Türkiyə Sultanlar Liqasında çıxış edən "Kuzeyboru" klubunun voleybolçusu Ece Hitayca sosial şəbəkələrdə uzun müddətdir təqib və rəqəmsal təzyiqlə üzləşir.
İdman.Biz xəbər verir ki, 22 yaşlı voleybolçu onu sosial şəbəkələr vasitəsilə davamlı izlədiyini və narahat etdiyini iddia etdiyi Taner K. adlı şəxsə qarşı hüquqi prosedura başlayıb.
Gənc idmançı barəsində iki aylıq uzaqlaşdırma qərarı çıxartdırdığı şəxsin buna baxmayaraq onu narahat etməyə davam etdiyini bildirərək məhkəməyə müraciət edib.
Məlumata görə, Taner K. uzun müddətdir voleybolçunu sosial şəbəkələrdə izləyib və onunla münasibətdə olduğu təəssüratını yaratmağa çalışıb. O, paylaşımlarında Ece Hitayca ilə birlikdə olduqlarını göstərən görüntü formalaşdırıb. Həmçinin ictimai yerlərdə də idmançıya qarşı sahiblik nümayiş etdirən davranışlar sərgiləyib və onun sosial şəbəkə paylaşımlarını davamlı izləyib.
Bu hərəkətlərə görə psixoloji təzyiq altında olduğunu və həyatının təhlükəsizliyindən narahatlıq keçirdiyini bildirən Ece Hitayca müdafiə tədbirlərinin görülməsini istəyib.
Müraciəti araşdıran İstanbul Ailə Məhkəməsi Taner K. barəsində iki aylıq uzaqlaşdırma qərarı çıxarıb. Qərara əsasən, ona voleybolçuya qarşı təhdid, təhqir, alçaldıcı və təzyiq xarakterli davranışlar göstərmək, rabitə vasitələri ilə onu narahat etmək, yaşadığı və işlədiyi yerlərə yaxınlaşmaq qadağan edilib.
Lakin Taner K. bu qərara baxmayaraq idmançını narahat etməyə davam edib. Onun TikTok-da "@tnrkrgl01" istifadəçi adı ilə hesab açdığı, profil şəklində öz adı ilə Ece Hitaycanın adını yanaşı yazaraq aralarına ürək işarəsi yerləşdirdiyi bildirilir.
Voleybolçunun vəkili həmin şəxsin məhkəmə qərarını pozaraq müvəkkilinə təzyiq göstərməyə çalışdığını əsas gətirərək yenidən məhkəməyə müraciət edib. Bu dəfə Taner K. barəsində 3 gündən 10 günədək məcburi həbs cəzası tətbiq olunması tələb edilib. Məhkəmə işinin davam etdiyi bildirilir.