"Qarabağ" Futbol Akademiyasının meneceri Nail Kərimov UEFA Gənclər Liqasında Xorvatiyanın "Dinamo Zaqreb" klubuna qarşı cavab görüşünə qələbə qazanmaq məqsədilə yollanacaqlarını bildirib.
İdman.Biz xəbər verir ki, akademiya rəsmisi Bakıda keçirilən ilk qarşılaşmanı dəyərləndirib və komandanın rəqibdən çəkinmədiyini vurğulayıb.
"Öz oyunumuzu oynadıq. Hücumameyilli, açıq futbol sərgilədik, rəqibdən çəkinmədik. Qol şanslarımız da oldu. Düzdür, rəqibin daha çox şansı oldu ki, bu da normaldır. Oyundan sonra məşqçi və futbolçu heyəti ilə söhbət aparılıb. Komanda cavab görüşünə qələbə qazanmaq məqsədilə yollanacaq. Futbolçular ikinci oyunda məşqçinin tapşırıqlarını yerinə yetirsələr, taktiki cəhətdən düzgün oynasalar və sona qədər mübarizə aparsalar, növbəti mərhələyə yüksəlmək olar. Düzdür, rəqib bizdən həm təcrübəlidir, həm daha keyfiyyətli oyunçuları, həm də geniş heyəti var. Amma yenə də hesab edirik ki, qələbə qazanmaq mümkündür. Səfər oyununda fərqli hesabla uduzmağa yox, əksinə, qol vurub qələbə qazanmağa çalışacağıq. Təbii ki, oyunun gedişatının necə olacağını indidən demək olmaz", - deyə Nail KərimovAZƏRTAC-a açıqlamasında bildirib.
Nail Kərimov qeyd edib ki, komanda Zaqreb təmsilçisi ilə matçda gözlənildiyi kimi çıxış edib və taktiki baxımdan əvvəlki iki oyunla müqayisədə fərqli yanaşma seçib.
O, UEFA Gənclər Liqasında iştirakın klub üçün əhəmiyyətindən də danışıb. Akademiya menecerinin sözlərinə görə, beynəlxalq turnirlərdə təcrübə həm futbolçular, həm məşqçilər, həm də klubun idarə heyəti üçün vacibdir:
"UEFA turnirlərində və yaxud beynəlxalq yarışlarda nəticə üçün uzun illər lazımdır. Hər şey birdən-birə olmur. Nəzərə alsaq ki, "Qarabağ" Gənclər Liqasında indiyə kimi cəmi iki dəfə oynayıb, deməli, burada o qədər də böyük təcrübəmiz yoxdur. İnanırıq ki, bu təcrübə qarşıdakı illərdə formalaşacaq".
"Qarabağ" "Dinamo Zaqreb" səddini keçəcəyi təqdirdə növbəti mərhələdə Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşacaq. Nail Kərimov hazırda növbəti mərhələ haqqında danışmağın tez olduğunu bildirib. Bununla belə, klubun məqsədinin illər ərzində Avropanın aparıcı komandaları ilə rəqabət aparacaq səviyyəyə yüksəlmək olduğunu vurğulayıb.
""Benfika"nın imkanlarını və gücünü bilirik. Bu komanda ilə oynamaq üçün hər iki tərəf növbəti raunda adlamalıdır. Yavaş-yavaş o səviyyəyə gəlib çatmalıyıq ki, Avropanın top klubları ilə də oynaya bilək".
Funksioner "Dinamo"nun akademiyası ilə əməkdaşlıq imkanlarına da münasibət bildirib. O, hazırda belə bir planın olmadığını qeyd edib:
"Biz əslində Zaqreb akademiyası ilə tanışıq. Əsas komandamız onlarla oynayanda Aftandil Hacıyevlə birlikdə Xorvatiyaya səfər etmiş, onların iş planı ilə tanış olmuş, akademiyada təxminən yarım gün keçirmişdik. Yəni "Dinamo"nun akademiyası barədə xeyli məlumatlarımız var".
Akademiya meneceri hazırda əsas diqqətin klubun öz infrastrukturunun və strukturunun möhkəmləndirilməsinə yönəldiyini vurğulayıb.
Nail Kərimov "Qarabağ" akademiyasının bölgələrdə filiallarının açılması məsələsinə də toxunub. O bildirib ki, doğma Qarabağ bölgəsində bu istiqamətdə addımlar atılması gözlənilir və məsələ ilə bağlı klub rəhbərliyi ilə dəfələrlə şifahi müzakirələr aparılıb:
"Hələlik öz akademiyamızın daxilində olan məsələləri yekunlaşdırmaq istəyirik. Ondan sonra bu işlərə keçid edəcəyik".
Qeyd edək ki, "Qarabağ" və "Dinamo Zaqreb" arasında cavab matçı noyabrın 4-də Zaqrebdə keçiriləcək. İlk görüşdə Ağdam təmsilçisi 1:2 hesabı ilə məğlub olub.