Misli Premyer Liqasının X turunda "Sabah" üzərində qələbə qazanan "Turan Tovuz"da futbolçulara verilən mükafatın məbləği bəlli olub.
Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Tovuz təmsilçisinin rəhbərliyi start heyətində meydana çıxan hər futbolçuya 10 min manat mükafat ayırıb. Sonradan oyuna qoşulanlar üçün isə bu məbləğin müəyyən faizi nəzərdə tutulub.
Komanda XI turda səfərdə "Qarabağ"ı da məğlub edib. Həmin qələbəyə görə futbolçulara nə qədər mükafat verildiyi isə hələlik məlum deyil. Əlbəttə, ardıcıl iki turda "Sabah" və "Qarabağ" kimi iddialı rəqibləri məğlub etmək böyük nəticədir. Ancaq gəlin, bir qədər də soyuqqanlı olaq.
Cəmi iki qələbəyə görə bu qədər səxavətli mükafatlandırma nə dərəcədə doğrudur? Axı söhbət mövsümün əvvəlindən gedir. "Turan Tovuz" "İmişli"yə, "Kəpəz"ə uduzub. Hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Araz-Naxçıvan" isə mümkün dörd xaldan birini Tovuz təmsilçisindən alıb. Bəs onda həmin uğursuz nəticələrin məsuliyyəti kimdədir? Yoxsa iki böyük qələbə bütün əvvəlki səhvləri unutdurmağa kifayət edir?
Rəhbərlik unutmamalıdır ki, mükafatlandırma uğurun davamlılığını təmin etmək üçün vasitədir, bir neçə uğurlu nəticədən sonra eyforiya yaratmaq üçün yox. Futbolçulara 10 min manat vermək olar, amma bu məbləğ meydanda sabitlik, məsuliyyət və xarakter zəmanəti deyil.
Üstəlik, bu, ilk belə hal deyil. Ötən mövsüm "Neftçi" ilə oyundan sonra da eyni addım atılmış, mükafatın məbləği artırılmışdı. Bəs nəticə? "Turan Tovuz" mövsümün sonunda avrokuboklardan kənarda qaldı.
Cənablar, futbol iki qələbədən ibarət deyil. Bu gün "Sabah"ı, sabah "Qarabağ"ı məğlub etməklə mövsümün hədəfinə çatmış sayılmırsınız. Əvvəlcə sabit nəticə göstərin, komandanı iddialı klub səviyyəsinə çatdırın, sonra mükafatların məbləğini artırın. Hələ noyabr ayıdır. Mövsümün bitməsinə isə xeyli vaxt var. Bir-iki qələbə ilə bu qədər tələsməyin. Çempionat marafondur, bayram tədbiri deyil!