Azərbaycan İdman Akademiyası (ASA) və "Qarabağ" Futbol Klubu Akademiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Futbol məşqçilərinin peşəkar inkişaf proqramı"nın yekunlarına həsr olunmuş sertifikat təqdimetmə mərasimi keçirilib.
İdman.Biz xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev müasir idmanda elmi yanaşmanın, idman psixologiyasının və düzgün qidalanmanın əhəmiyyətindən danışıb.
Rektor inkişaf etmiş idman ölkələrində fərdi yanaşmanın önəmini xüsusi vurğulayıb:
"İnkişaf etmiş idman ölkələrinin strategiyasında hər bir idmançı haqqında geniş tədqiqat aparılır və onlarla fərdi iş görülür. Funksional diaqnostika prosesi həyata keçirilərək nəticələr müvafiq federasiyalara təqdim olunur. İdmanda psixoloji hazırlıq da çox vacib amildir. İlk növbədə idmançının ilk psixoloqu elə onun öz məşqçisi olmalıdır. Bu baxımdan idman psixologiyası üzrə xüsusi təlimlər və tədris proqramları təşkil edilməlidir".
Fuad Hacıyev idmançıların qidalanma rejiminə və bu sahədəki kadr ehtiyacına da diqqət çəkib:
"Düzgün qidalanma məsələsi xüsusilə vacibdir. Bu çatışmazlıq idmançılarımız xaricə səfər edəndə daha aydın hiss olunur. Qidalanma orqanizmin maddələr mübadiləsinə, eləcə də idmançının fiziki və ruhi vəziyyətinə birbaşa və ciddi təsir göstərir. Hazırda idman dietoloqlarına və fizioterapevtlərə böyük ehtiyacımız var. Biz bu sahədə peşəkar kadrlar hazırlamalıyıq. 21 ildir idman siyasətindəyəm və 13 il peşəkar idmanla məşğul olmuşam, təcrübəmə əsasən deyə bilərəm ki, bu amillər qələbənin əsas təməlidir".