публикацию в Instagram
- Mövsüm ərzində nə qədər qazanırsınız?
- Bir saat davam edən dərsin qiyməti 30 manatdır. Gündə 6-7 şagird qəbul edirəm və adətən həftədə iki dəfə işləyirəm. Bu mənim üçün tam kifayətdir.
- Məşqlərə daha çox kimlər gəlir?
- Əsasən valideynlər uşaqları aktiv bir işlə məşğul etmək üçün yazdırırlar - indi bir çoxu gününü evdə keçirir. Uşaqlıqda bunu arzulayıb, amma imkanı olmayan böyüklər də tez-tez gəlir. Onların arasında rolik üzərinə çıxmaqdan qorxanlar çoxdur. Mən də məhz belə insanlarla işləyirəm. Adətən 2-3 məşqdən sonra insan artıq rolik üzərində inamla dayanır, sonra isə tormozlama və daha çətin elementləri öyrədirik.
Yaş kateqoriyasına gəldikdə, daha çox 35 yaşdan yuxarı analardır. Ən yaşlı şagirdim təxminən 56 yaşında olub. Açığı, şokda idim: o, Ağ şəhərdən Bayraq meydanına qədər rahat şəkildə sürürdü və geri qayıdırdı. İki-üç saatdan sonra mən özüm yorulurdum, o isə deyirdi: "Mən bunu bütün ömrüm boyu arzulamışam".
İnsanlar bu idman növünü sevir, çünki açıq havadadır, canlıdır, enerji verir. 20-30 yaşlı bir çox qız deyir ki, zalda rolik sürəndə olduğu qədər tərləmirlər. Bu, əla fiziki yüklənmədir: ayaqlar yığılır, əzələlər işləyir, balans inkişaf edir, bel problemləri olmur. Üstəlik, bu, insanı rahatladır – bulvara çıxırsan, musiqini qoşursan və sürürsən.
Посмотреть эту публикацию в Instagram
- Qısa müddətdə insanı rolik üzərinə çıxarmağın sirri nədədir?
- Əvvəlcə şagirdlərlə söhbət edirik, gərginliyi aradan qaldırırıq. Sonra sadəcə yeriyirik. Bəzən hətta asfaltda yox, ot üzərində başlayırıq. Daha sonra insanı bir əlimdən tuturam, digər əlimlə sığortalayıram - lazım gəlsə, qoltuq altından dəstək verim deyə. Özüm yaxşı fiziki formadayam və insanı inamla saxlaya bilirəm. Elə hallar olub ki, məşqdən sonra qolum göyərmiş vəziyyətdə olub, amma şagirdlərdə dayaq hissi yaranıb və qorxu keçib.
Əgər görsəm ki, qız tərəddüd edir, deyirəm: "Sakit olun. Sadəcə adi ayaqqabı ilə yeridiyiniz kimi yeriyin". Adətən 15-20 dəqiqədən sonra insan öyrəşir, itələnməyə başlayır və özü sürür. Mən yenə də yaxınlıqda qalır və prosesi nəzarətdə saxlayıram.
Maraqlıdır ki, böyüklər rolik üzərinə çıxmaqdan uşaqlara nisbətən xeyli çox qorxurlar. Uşaq isə, ümumiyyətlə, demək olar ki, qorxu hiss etmir, xüsusilə də dəstək gördükdə.
- Roliki yalnız hobbi yox, daha ciddi məşğuliyyət kimi görən şagirdləriniz varmı?
- Var, amma adətən bu, sözdən o tərəfə keçmir.
- Öz məşqlərinizə nə qədər vaxt ayırırsınız?
- Tək çıxanda adətən 2-3 saat. Bəzən dostlarla sürürəm, amma həqiqətən rahat olduğum yeganə insan bloqer İmrandır. O, təktəkər sürür və çox keyfiyyətli videolar çəkir.
İmran yolumu kəsmir, toxunmur, həmişə vəziyyəti nəzarətdə saxlayır. İstənilən an dayana və sığortalaya bilir. Bir dəfə "Flame Towers"dən böyük enişlə arxaya doğru sürürdüm və tormozlamaq üçün dönə bilmirdim. Ondan dayanmağa kömək etməsini xahiş etdim və o, dərhal reaksiya verdi.
Rolik sürənlərlə bu mümkün olmur: onlar da sürətlə hərəkət edir və üstəlik, başqasını da sığortalamaq lazımdır.
- Yerinə yetirdiyiniz ən çətin element hansıdır?
- Sürət üzərində geriyə qaçışlar və 180 dərəcəlik dönüşlər. Yerində isə fristayl elementləri - dönüşlər, konuslar ətrafında fəndlər edə bilirəm. Hazırda bununla daha az məşğul oluram: mövsüm deyil, motivasiya da azdır. Amma hava yaxşılaşan kimi yenidən uşaqlarla çıxır və yeni şeylər öyrənirik.

- Roliklə bağlı xəsarətləriniz olubmu?
- Təxminən dörd dəfə maşın vurub, bir dəfə motosiklet yolumu kəsib, bir neçə dəfə velosipedçilərlə problem yaşanıb. Daha təhlükəli vəziyyətlər əsasən skuter sürənlərlə olur: mən düz, sakit sürürəm, onlar isə qəfil qarşıma çıxırlar. Xəsarətlərə gəldikdə - burun sınığı, bir neçə çıxıq, daimi göyərtilər və əziklər.
- Maksimum təhlükəsiz sürmək istəyənlərə nə məsləhət görərdiniz?
- İlk ay, insan özünü inamsız hiss edirsə, mütləq məşqçi ilə məşğul olmaq lazımdır. Sonra isə yıxılmaqdan qorxmamaq, amma mühafizə vasitələri ilə sürmək lazımdır. Şagirdlərə həmişə qoruyucu vasitələr tövsiyə edirik: dizliklər, dirsəkliklər, bilək qoruyucuları, mümkün olsa, kaska. Amma minimal sürətlə başladığımız üçün yıxılmalar nadir hallarda olur.
Əgər peşəkar şəkildə inkişaf etmək istəyirsinizsə, zamanla qoruyucu vasitələri çıxarmaq və düzgün yıxılmağı öyrənmək lazımdır. Mən özümü əsirgəmirəm - bu daha asandır və bir çox rolikçi də eyni prinsipi rəhbər tutur. Həmçinin peşəkarlar üçün zalda əlavə idmanla məşğul olmaq vacibdir: güclü əzələlər sürəti idarə etməyə, tormozlamağa və özünü sığortalamağa kömək edir.
- Rolikdən başqa nə ilə məşğulsunuz?
- Öz rəsm studiyam var, həmçinin SMM ilə məşğulam. Motosiklləri çox sevirəm – özüm sportbayk və kross motosikllər sürürəm.
Əvvəllər fiqurlu konkisürmə ilə də maraqlanırdım. Yeni buz arenası açılanda dərhal könüllü kimi yazıldım – hələ orada buz belə yox idi (gülür). Sonradan məlum oldu ki, onlara məşqçi köməkçisi lazımdır. Dedim ki, yaxşı sürürəm, mənə konkilər verdilər və mütəxəssislə məşqlərə başladım. Daha sonra uşaqlar və böyüklərlə işləməyin əsaslarını öyrətdilər və məşqçiyə kömək etməyə başladım. Sonradan öz qrupumuzu açdıq və gəliri 50-yə 50 bölürdük.
- Roliklə konkisürmə arasındakı əsas fərq nədədir?
- Konkilər daha yüngül və manevrlidir, üzərində dişlər var, bu da tullanmağa və kəskin itələnməyə imkan verir. Onlar mənə hərəkətlərin axıcılığını inkişaf etdirməyə kömək etdi. Onların sayəsində roliklə geriyə sürməkdə daha inamlı oldum. Rolik sürənlər üçün buz üzərinə çıxmaq daha asandır, amma yalnız konkisürməyə öyrəşənlər üçün rolik xeyli çətin olur.

- Tezliklə təhsilinizi başa vuracaq və bəlkə də memarlıq üzrə peşəkar fəaliyyətə başlayacaqsınız. Roliki həyatınızın vacib hissəsi kimi saxlamağı planlaşdırırsınızmı?
- Açığı, bilmirəm. Hər şey şəraitdən və qrafikdən asılıdır. Amma əminəm ki, bununla məşğul olmaq istəyi məndə qalacaq. Şagirdlərimə desəm ki, "Sabah gündüz sürməyə çıxıram", insanlar mütləq yığışacaq.
Leyla Eminova