Azərbaycan İdman Akademiyası (ASA) və "Qarabağ" Futbol Klubu Akademiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Futbol məşqçilərinin peşəkar inkişaf proqramı" uğurla yekunlaşıb.
İdman.Biz xəbər verir ki, layihənin yekunlarına həsr olunmuş sertifikat təqdimetmə mərasimində "Qarabağ" FK-nın baş direktoru Emrah Çelikel də çıxış edib.
Klub rəsmisi bu günün onlar üçün əlamətdar olduğunu vurğulayaraq, məşqçilərin inkişafının prioritet məsələlərdən biri olduğunu bildirib:
"Bu gün bizim üçün əlamətdar gündür. Məqsədimiz akademiyamızda çalışan məşqçilərin peşəkar inkişafına nail olmaqdır. Azərbaycan İdman Akademiyası bu yolda bizə böyük dəstək oldu və yüksək səviyyəli, professional dərs proqramı təqdim etdi".
Emrah Çelikel futbolçu yetişdirilməsində elmi yanaşmanın vacibliyinə diqqət çəkərək, uşaqların tərbiyəsinin önəmini xüsusi qeyd edib:
"Biz sadəcə futbolçu yetişdirmirik. Bu prosesdə mütləq elmi yanaşma tətbiq olunmalıdır. Bizim akademiyada işlədiyimiz uşaqlardan ilk növbədə cəmiyyət üçün yaxşı vətəndaş formalaşdırmaq əsas məqsədimizdir. Təbii ki, istedadı olan uşaqların gələcəkdə peşəkar futbolçu olmaq şansı daha yüksək olur. Bu məsuliyyətli prosesdə isə əsas yük həmin uşaqlarla birbaşa çalışan məşqçilərin üzərinə düşür. Məhz bu səbəbdən məşqçilərimizin davamlı olaraq yeni biliklərə yiyələnməsinə və inkişaf etməsinə böyük ehtiyac var".
Qeyd edək ki, mərasimdə proqramı uğurla başa vuran məşqçilərə xüsusi sertifikatlar təqdim olunacaq.