"Naxçıvan"ın voleybolçusu Mariam Metvalli komandanın Azərbaycan Superliqasında "Azərmaş Abşeron"a qarşı keçirdiyi ilk oyunu (3:0) şərh edib, ölkəmizin çempionatı və Naxçıvandakı həyatı ilə bağlı təəssüratlarını bölüşüb.
Misirdə tanınmış voleybolçulardan olan Mariam Metvalli ilk dəfə Azərbaycanda çıxış edir. O, bu il Misir millisi ilə Afrika çempionu olub. Həmçinin turnirin ən dəyərli oyunçusu və ən yaxşı hücumçusu seçilib.
İdman.Biz-ə müsahibəsində voleybolçu niyə "Naxçıvan"a keçməyə qərar verdiyini və Azərbaycanla bağlı onu nələrin təəccübləndirdiyini açıqlayıb.
– Komandanın ilk oyunu barədə nə deyə bilərsiniz?
– Çox şadam ki, çempionata "Abşeron"la oyunda inamlı çıxışla başladıq. Azərbaycan çempionatında oynamaqdan xoşbəxtəm. Burada çıxış etmək mənim üçün çox maraqlıdır. Çünki liqa güclüdür və komandaların səviyyəsi bir-birinə yaxındır. Buna görə də yeni komanda olmağımıza baxmayaraq, güclü olduğumuzu və rəqiblərlə rəqabət aparmağa qadir olduğumuzu göstərmək bizim üçün çox vacib idi.
– İlk dəfə Azərbaycanda oynayırsınız. Gəlməzdən əvvəl yerli voleybol haqqında nə bilirdiniz?
– Çox məlumatım yox idi. Sadəcə, dünyanın müxtəlif ölkələrindən yaxşı oyunçuların çıxış etdiyi güclü çempionat olduğunu bilirdim. Azərbaycan komandalarının Çağırış Kubokunda iki-üç oyununa baxmışdım və çox xoşuma gəlmişdi. Buna görə də təklif alanda bura gəlmək imkanına sevindim.
– O qədər də yaxşı tanımadığınız çempionata, özü də Superliqada debüt edən komandaya keçməyə necə qərar verdiniz?
– Bu, xarakterimlə bağlıdır. Həmişə yeni nələrsə sınamağı sevirəm. Əvvəllər Misirdə də belə addımlar atmışam. Mənim üçün bu, böyük bir sınaqdır. Özümü yoxlamaq, yeni ölkədə, yeni kollektivdə gücümü sınamaq və bu həvəsi bütün komandaya aşılamaq üçün əlimdən gələni etmək istəyirəm.
– Naxçıvan və bütövlükdə Azərbaycan haqqında təəssüratlarınız necədir?
– Azərbaycan çox gözəl ölkədir. Bura gəlməzdən əvvəl misirlilərdən tez-tez eşidirdim ki, son vaxtlar Azərbaycan bal ayı üçün məşhur istiqamətə çevrilib. TikTok-da videolara baxmışdım və çox həvəslənmişdim. Çünki Bakı həqiqətən möhtəşəmdir. Qəbələ də var, orası da çox gözəldir. Burada çoxlu gözəl məkanlar var və hamısını görmək istəyirəm. Naxçıvan isə çox təmiz, sakit və gözəl şəhərdir. Burada piyada gəzmək də rahatdır.
– Azərbaycanla Misir arasında oxşarlıq görürsünüzmü?
– Misirdə belə bir deyimimiz var: heç kim yatmır, bu ölkə heç vaxt yuxuya getmir. Burada da eyni vəziyyətdir. Bakıya gələndə, şəhərin mərkəzində küçələrin həmişə insanlarla dolu olduğunu görürəm. Azərbaycanlılar da mehriban və qonaqpərvərdirlər, hər zaman kömək etməyə hazırdırlar. Həqiqətən, bizə çox bənzəyirlər. Özümü burada evimdəki kimi hiss edirəm. Bundan başqa, hər iki ölkənin müsəlman ənənələri var. Ona görə də çoxlu ortaq cəhətlərimiz mövcuddur.
– Yeri gəlmişkən, dini amil Azərbaycana gəlmək qərarınıza təsir etdimi?
– Açığı, yox. Ötən il İtaliyada, Avropada oynamışam. Buna görə də bu, mənim üçün əsas deyil. Əsas odur ki, insanlar mənə və dinimə hörmətlə yanaşsınlar. Belə olduğu halda, mənim üçün hər şey qaydasındadır.
– Sonda komandanın və şəxsən sizin qarşınıza qoyduğunuz hədəflər barədə danışardınız.
– Məqsədimiz medal uğrunda mübarizə aparmaqdır. Şəxsən mən isə kubok qazanmaq üçün əlimdən gələni etmək istəyirəm. Yaxşı, çox güclü komandamız və iddialı oyunçularımız var. Biz həqiqətən əhəmiyyətli nəticə qazana və hər kəsi təəccübləndirə bilərik.