"Qarabağ"ın futbolçusu Marko Yankoviç karyerası ilə bağlı qərarını qətiləşdirib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Monteneqrolu yarımmüdafiəçi yeni müqavilə ilə bağlı danışıqları dayandırıb. Hətta Yankoviç qış "transfer pəncərəsi"ndə də Ağdam klubundan ayrılmaq niyyətindədir.
Klub rəhbərliyi münasib təklif alacağı təqdirdə futbolçunun satışını nəzərdən keçirəcək. Buna səbəb onun müqaviləsinin gələn ilin yayında başa çatmasıdır.
Yarımmüdafiəçi ilə vətənindən, Türkiyədən və Bolqarıstandan olan klublar maraqlanır.
Xatırladaq ki, Yankoviç Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər matçı zamanı komanda yoldaşı Mateus Silva ilə mübahisə edib. Baş məşqçi Qurban Qurbanov hər iki futbolçunu cəzalandırıb. Belə ki, onları həmin görüşün fasiləsində əvəzləyib, növbəti turda "Turan Tovuz"la qarşılaşmada isə meydana buraxmayıb.
Qeyd edək ki, Marko Yankoviç 2022-ci ildən "Qarabağ"ın formasını geyinir.