"Qarabağ"ın 7 legioner futbolçusu öz ölkələrinin milli komandalarına dəvət alıb. Martin Zlomislic Bosniya və Herseqovina, Marko Yankoviç Monteneqro, Bense Varkonyi Macarıstan, Aleksey Kaşuk Ukrayna, Renaldo Sefas Yamayka, Bruno Lanqa Mozambik, Reda Xadra Livan yığmasına çağırılıb.
Təmsilçilərimizin yer aldığı Avropa yığmaları UEFA Millətlər Liqasında növbəti oyunlarına çıxacaq. Bosniya və Herseqovina noyabrın 14-də İsveçin qonağı olacaq, üç gün sonra Rumıniyanı qəbul edəcək. Monteneqro ayın 12-də evdə Latviya, üç gün sonra səfərdə Kiprlə qarşılaşacaq. Macarıstan noyabrın 14-də Gürcüstanla rəqib meydanında, üç gün sonra Şimali İrlandiya ilə evdə üz-üzə gələcək. Ukrayna noyabrın 14-də səfərdə Şimali İrlandiya, 17-də evdə Gürcüstanla görüşəcək.
KONKAKAF Millətlər Liqasında Meksika ilə qarşılaşacaq Yamayka noyabrın 15-də evdə, üç gün sonra səfərdə meydana çıxacaq. Afrika Millətlər kubokunun təsnifat mərhələsində noyabrın 13-də Efiopiyanı qəbul edəcək Mozambik dörd gün sonra eyni rəqiblə cavab oyununa çıxacaq. İki yoldaşlıq matçı keçirəcək Livan ayın 14-də İraq, üç gün sonra Fələstinlə qarşılaşacaq.