"Qarabağ" – "Turan Tovuz - 0:1
Roderik Miller, 80
"Qarabağ" növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XI tur matçına çıxıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda "Turan Tovuz"u qəbul edib.
Komandamız "Azersun Arena"dakı görüşə aşağıdakı start heyəti ilə çıxıb: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 5. Bruno Lanqa, 29. Renaldo Sefas, 9. Zakaria Savo, 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 11. Reda Xadra, 88. Samuel Lobato, 4. Bense Varkonyi, 33. Dieqo Rosa.
Komandamız doğma azarkeşləri önündə keçirdiyi oyuna üstün başlayıb. İlk dəqiqələrdən futbolçularımız topa daha çox sahib olub və ötürmələrlə rəqibin müdafiə xəttində boşluq axtarıblar. Qonaqlar isə əsasən müdafiə olunaraq sürətli əks-hücumlara üstünlük veriblər.
Həm birinci, həm də ikinci hissə eyni ssenaridə keçib. Rəqib yalnız qarşılaşmanın sonlarına yaxın fəallığı artırıb. Görüşün 80-ci dəqiqəsində qonaq komanda hesabı açıb. Bundan sonra komandamız təzyiqi artırsa da, bərabərlik qolunu vurmaq mümkün olmayıb.
Beləliklə, oyun "Turan Tovuz"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 10 matçdan sonra hesabında 19 xal olan "Qarabağ" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.
Qeyd edək ki, komandamız XII turda "Kəpəz"in qonağı olacaq. Noyabrın 22-də Gəncə şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.