Voleybol üzrə avrokuboklarda mübarizə qızışır.
İdman.Biz xəbər verir ki, bu gün qadınlardan ibarət "Turan" komandası Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək. Bu mərhələnin yekununda Tovuz təmsilçisi tarixində ilk dəfə turnirin əsas mərhələsinə vəsiqə qazana bilər.
Azərbaycanın kişi klubları da Avropa arenasında mübarizəyə qoşulur. "Xilasedici" bu gün Portuqaliyanın "Sportinq" komandası ilə ev oyununda Çempionlar Liqasında debüt edəcək. Ölkə çempionunun qarşısında son iki mövsümdə beş böyük yerli və beynəlxalq titul qazanan, heyətində olimpiya çempionu olan rəqibi dayandırmaq vəzifəsi durur.
"Xilasedici" – "Sportinq" – 18:00, Fövqəladə Hallar Nazirliyinin idman zalı
"Xilasedici" tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edəcək. Bakı klubu ötən mövsüm Azərbaycan çempionatında ilk dəfə qızıl medallara sahib olmaqla bu hüququ qazanıb və Avropa macərasına II təsnifat mərhələsindən başlayacaq.
Komanda yeni mövsümə də uğurlu start verib. "Sportinq"lə qarşılaşma ərəfəsində Azərbaycan çempionu iki oyunda iki qələbə qazanıb. "Xilasedici" əvvəlcə "Neftçi"ni 3:1, daha sonra "Azərreyl"i 3:0 hesabı ilə məğlub edib.
"Neftçi" ilə görüş xüsusilə gərgin alınıb. Rəqib ilk iki setdə minimal fərqlə uduzub – 26:28 və 24:26. Lakin üçüncü setdə 25:23 hesabı ilə qalib gələrək fərqi azaldıb. Dördüncü setdə isə "Xilasedici" rəqibinə şans verməyib – 25:14.
Cəlil Cəlilovun rəhbərlik etdiyi komanda hazırda 6 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Eyni xala malik "Ordu" isə hələ heç bir setdə məğlub olmayaraq liderdir.
"Xilasedici" ötən mövsüm də CEV Çağırış Kubokunda çıxış edərək avrokubok təcrübəsi qazanıb. Komandanın debütü kifayət qədər dramatik alınıb. Bakı təmsilçisi ilk oyunda səfərdə Rumıniyanın "Styaua" klubuna 0:3 hesabı ilə uduzub. Lakin cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanaraq revanş götürüb. Daha sonra keçirilən qızıl setdə də rəqibini 15:13 hesabı ilə məğlub edib.
Bu qələbə "Xilasedici"yə növbəti mərhələyə yüksəlmək imkanı verib. Lakin 1/16 finalda komanda Belçikanın "Lindemans Alst" klubuna hər iki oyunda məğlub olub – 0:3 və 1:3.
İndi isə "Xilasedici" Portuqaliyanın ən titullu çoxidmanlı klublarından biri olan Lissabon "Sportinq"i ilə qarşılaşacaq. Rəqibin aktivində ölkə çempionatında 8 qələbə, 6 Portuqaliya Kuboku və 6 Superkubok var.
Hazırda "Sportinq" tarixinin ən uğurlu dövrlərindən birini yaşayır. Xüsusilə ötən mövsüm Lissabon təmsilçisi daxili treblə imza ataraq çempionluq, ölkə kuboku və Superkuboku qazanıb. Çempionatın final seriyasında əzəli rəqibi "Benfika"nı üç dəfə 3:0 hesabı ilə məğlub edib.
Yeni mövsümə də komanda inamlı başlayıb. Portuqaliyalılar Azərbaycana gəlməzdən əvvəl, 2026-cı ilin oktyabrında Portuqaliya və İspaniya klublarının iştirak etdiyi İberiya Kubokunu qazanıblar. Daha sonra Superkubokun finalında yenidən "Benfika"nı 3:0 hesabı ilə üstələyiblər.
"Sportinq" Portuqaliya çempionatında da məğlubiyyətsiz irəliləyir. Komanda üç oyunda üç qələbə qazanaraq 9 xal toplayıb.
Daxili arenada böyük uğurlara imza atan Lissabon klubunun Avropa təcrübəsi isə nisbətən azdır. Bununla belə, son illərdə beynəlxalq səviyyədə də inkişaf nəzərə çarpır.
2025/2026 mövsümündə "Sportinq" kişi voleybolu üzrə Çempionlar Liqasının əsas mərhələsində çıxış edib. Portuqaliya təmsilçisi Polşanın "Reşoviya" və Almaniyanın "Lüneburq" klublarını eyni hesabla – 3:1 məğlub edib. Lakin pley-off mərhələsinə yüksələ bilməyib.
Portuqaliya klubunun heyətində rəqib üçün təhlükə yarada biləcək bir neçə təcrübəli voleybolçu var. Onların arasında əsas fiqurlardan biri 41 yaşlı rusiyalı Sergey Qrankindir. Onun aktivində Rusiya millisinin heyətində 2012-ci il London Olimpiadasının qızıl, 2008-ci il Pekin Olimpiadasının isə bürünc medalı var.
Komandanın hücum xəttində kubalı Noslen Dias Amaro xüsusi seçilir. O, Portuqaliya çempionatının son turunda "Leyşoynş"la görüşdə 21 xal toplayıb. Onun həmyerlisi Xorxe Luis Alayo Moliner də hücumda mühüm rol oynayır. Voleybolçu həmin qarşılaşmada 15 xal qazanıb.
Qeyd edək ki, "Xilasedici" – "Sportinq" cütünün qalibi III təsnifat mərhələsində Niderlandın "Orion Stars" və Sloveniyanın "AH Volley" komandalarının duelində güclü olan tərəflə qarşılaşacaq. Məğlub komanda isə avrokubok mövsümünü CEV Kubokunda davam etdirəcək.
"Maritsa" – "Turan" – 20:30, Plovdiv (Bolqarıstan)
Qadın voleybolunda da bu gün Azərbaycan klubu Avropa arenasında mübarizə aparacaq. Çempionlar Liqasının III təsnifat mərhələsində Tovuzun "Turan" komandası səfərdə Bolqarıstanın "Maritsa" klubu ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:30-da başlayacaq görüşdə əsas mərhələyə vəsiqənin taleyi uğrunda mübarizə aparılacaq.
"Maritsa" Çempionlar Liqasının təsadüfi iştirakçısı deyil. Plovdiv təmsilçisi beynəlxalq arenada böyük təcrübəyə və diqqətçəkən nəticələrə malikdir.
Bolqarıstan klubu cari avrokubok mövsümünə Monteneqronun "Herseq Novi" komandası üzərində səfərdə inamlı qələbə ilə başlayıb – 3:0 (25:13, 25:23, 25:20). Bolqarıstandakı cavab görüşü isə daha çətin keçib və meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Maraqlıdır ki, "Turan" da II təsnifat mərhələsini oxşar ssenari ilə keçib. Tovuz təmsilçisi əvvəlcə Xorvatiyanın "Mladost" klubunu 3:0 hesabı ilə məğlub edib, cavab qarşılaşmasında isə daha çətin mübarizədən sonra 3:2 hesablı qələbə qazanıb.
"Maritsa"nın ən böyük üstünlüyü Bolqarıstan çempionatındakı inanılmaz sabitliyidir. Komanda 2015-2026-cı illərdə ardıcıl 12 dəfə ölkə çempionu olub. Bundan başqa, 2015-ci ilin noyabrından 2023-cü ilin yanvarına qədər daxili çempionatda ardıcıl 145 qələbə qazanaraq diqqətçəkən rekorda imza atıb.
2025/2026 mövsümündə Plovdiv təmsilçisi pley-off mərhələsi də daxil olmaqla çempionatın bütün 26 oyununda qalib gəlib. Bu qarşılaşmalarda cəmi üç set uduzub. Klubun aktivində 11 Bolqarıstan Kuboku da var. Komanda son 9 kuboku ardıcıl qazanıb.
Azərbaycan qadın voleybolunda Super Liqa hələ başlamasa da, Bolqarıstan çempionatında artıq üç tur geridə qalıb. "Maritsa" keçirdiyi hər üç oyunda qalib gəlib və rəqiblərinə bir set belə verməyib.
Son turda VAСК ilə qarşılaşma xüsusilə diqqətçəkən olub. Plovdiv klubu rəqibini 25:6, 25:19 və 25:6 hesabları ilə darmadağın edib. Bununla belə, həmin görüşdə məşqçilər korpusu adətən az oynayan voleybolçulara da şans verib.
Bolqarıstan klubunun heyətində diqqət yetirilməli bir neçə oyunçu var. Komandanın kapitanı və liberоsu Jana Todorova "Maritsa"nın ən təcrübəli voleybolçularından biridir.
Gənc hücumçu Aleksandra Kitipova "Herseq Novi" ilə cavab oyununda 24 xal toplayaraq komandanın ən məhsuldar oyunçusu olub. Klubun yeni transferi Ana Peyçiç isə həmin qarşılaşmada Yelena Beçeva ilə birlikdə hərəyə 22 xal qazanıb. İva Dudovanı da xüsusi qeyd etmək lazımdır. O, 2025/2026 mövsümündə Bolqarıstan çempionatının final seriyasının ən yaxşı voleybolçusu seçilib.
Bununla belə, "Maritsa" cari mövsüm heyətini xeyli gəncləşdirib. "Herseq Novi" ilə oyundan sonra baş məşqçi Kristian İliyev komandada 20 yaşdan yuxarı cəmi üç voleybolçunun qaldığını bildirib. Onun sözlərinə görə, klub ilk dəfə bu qədər genişmiqyaslı heyət dəyişikliyi həyata keçirib.
Bu məqam Bolqarıstan təmsilçisini daha yetkin və təcrübəli voleybolçulara üstünlük verən "Turan"dan fərqləndirir.
"Maritsa"nın Avropa arenasındakı tarixi də diqqətəlayiqdir.
2017-ci ildə Plovdiv klubu müasir formatlı qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Bolqarıstan komandası olub. Lakin bu uğura gedən yol heç də asan olmayıb. Rusiya təmsilçisi "Yenisey"ə evdə 2:3 hesabı ilə uduzan bolqarıstanlılar Krasnoyarskdakı cavab görüşündə setlər üzrə 0:2 geridə olublar. Buna baxmayaraq, növbəti üç seti qazanaraq oyunu çeviriblər. Daha sonra qızıl setdə də qalib gəliblər.
2019-cu ilin fevralında "Maritsa" Çempionlar Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. Komanda Fransanın "Beziye" klubunu 3:1 hesabı ilə məğlub edib. 2019/2020 mövsümündə isə bolqarıstanlılar qrupda üç qələbə qazansalar da, 1/4 finala yüksələ bilməyiblər.
Klubun növbəti tarixi uğuru 2024/2025 mövsümünə təsadüf edib. Çempionlar Liqasının qrupunda üçüncü yeri tutan "Maritsa" ilk dəfə qrup mərhələsindən sonra da Avropa mübarizəsini davam etdirmək hüququ qazanıb. Komanda yoluna CEV Kubokunun 1/4 finalında davam edib.
Beləliklə, Plovdiv təmsilçisi bu mövsüm də uğurlarını davam etdirmək və Bolqarıstan voleybolunun tarixinə yeni səhifələr yazmaq niyyətindədir.
Qeyd edək ki, hazırkı qarşılaşmanın məğlubu CEV Kubokunun 1/16 finalında mübarizəni davam etdirəcək. Qalib isə Çempionlar Liqasının D qrupuna vəsiqə qazanacaq. Həmin qrupda artıq İtaliyanın "Savino Del Bene Skandicçi", Türkiyənin "Əczaçıbaşı" və Serbiyanın "Tent" klubları yer alır.
Həmçinin bildirək ki, "Xilasedici" və "Turan" komandalarının cavab oyunları noyabrın 11-də keçiriləcək. Cəmi bir il əvvəl voleybol xəritəsində yer alan və ilk dəfə avrokuboklarda iştirak edən "Turan" üçün əsas mərhələyə yüksəlmək tarixi uğur olacaq.
"Xilasedici" isə güclü rəqiblə ilk qarşılaşmasını doğma meydanda keçirəcək. Bu amil Bakı təmsilçisi üçün vacib üstünlüyə çevrilə bilər. Azərbaycan klubu debüt oyununda qələbə qazanarsa, bu, ölkə voleybolu üçün əlamətdar hadisə olacaq. Xüsusilə də nəzərə alsaq ki, qadın voleybolunda digər təmsilçilərimiz - "Turan" və "DH Volley" artıq avrokuboklarda qələbə ilə çıxışa başlayıblar.