Qadın voleybolçulardan ibarət Azərbaycanın "DH Volley" komandası bu gün CEV Çelenc Kubokunda növbəti oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi turnirin 1/32 final mərhələsinin cavab qarşılaşmasında Danimarkanın "Holte IF" komandası ilə üz-üzə gələcək.
Bakıdakı Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Azərbaycan təmsilçisi cavab matçına üstünlüklə çıxacaq. Belə ki, oktyabrın 27-də Danimarkada keçirilən ilk oyunda "DH Volley" rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
Həmin görüşdə komandamız ilk iki seti 25:14 və 26:24 hesabları ilə qazanıb. Üçüncü setdə 22:25 hesabı ilə uduzan Azərbaycan təmsilçisi dördüncü hissədə 25:22 hesablı üstünlüklə yekun qələbəni təmin edib.