Karlo Ançelottinin adı "Milan"ın Şöhrət zalına daxil ediləcək.
Sportal.az xəbər verir ki, dekabrın 6-da "San Siro" stadionunda "rossoneri"nin sabiq futbolçusu və baş məşqçisinə həsr olunmuş xüsusi mərasim keçiriləcək. Tədbir Ançelottinin doğma klubu olan "Parma" ilə qarşılaşmadan əvvəl baş tutacaq.
İtaliyalı mütəxəssisə xüsusi mükafatı "Milan"dakı sabiq komanda yoldaşı Daniele Massaro təqdim edəcək.
Ançelotti 1987-ci ildən futbolçu karyerasını başa vurduğu 1992-ci ilədək "Milan"ın formasını geyinib. Beş il ərzində 160 matçda meydana çıxan italiyalı 11 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, "rossoneri"nin heyətində iki dəfə Avropa Çempionlar Kubokunu, iki dəfə A Seriyasını, iki dəfə UEFA Superkubokunu, həmçinin Qitələrarası Kuboku və İtaliya Superkubokunu qazanıb.
2001-ci ildə "Milan"ın baş məşqçisi təyin olunan Ançelotti komandasına iki Çempionlar Liqası, bir A Seriyası çempionluğu, iki UEFA Superkuboku, klublararasi dünya çempionluğu, İtaliya Kuboku və İtaliya Superkuboku qazandırıb.