20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, Gürcüstanın Rustavi şəhərində təşkil olunan yarışda baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi yığma A qrupunda Polşa və Latviya komandaları ilə qarşılaşıb. Millimiz hər iki görüşdə məğlub olub.
B qrupunda isə Ukrayna, Ermənistan, Estoniya və Gürcüstan yığmaları mübarizə aparıblar. Beşinci yer uğrunda görüşdə Gürcüstan millisi ilə üz-üzə gələn Azərbaycan komandası rəqibini 3:1 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.
Final qarşılaşmasında Polşa yığması Ukrayna komandasına 3:2 hesabı ilə qalib gələrək EEVZA çempionu olub. Polşa millisi bu nəticə ilə 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.