top
Polina Rəhimova: Milli komandaya qayıdış, Yunanıstan klubu və karyera planları - MÜSAHİBƏ Idman.biz
20 avqust 2025, 11:14
- ↺ +

Polina Rəhimova: Milli komandaya qayıdış, Yunanıstan klubu və karyera planları - MÜSAHİBƏ

Azərbaycan voleybolçusu Polina Rəhimovanı yeni mövsüm gözləyir. Braziliyada hadisələrlə zəngin bir ildən sonra o, Avropaya qayıdıb və Yunanıstanın "Panionios" klubunda çıxış edəcək. Rəhimova İdman.biz-ə müsahibəsində karyerasının Cənubi Amerika mərhələsi, yeni çağırışlar və milli komandaya qayıtmaq şansı barədə danışıb.

- Braziliyada mövsüm kifayət qədər gərgin və emosional keçdi - ölkə çempionatı və kubokinda, Paulista çempionatında qələbə. Belə sıx qrafikdən sonra bəzi idmançılarda arada emosional boşluq yaşanır. Bu barədə nə deyə bilərsiniz?

- Emosional boşluq yaşamadım, çünki Cənubi Amerikada böyük bir turum oldu. Tətilim çox dolğun keçdi – Kolumbiya və Ekvadorda oldum, görməli yerləri gəzdim. Hətta ekvatorda yumurtanı dik qoyduğuma görə sertifikat da aldım. Orada cazibə qüvvəsi olmadığından yumurtanı mismarın üstünə qoyub o vəziyyətdə saxlamaq olur. Daha sonra Peruya getdim, orada inklər dövründən qalma beş tarixi şəhəri ziyarət etdim. Ardınca Buenos Ayresə baş çəkdim və yenidən Braziliyaya qayıtdım. Bu qədər dolğun səyahət məni bir xeyli yordu və əvvəlcədən planlaşdırdığım Uruqvayı görmək fikrindən vaz keçdim.

Yəni Braziliyada mövsüm bitsə də, mən mənəvi boşluq hiss etmədim. Nəticələrdən böyük sevinc hiss edirdim. İstanbula dönmədən əvvəl də klub vasitəsilə azarkeşlərlə görüş təşkil edildi. Orada qazandığımız kuboklar, medallar nümayiş etdirildi, insanlar onları görə, əllərinə ala, şəkil çəkdirə bildilər. Görüş çox yadda qalan və səmimi keçdi. Həmişə azarkeşlərimi yüksək dəyərləndirir və dəstəyə görə minnətdarlığımı bildirirəm.

- Vaxtilə "Sesi Voley" klubunda çıxış etmişdiniz, sonra isə "Osasko" ilə uğur qazandınız. Bu iki mövsüm arasında fərq varmı?

- Əslində hisslər baxımından yeganə fərq şəhərlər arasındadır. "Sesi Voley" Bauruda yerləşir, bu şəhər San Pauludan altı saatlıq məsafədədir. "Osasko" isə bu metropolun cəmi 40 dəqiqəlik məsafəsindədir. Böyük şəhərdə yaşamaq tamam fərqli hisslər yaradır. Orada böyük Ukrayna diasporu var, yeni dostlarla doğma dilimdə danışırdım. Komandada ingilis dilini bilən az olduğuna görə portuqalca öyrəndim və daimi ünsiyyət halında oldum ki, buna görə şadam. Bu baxımdan Bauru və Osasko arasında ciddi fərq var. Bauruda yaxın münasibətdə olduğum cəmi bir neçə insan vardı. Osaskoda isə geniş tanış çevrəsi formalaşdı və bu, mənə evdəki kimi rahatlıq verdi. Özümü xaricdəki kimi hiss etmirdim.

- Son illərdə Vyetnam, Türkiyə, İndoneziyada oynamısınız. Amma demək olarmı ki, Braziliyadakı çempionluq mövsümündən sonra dünya voleybolunda hələ də ehtiyac duyulan bir oyunçu olduğunuzu göstərdiniz?

- Belə yanaşma ilə razı deyiləm. Mən həmişə oyunumla sözümü demişəm. Məsələn, Vyetnamda "Tay Bin" klubuna 15 ildən sonra yenidən çempion olmaqda kömək etdim. Nəticə həmişə komandanın işindən asılıdır, çünki meydanda tək başına heç nə etmək olmur. Bu, milli komandaya da aiddir. Komandada bir neçə açar oyunçu varsa, digərləri də onların ardınca inkişaf edəcək. Yəni mən yenə formadayam, sadəcə yaşla bağlı bəzi nüanslar özünü göstərir.

- Braziliyadakı mövsümdən sonra Avropaya qayıdırsınız. Sizi Yunanıstanın "Panionios" klubunu seçməyə nə vadar etdi?

- Fərqli klublardan təkliflər almışdım. Amma Yunanıstanda heç vaxt oynamamışdım və özümü yeni çağırışlarda sınamağı maraqlı hesab edirəm. Əvvəllər deyilirdi ki, Yunanıstanın klub voleybolu güclü deyil. Amma bu il gördüm ki, bir çox dünya ulduzları məhz ora gedir. Bu da deməyə əsas verir ki, orada voleybolun səviyyəsi artır. Ona görə də Yunanıstan liqasında özümü sınamaq maraqlı gəldi.

Digər tərəfdən, ora İstanbula yaxın yerləşir - cəmi 1 saat 15 dəqiqəlik uçuş məsafəsindədir. Hətta İstanbulun tıxaclarını nəzərə alsaq, bəzən uçuş evə gedən yoldan daha qısa çəkə bilər (gülümsəyir). Yunanıstanda olarkən doğma yerlərdən uzaqda olmayacağam, saat qurşağını ciddi dəyişmək lazım deyil və dostlarımla, yaxınlarımla daim əlaqədə ola biləcəyəm.

- Sizin transferinizin Yunanıstanın klub voleybolu tarixində ən səs-küylü keçid olduğu yazılmışdı. Bu xəbər sizin üçün nə dərəcədə gözlənilməz oldu?

- Düşünmürəm ki, bu transfer ən böyükdür. Amma ən çox səs salan - bəli (gülümsəyir). "Panionios" rəhbərliyi dedi ki, mənim keçidim onların tarixində ən gurultulu transfer sayılır. Bu, maliyyə baxımından yox, qlobal mənada - adımın çəkildiyi kontekstdə nəzərdə tutulur. Çünki hələ də dünya reytinqində ilk 100-lükdə yer alıram - hazırda 86-cı sıradayam. Reytinqim bir qədər enib, çünki milli komandada oynamıram və göstəricini yalnız klub oyunları ilə artıra bilirəm. İlk 100-lükdə yer alan bir çox voleybolçu Polşa, İtaliya, Türkiyə, Braziliya kimi ölkələrdə çıxış edir, Yunanıstanı seçənlər isə çox deyil. Ona görə də yerli liqa üçün mənim keçidim bir növ "transfer bombası" sayılır və bu da üzərimə əlavə məsuliyyət qoyur.

- Azərbaycan voleybolunu izləyə bilirsinizmi? Kənardan baxışınızı bölüşə bilərsiniz?

- Açığı, diqqətlə izləmirdim. Yalnız bu yaxınlarda Yüksək Liqada çıxış edən bütün klubların səhifələrini izləməyə başladım. Sevindirici haldır ki, Azərbaycanda klub voleybolu inkişaf edir, ümidverici gənclər var. Bəli, yerli qızlarımız genetik baxımdan slavyanlara uduza bilər, amma bu, təslim olmaq üçün səbəb deyil. Axtarıb potensiallı fərdləri tapmaq və onları milli komandaya qədər yetişdirmək olar. Vaxtilə bunu Faiq Qarayev edirdi. Əlbəttə, xarici oyunçuların da gəlməsi vacibdir - onlar yerli idmançılar üçün nümunə rolunu oynayır və sağlam rəqabət yaradır. Məncə, doğru yoldayıq. Sadəcə, voleybola yalnız maliyyə deyil, ürək və ruh da yatırılmalıdır ki, nəticə əldə olunsun.

- Bu, bir çoxlarını maraqlandıran sualdır. Polina evdə keçiriləcək Avropa çempionatında milliyə qayıdacaqmı?

- Hazırda bu barədə konkret nəsə deyə bilmirəm. Yaş artdıqca insan daha çox zədə almadan mövsümü tamamlamaq barədə düşünür. Ona görə də indi heç nə vəd edə bilmirəm. Amma bilirəm ki, çoxları məni Avropa çempionatında görmək istəyir. Hazırda mənim üçün əsas məsələ özümü necə hiss etməyimdir. Buna görə də indi "bəli" də demirəm, "yox" da. Geri dönmək ehtimalı var. Bu il Bakıya beş günlük səfərim oldu, federasiya rəhbərliyi ilə görüşdüm, dostlarla ünsiyyət qurdum. Gördüm ki, insanlar mənim qayıtmağımı istəyir. Bəlkə mən də yenidən bu atmosferə qayıtmaq istərəm. Amma gələcək barədə öncədən danışmayaq. Hər şey Yunanıstandakı mövsümün necə keçəcəyindən asılı olacaq.

- Yəqin ki, karyeranızı bitirdikdən sonra nə ilə məşğul olacağınızı düşünmüsünüz. Böyük voleybolda aktiv oyunçu kimi neçə il qalacaqsınız?

- Fikrimcə, aktiv karyera ilə bağlı qərarı hər mövsümün sonunda vermək olar. Təkcə fiziki yox, mənəvi vəziyyət də önəmlidir. Çünki psixoloji hazır olmaq da vacibdir - təkcə oyunlara deyil, həm də daimi səfərlərə, ölkə dəyişməyə. Daim çamadanlarla yaşamaq da çətindir. Ona görə də böyük voleybolda neçə ilimin qaldığını dəqiq deyə bilmərəm, amma bu idmandan zövq alacaq qədər vaxtım var və bunu boşa keçmiş hesab etmirəm.

Karyeram bitəndən sonra nə ilə məşğul olacağıma gəlincə, artıq FIVB-nin ikinci səviyyəli məşqçi lisenziyasını almışam. Özümü bu sahədə sınaya bilərəm. Əgər alınmasa, başqa yol düşünərəm. Hələlik idmançı karyeramın sonrası üçün konkret planlarım yoxdur. Ola bilər ki, bir müddət fasilə verim, səyahət edim, sonra vəziyyətə uyğun qərar verərəm.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Oxşar xəbərlər