"Doğrudan da möhtəşəm bir turnir keçirilir. Azərbaycanda belə şərait yaradılıb, meydançalar tikilib, hər şey futbol üçün edilib. Komandalar üçün yaxşı şərait qurulub. Turnir həm də əyləncəli formatda təşkil olunub. İlk dəfədir Azərbaycanda belə bir yarış keçirilir. Arsen Venger kimi tanınmış futbol adamı oyunları izləyir. Bu, Azərbaycan futbolu üçün böyük hadisədir. Belə simaları hər gün canlı görə bilmirik".
Bu sözləri Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedev Bakının ev sahibliyi etdiyi FIFA U-15 dünya çempionatı və festivalı ilə bağlı danışarkən deyib.
O, turnirdə çıxış edən Azərbaycanın U-16 millisinin heyətində bəzi uşaqları tanıdığını bildirib.
"Bir neçəsi mənimlə işləyib. Məsələn, müdafiəçi Məhəmməd Ağamalıyev və qapıçı Oqtay Mehrəliyev mənim komandada mənimlə olublar. Onlara uğurlar arzulayıram. Digər komandaların heyətində də tanıdığım futbolçular var. Düşünürəm ki, uşaqlar belə turnirlərdə iştirak edə-edə inkişaf edəcəklər. Belə yarışlar nə qədər çox keçirilsə, o qədər yaxşı olar. Bu, onların həm təcrübəsi, həm də gələcəyi üçün böyük təkan verər. İndi nəticə baxımından şansımızı itirmiş olsaq da, belə turnirdə iştirak etməyin özü böyük təcrübədir. Başqa komandalarla oynayır, fərqli futbolçuları görürsən. Bəlkə də bu gün həmin turnirdə qarşılaşdığımız uşaqlardan bir neçəsini üç-dörd ildən sonra böyük futbolçu kimi görəcəyik. Onda da deyəcəyik ki, biz bunlarla vaxtilə eyni turnirdə oynamışıq. Belə yarışlar hər tərəfdən insanı sevindirir. Azarkeşlər gəlir, oyunları izləyir, insanlar bir-biri ilə ünsiyyət qururlar. Bu, böyük üstünlükdür. İstərdim ki, bizim uşaqlar da belə turnirlərdə daha çox iştirak edib təcrübə qazansınlar", - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Hazırda "Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi kimi fəaliyyət göstərən mütəxəssis indiki gənc oyunçularla öz dövrünün futbolçu nəslini müqayisə edib:
"Bizim vaxtımızda millidə əsasən azərbaycanlı futbolçular çıxış edirdilər. Rəşad Sadıqov, Kamran Ağayev, Mahir Şükürov kimi oyunçularla eyni komandada olmuşam. Mən onlardan daha gənc idim, amma birlikdə oynayırdıq. Həmin vaxt hamı futbolun nə olduğunu yaxşı başa düşürdü, hər kəs lider olmağa çalışırdı. Heç kim uduzmağı sevmirdi, məğlubiyyətlə barışmırdı. Komandada mübarizə ruhu var idi. Amma indiki gənclərlə bizim nəslimizi müqayisə etmək bir qədər çətindir. Məncə, bu, təkcə futbolla bağlı deyil. Dövr dəyişib. Biz millenial nəslindənik, indi isə Alfa nəsli yetişir. Bizim vaxtımızda telefon yox idi, tennis, domino oynayır, daha çox futbol haqqında danışırdıq. Əsas marağımız futbola idi. İndiki uşaqların isə maraq dairəsi daha genişdir, hər oyundan sonra əllərində telefon görürsən. Ona görə onların diqqəti bir qədər fərqli istiqamətlərə yönəlir. Biz oyuna üç gün qalmış hazırlaşmağa başlayır, məşqlərdə bir-birimizlə danışır, səhvləri müzakirə edirdik. Kimsə çətinlik çəkəndə ona dəstək olurduq. İndi isə bəzən futbolçular arasında ünsiyyətin zəif olduğunu görürsən. Hər kəs öz oyununun yaxşı olmasına çalışır, başqalarının necə çıxış etməsi ilə o qədər də maraqlanmır. Amma bu, indiki uşaqların pis, bizim nəslin isə yaxşı olması demək deyil. Futbol dəyişir, məşq proqramları, oyun tərzi də fərqlənir. Əvvəllər fiziki hazırlığa daha çox fikir verilirdisə, indi sürət və texnika da böyük əhəmiyyət daşıyır".
M.Medvedev vaxtilə özlərinin də əvvəlki nəslin futbolçuları ilə müqayisə olunduğunu xatırladıb:
"İndi isə biz gənclərə başqa cür baxırıq. Əsas məsələ dəyişən dövrü qəbul etmək və uşaqlara dəstək olmaqdır. Onların əlindən telefonu, "Instagram"ı, "TikTok"u ala bilmərik. Mən özüm də gənc futbolçularla işləmişəm, indi əvəzedici komandada çalışıram. Bəzən özüm də təəccüblənirəm. Uşaqlar hansısa mahnını əzbər bilirlər, amma oyuna dair iki tapşırıq verəndə onu yadda saxlamaqda çətinlik çəkirlər".
Veteran futbolçunun sözlərinə görə, yaxşı məşqçi ilk növbədə indiki gəncləri başa düşməyi bacarmalıdır:
"Hər dəfə telefonu yığışdırmağı tələb etsən, uşaqlar səni özlərinə qarşı olan biri kimi qəbul edə bilərlər. Əlbəttə, telefonla bağlı müəyyən məhdudiyyətlər olmalıdır, amma əsas məsələ onların diqqətini düzgün istiqamətləndirməkdir. Məsələn, oyundan əvvəl 40 dəqiqə ərzində bütün diqqətlərini futbola yönəltmələrini tələb etmək olar. Düşünürəm ki, belə yanaşma ilə uşaqları öz tərəfimizə çəkə, onların futbola marağını artıra bilərik".
Qeyd edək ki, oktyabrın 30-a kimi davam edəcək U-15 dünya çempionatı və festivalı 189 ölkədən futbolçuları bir araya gətirir.
Azərbaycanın U-16 yığması mundialdakı ilk oyununda Timor-Lesteni 6 cavabsız qolla üstələyib, İsraili məğlub edib - 3:1. Andorraya minimal hesabla (1:0) qalib gələn millimiz Avstraliyaya 1:3, Haitiyə 0:4 hesabı ilə uduzub. Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv hazırda 65-96-cı yerlər uğrunda mübarizə aparır.