Əvvəllər qızlar televizora baxarkən bir çox idman növündə özlərinə qadın kumir tapmaqda çətinlik çəkirdilər - sadəcə ona görə ki, onları göstərmirdilər və ya sayları çox az idi. İndi isə qızlar nəinki idmançılardan, həm də idman jurnalistlərindən ilham ala bilərlər. İdman mediasındakı qadınlar göstərirlər ki, onlar idmanda ekspert və nüfuzlu şəxsiyyətlər ola bilərlər.
Lakin dünyada jurnalistikanın bu istiqamətinin gender təmsili baxımından hələ gediləsi yol çoxdur. Araşdırmaya görə, 2242 idman məqaləsindən yalnız 5,1 faizi qadınlar tərəfindən yazılıb. Digər bir hesabat göstərir ki, 2018-ci ildən 2021-ci ilə qədər qadın idman jurnalistlərinin payı artsa da, onların kişilərlə müqayisədə təmsilçiliyi hələ də olduqca aşağıdır. Həmçinin, qadın idman jurnalistləri tez-tez seksizm, stereotiplər və hətta gender zorakılığı ilə üzləşirlər.
İdman.Biz Azərbaycanda qadın idman jurnalisti olmağın necə bir hiss olduğunu araşdırmaq qərarına gəlib.
"İctimai TV"nin idman aparıcısı Fəridə Abdullanın bu sahəyə sevgisi uşaqlıqdan yaranıb. Anası ilə birlikdə tez-tez böyük idman yarışlarını izləyib, ən parlaq xatirələrindən biri isə 2000-ci il Sidney Olimpiadasıdır:
"Məktəbə hazırlaşırdım və anamla olimpiya çempionumuz Zemfira Meftahətdinovanın mükafatlandırılmasını izləyirdim. O vaxt hələ bilmirdim ki, bu, ölkəmiz üçün tarixi hadisədir (müstəqil Azərbaycanın Olimpiya Oyunlarında ilk qızılı - Red.). Heç ağlıma da gəlməzdi ki, illər sonra uşaqlıq kumirimlə çəkiliş meydançasında qarşılaşacam və bu xatirəni onunla bölüşəcəm".
Foto: Fəridə Abdulla
İlk böyük reportajından sonra Fəridə Abdulla adrenalin və məsuliyyət hiss edib. Canlı yayımın həyəcanı onu qorxutmayıb - əksinə, motivasiya verib:
"İdman jurnalistikası mənə dinamika, emosiya və analitik düşüncəmi nümayiş etdirmək imkanı verir. Burada saniyələr tarix yazır. Sən uğurların və bəzən də məyusluqların canlı şahidi və bütün bunları tamaşaçılara çatdıran insansan".
İş illəri ərzində onun çoxsaylı yadda qalan anları toplanıb. Ən əhəmiyyətlilərindən biri 2024-cü il Olimpiadasına səfərdir. İdmana sevgisinin başladığı yarışda Abdulla artıq ekranın digər tərəfində və xüsusi statusda idi. Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə o, Azərbaycan tarixində media nümayəndə heyətinin tərkibində Olimpiya Oyunlarına qatılan ilk qadın idman jurnalisti olub:
"Bu, qürurverici və hədsiz qiymətli təcrübədir. Anlayırdım ki, bu, ölkəmizdə sözügedən sahə üçün yeni səhifə, önəmli addımdır. Bu, gələcəkdə bu istiqamətdə çalışacaq qadınlar üçün açılan bir yoldur".
Foto: Fəridə Abdulla
Digər bir idman jurnalisti, həmçinin radio aparıcısı və "Offsideplus.az" saytının baş redaktoru Günay Xəlilin yolu BDU-nun jurnalistika fakültəsindən başlayıb. Tələbələrin fərqli mövzular üzərində işlədiyi təlimlərin birində o, futbol üzrə Azərbaycan milli komandası haqqında radioreportaj hazırlayıb. O zaman idman jurnalistikası ona xüsusilə yaxın olub. Xanım bu istiqamətdə inkişaf etmək qərarına gəlib və 2020-ci ildə "Offsideplus.az"da təcrübəyə başlayıb.
Foto: Günay Xəlil
Xəlil idmançıların hekayələrini işıqlandırmağın nə demək olduğunu sevgi ilə danışır:
"Təsəvvür edin: qarşınızda ömrünün yarısından çoxunu məşq edən bir şəxs var. Və o, nəhayət istədiyi nəticələrə çatdıqda, buna diqqət çəkmək imkanı ən gözəl hisslərdən biridir".
Jurnalist artıq fəxr edə biləcəyi bir çox layihə üzərində çalışıb. Onların arasında "Sağlam Radio 93FM"də "Offside" proqramı, Bakıda keçirilən "UFC Fight Night"da iştirak, eləcə də polşalı qarışıq döyüş növləri ustası Klaudiya Sıqula ilə müsahibəsi var ki, o, bunu ən maraqlı müsahibələrindən biri hesab edir.
Günay Xəlil həmçinin 2024-cü ildəki İsveç - Azərbaycan (6:0) futbol matçına səfərini xatırlayır:
"Oyunun nəticəsi məyusedici olsa da, Fernandu Santuşla mətbuat konfransı maraqlı keçdi. İndiyə qədər bəyəndiyim suallar verdim. Bakıya çatan kimi çamadanları qoyub radioya qaçdım. O veriliş də çox maraqlı alındı".
"CBC Sport"un idman aparıcısı və şərhçisi Aida Əliyevanın hekayəsi futbola olan böyük sevgidən – hətta fanatizmdən başlayıb. O etiraf edir ki, jurnalistikanı məşhur idmançılara və idman dünyasının digər insanlarına daha yaxın olmaq üçün seçib.
"Mən çox ciddi etiraz edirdim: niyə bizdə idman jurnalistikası kursu yoxdur?!", - deyə o, universitet illərini xatırlayır: "Çünki jurnalistika fakültəsinə daxil olduğum andan idman jurnalisti olacağımı bilirdim".

Foto: Aida Əliyeva
Karyerasında ən yadda qalan hadisə kimi Əliyeva 2024-cü ildəki "Qarabağ" - "Braqa" matçını hesab edir (2:3, Avropa Liqasının 1/16 finalı, iki oyunun nəticəsinə görə "Qarabağ" 1/8 finala yüksəlib). Oyundan sonra o, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovdan ekspress-müsahibə alıb:
"Qulaqcıqları taxanda çox həyəcanlı idim. Hətta mikrofonu tutanda əlim əsirdi. Çünki əslində tək istədiyim Qurban Qurbanova bu emosiyalara görə təşəkkür etmək idi. İllər əvvəl avrokuboklara baxanda ağlıma da gəlməzdi ki, Azərbaycan komandası mərhəli adlayacaq və böyük klublara qalib gələcək".
Bozbaş, yoxsa futbol?
Qadın idman jurnalisti olmaq, bəzən qərəzli münasibətlə üzləşmək deməkdir. Karyerasının əvvəlində Fəridə Abdulla tez-tez bu sualı eşidirdi: "Qadınlar idmandan nə anlayır?".
"Əsasən bu, sosial şəbəkələrdəki köhnə fikirli insanlardan, bəzən isə idman camiəsindən gəlirdi", – deyə o bildirir. Bununla belə, jurnalist vəziyyətin tədricən dəyişdiyini qeyd edir.
Başlanğıcda belə şərhlər onu incidirdi:
"Zamanla anladım ki, ən yaxşı cavab işimin keyfiyyətidir. Həyat mübarizədir və mən hər zaman yeni çağırışlara və rəqabətə açığam. İllər keçdikcə daha da gücləndiyimi hiss edirəm".
Foto: Fəridə Abdulla
Onun sözlərinə görə, qadın jurnalistlərə mənfi münasibət göstərən kişilər bununla "öz uğursuzluqlarını bu cür ört-basdır edib, içindəki zəhəri qadınlara tökməyə çalışırlar.".
"Mən hər zaman qadınlardan dəstək görmüşəm. Gənc xanımları da ilhamlandıra bildiyim üçün sevinirəm", - deyə o əlavə edir.
Jurnalistlər qeyd edirlər ki, bu cür münasibət tez-tez idman jurnalistikasının hələ də "kişi sahəsi" kimi qəbul edilməsi ilə bağlıdır.
"Adətən neqativi məhz kişilər göstərir. Onlar düşünürlər ki, idman qadınların imtiyazı deyil. Bilmirəm zarafat edirlər, yoxsa ciddi deyirlər, amma yazırlar ki, qadının yeri mətbəxdir. Düşünürəm ki, hər halda zarafat edirlər, çünki bu artıq tədricən dağılan bir stereotipdir", - deyə Aida Əliyeva bildirir.
View this post on Instagram
Bu yaxınlarda "CBC Sport"un jurnalisti sosial şəbəkələrdə ünvanına yazılan bəzi şərhlərlə – o cümlədən dolma və ya şorba bişirmək çağırışları ilə bağlı yumoristik video paylaşıb.
Görünür, bir çox istifadəçi idman məzmununu ac qarnına izləyir: Günay Xəlil də oxşar şərhlərlə qarşılaşıb.
"Bəzən şərhlərdə tamaşaçılar ənənəvi olaraq bozbaş bişirməyə çağırırlar. Amma mən bozbaş bişirməyi bacarmıram. Bəlkə də buna görə idman jurnalisti olmuşam", - deyə "Offsideplus.az"ın baş redaktoru zarafat edir.
Bununla belə, Xəlil ona qarşı olan qərəzi qınamır və qeyd edir ki, kişilər hələ də bir çox sahədə dominantlıq edirlər. Onun sözlərinə görə, insanların artıq çoxillik təcrübəyə malik olduqları sahəyə digər cinsin nümayəndələri gəldikdə qıcıqlanmaları təbiidir.
"Yəqin ki, qadın saç ustaları da öz vaxtında gözəllik salonlarında kişilər işləməyə başlayanda bir qədər qıcıqlanıblar. Amma zamanla bu normal hala çevrildi və bu gün biz makiyaj və saç düzümü sahəsində möcüzələr yaradan istedadlı kişiləri görürük.
Qadın idman jurnalistlərinə də peşədə möhkəmlənmək üçün vaxt lazımdır. Bu sahəyə addımını atan hər qıza badalaq vurub, küsdürsələr, hələ uzun müddət qadınların potensialını ortaya qoymağını görməyəcəyik. Əlbəttə, bu, bütün kişi idman jurnalistlərinə aid deyil", - deyə radio aparıcısı izah edir.
Foto: Günay Xəlil
Eyni zamanda jurnalistlər qeyd edirlər ki, bu vəziyyət qlobal bir trenddir. Lakin çox vaxt onlar həmkarlarının dəstəyi və respondentlərin hörməti ilə qarşılaşıblar.
Niyə qadın idman jurnalistləri azdır?
Beynəlxalq məlumatlar göstərir ki, idman jurnalistikasında qadınlar kişilərdən xeyli azdır. Bununla bağlı Fəridə Abdulla qeyd edir ki, bu peşə həm emosional, həm də fiziki cəhətdən çətindir.
Günay Xəlil hesab edir ki, qadınlar ümumiyyətlə bu sahəyə daha az maraq göstərirlər. Onun sözlərinə görə, həmkarları arasında sonradan karyerasını jurnalistikanın digər istiqamətlərində davam etdirən qızlar olub.
"Mənə elə gəlir ki, qadın idman jurnalistlərinin sayı artıb. Oyunlarda tez-tez onları görürəm. Qəlibləri sındırmaq gözəl bir şeydir", - deyə Xəlil qeyd edir.
Fəridə Abdulla əmindir ki, qadınlar Azərbaycan idmanına lazımdır:
"Qadın baxışı fərqlidir – daha detallı, daha empatik və bəzən daha cəsarətli. İdman təkcə statistika deyil, hekayədir. Qadınlar isə hekayə danışmağı bacarır. Fərqli məzmun yarada bilirik. Müsahiblərimizə empatiya hissi duya bilirik".
Foto: Fəridə Abdulla
Aida Əliyeva əlavə edir ki, Azərbaycanda idmanın işıqlandırılmasında qızların idmanda iştirakı ilə bağlı mövzular çatışmır. Çünki qızların idmana cəlb edilməsi, xüsusən də regionlarda mentalitet və digər amillərə görə vacib problem olaraq qalır.
Xəlil də hesab edir ki, qadın idmanı kifayət qədər işıqlandırılmır. Nümunə kimi o, futbol üzrə Azərbaycanın qadınlardan ibarət milli komandasını göstərir ki, onun sözlərinə görə, onlar kişi millisindən daha yaxşı nəticələr göstərirlər.
Qadınlar yüksək vəzifələrdə - realdır?
"Təəssüf ki, kişilərlə şanslarımız bərabər deyil. Qadınlar öz bacarıqlarını sübut etmək üçün ikiqat daha çox çalışmalı olurlar", - deyə Fəridə Abdulla bildirir. Bununla belə, o əmindir ki, balans tədricən dəyişir: "Peşəkarlıq genderdən üstün olduqca, karyera yolları daha ədalətli olacaq".
"İctimai TV"nin aparıcısı qeyd edir ki, özü də vəziyyəti dəyişməyə çalışır:
"İnanıram ki, indi qadınlar mütəmadi olaraq böyük idman tədbirlərinə göndəriləcəklər. Ümid edirəm ki, növbəti Yay Olimpiya Oyunlarında Azərbaycandan olan yeganə qadın idman jurnalisti mən olmayacam".
25 yaşlı Günay Xəlil də öz nümunəsi ilə göstərir ki, qadınlar üçün idman jurnalistikasında çox şey mümkündür. Gənc mütəxəssis olmasına baxmayaraq, o, jurnalist fəaliyyətini komandaya rəhbərliklə uğurla birləşdirir.
Xanım etiraf edir ki, redaksiyadan kənarda bəzən insanlar onun vəzifəsini öyrəndikdə təəccüblənirlər. Lakin kollektiv daxilində vəzifə artımından sonra heç bir fərq hiss etməyib.
Foto: Günay Xəlil
Onun sözlərinə görə, qadınlar rəhbər vəzifələr tuta bilərlər, lakin çox şey media təşkilatlarının rəhbərlərindən asılıdır:
"İdman jurnalistini cinsinə görə qiymətləndirmək olmaz. İmkan daxilində qadınları da ezamiyyətlərə göndərmək lazımdır. İnanın, bir çox qadın jurnalist bu sahədə özünü göstərmək istəyir - onlara sadəcə öz işlərini nümayiş etdirmək üçün imkan vermək lazımdır".
Qızlara tövsiyə
Sonda jurnalistlər həyatını idman jurnalistikası ilə bağlamaq istəyən qızlara tövsiyələrini veriblər.
"Özünüzə inanın. Heç kimdən qorxmayın. Düşünürəm ki, hamı - həm qızlar, həm də oğlanlar - mətbuat konfranslarında sual verərkən bir az həyəcanlanırlar. Amma qorxmayın. Ağıllı və ya axmaq sual yoxdur - uğurlu və uğursuz sual var. Əgər nəsə alınmadısa, dərs çıxarın və növbəti dəfə daha yaxşısını etməyə çalışın", - deyə Günay Xəlil bildirir.
Aida Əliyeva da hesab edir ki, tənqidə görə ruhdan düşmək olmaz:
"Mən heç vaxt tənqidi tamamilə görməzdən gəlməyin tərəfdarı olmamışam. Bir çox hallarda bu, inkişaf etməyə kömək edir".
"Əgər insan bu sahə ilə maraqlanırsa, onun güclü xarakteri olmalıdır. Məqsədin olduqda heç bir tənqid, stereotip və ya başqasının fikri səni dayandıra bilməz. Əsas odur ki, özünə güvənəsən və daim inkişaf edəsən", - deyə Aida Əliyeva yekunlaşdırıb.

Foto: Aida Əliyeva