Azərbaycanın "Abşeron Lions" basketbol klubu Avropa Kubokunun əsas mərhələsində yaxşı mübarizə aparmağa çalışacaq.
İdman.biz xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Erhan Toker açıqlama verib.
Türkiyəli mütəxəssis Kiprdə "Anortosis"ə uduzduqları I təsnifat mərhələsinin cavab oyunu ilə bağlı danışıb: "Həmin qarşılaşmada çox pis oynadıq. Müdafiə və hücum planında zəif idik. Hətta deyərdim ki, həftə yaxşı keçməyib. İlk görüşdə 30 xal fərqi ilə öndə idik, amma bu, 16 xaladək endi. Bunun cavab matçında bizə lazım olmayacağına ümid edirdim. Bayaq dediyim kimi, çox pis həftə oldu."
Toker heyətdəki itkidən də söz açıb: "Orelik Gediminas zədəlidir. Ceyms Frayzerin atasının səhhəti ağırdır və oyunçu məşq və qarşılaşmalara tam köklənə bilmirdi. Bütün bunlar əleyhimizə idi."
O, məğlubiyyətə baxmayaraq, turnirin əsas mərhələsinə vəsiqə qazanmalarına da toxunub: "Üzümüzü güldürən yeganə məqam reqlamentə əsasən (‘lucky-loser") ən yaxşı fərqlə məğlub olan komanda kimi qrup mərhələsində oynamaq hüququ əldə etməyimiz oldu. Qrupda yaxşı mübarizə aparmaq istəyirik. Bunun üçün səhvlərimiz üzərində çox ciddi çalışmalıyıq."
Qeyd edək ki, "Abşeron Lions" əsas mərhələnin I qrupunda Latviyanın "Kalev", Polşanın "Trefl Sopot" və Azərbaycanın "Neftçi" komandası ilə üz-üzə gələcək.