Oktyabrın 24-də Bakıda FIFA-nın təşkilatçılığı ilə start götürən futbol üzrə U-15 dünya çempionatı və festivalı davam edir. Dünyanın müxtəlif qitələrindən olan istedadlı yeniyetmə futbolçular Bakıda öz bacarıqlarını nümayiş etdirirlər.
Yeniyetmələr arasında dünya çempionatı seleksiya işi ilə məşğul olan klubların nümayəndələri üçün yaxşı fürsət hesab olunur. Belə turnirlərdə klubların skautları istedadlı futbolçuları kəşf etmək imkanı əldə edirlər.
Təbii ki, seleksiya işi aparan mütəxəssislər qeydlərini və diqqətlərini cəlb edən futbolçuların adlarını məxfi saxlayırlar. Buna görə də həmin məlumatları mətbuatla bölüşməyə həvəs göstərmirlər. Bununla belə, klublarımızın bu istiqamətdəki fəaliyyəti maraq doğurduğundan, onlarla əlaqə saxlayaraq bu barədə məlumat almağa çalışdıq.
İdman.Biz-ə açıqlama verən "Qarabağ" Futbol Akademiyasının meneceri Nail Kərimov bildirdi ki, Ağdam klubunun nümayəndələri istedadlı futbolçuları izləmək üçün U-15 dünya çempionatının bəzi oyunlarına ezam olunublar.
"Bizim məqsədimiz hazırda dünya futbolunda 15 yaşadək futbolçuların səviyyəsini öyrənmək, azərbaycanlı futbolçuların digər qitələrdən olan həmyaşıdları ilə fiziki və texniki göstəricilərini müqayisə etməkdir.
Qeyd edim ki, "Qarabağ" klubu hazırda bəyəndiyi futbolçunu 18 yaşına çatdıqdan sonra transfer etmək imkanına malikdir. Təbii ki, futbolçunu daha erkən yaşda kluba cəlb etmək, icarəyə vermək və 18 yaşı tamam olduqdan sonra "Qarabağ"a gətirmək də mümkündür. Lakin akademiya olaraq hələlik futbolçuları uzun illər izləmək, onlarla bağlı danışıqlar aparmaq və bu prosesi davamlı şəkildə nəzarətdə saxlamaq üçün tam hazır deyilik. Bizim üçün daha münasib variant 17 yaşdan etibarən futbolçunu diqqət mərkəzində saxlamaq və bir il sonra – 18 yaşı tamam olduqda onu "Qarabağ"a cəlb etməkdir".
"Sumqayıt" Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev də klubun bu işə məsul şəxslərinin dünya çempionatının oyunlarını izlədiyini təsdiqlədi:
"Azərbaycanın əksər futbol klublarının nümayəndələri kimi, "Sumqayıt"ın skautları da Bakıda təşkil olunan 15 yaşadək futbolçuların dünya çempionatını izləyir, lazımi qeydlər aparırlar.
Bilirsiniz ki, skautların fəaliyyətində məxfilik qorunmalıdır. Sadəcə, onu deyə bilərəm ki, diqqətimizi çəkən yeniyetmə futbolçular var. İstedadlı oyunçuları müşahidə edir, məşqçilərimiz onları diqqətdə saxlayaraq lazımi qeydlər aparırlar".
Heyətinə cəlb etdiyi keyfiyyətli legionerlərlə seçilən "Zirə" klubunun nümayəndələri də U-15 dünya çempionatının oyunlarını potensial transferlər baxımından izləyənlər sırasındadırlar.
Bunu saytımıza qısa açıqlamasında "Zirə" PFK-nın mətbuat katibi Elmar Abdullazadə də təsdiqlədi:
"Bəli, "Zirə" klubunun akademiyasında çalışan məşqçilər Bakıda keçirilən yeniyetmələr arasında dünya çempionatının oyunlarını izləyiblər".
Əlaqə saxlamaq istədiyimiz digər Azərbaycan klublarından - "Neftçi" və "Sabah"dan isə sözügedən mövzu ilə bağlı münasibət öyrənə bilmədik.
Məlumat üçün bildirək ki, FIFA-nın təşkilatçılığı ilə keçirilən U-15 dünya çempionatı və festivalına oktyabrın 30-da yekun vurulacaq.