"Xankəndi" bu liqada debüt mövsümünü keçirir. Ona görə də bizim üçün qazanılan hər xal dəyərlidir. Hədəfimiz də liqada qalmaqdır. Amma sırf bu oyundan danışırıqsa, bir xal qazanmadıq, iki xal itirdik".
Bu sözləri Birinci Liqanın yeddinci turunda "Baku Sportinq"lə heç-heçə (1:1) edən "Xankəndi"nin baş məşqçisi Röyal Nəcəfov matçı şərh edərkən deyib.
Qarabağ təmsilçisinin çalışdırıcısı ötən mövsüm rəhbərlik etdiyi Buzovna komandasına qarşı keçirilən görüşü təhlil edib, qol epizodlarından istifadə olunmamasından və komandanın qarşıdakı məqsədlərindən söz açıb.
"Səfərdə oynasaq da, üstün futbolla diqqət çəkdik, çox sayda qol epizodları yaratdıq. Komanda olaraq problemimiz budur ki, oyunu "öldürə" bilmirik. Yəni ardıcıl qollar vurub rəqibləri oyundan "qoparmaq" işinin öhdəsindən gəlməliyik. Qol şanslarını boşa verməyimiz həlledici oldu. Rəqib hesabı bərabərləşdirdi və xal qazanmaq üçün sonadək mübarizə apardı. İkinci qolu vursaydıq, böyükhesablı qələbə qazanacaqdıq.
Əlbəttə, bu, futboldur. Artıq növbəti matç barədə düşünməliyik. Biz gələndə komandanın bir xalı var idisə, artıq altı xalı var. Kifayətdirmi? Xeyr. İndiki vəziyyətimizdən razıyıqmı? Xeyr. Yanvaradək mümkün qədər çox xal toplamağa çalışmalı, qışda heyəti gücləndirməliyik ki, çempionatın qalan hissəsində daha güclü "Xankəndi" görək".