"Qarabağ" futbol komandasının sabiq hücumçusu Juninyonun Meksikanın "Pumas" futbol komandasındakı uğurlu performansı onun transfer bazarındakı mövqeyini gücləndirib.
İdman.Biz "Futbol Total" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun müqaviləsinin daha güclü şərtlərlə qorunması məsələsi gündəmə gəlib.
Braziliyanın "Flamenqo" komandasından 2026-cı ilin əvvəlində transfer olunan Juninyo qısa müddətdə Meksika təmsilçisinin əsas hücumçularından birinə çevrilib.
O, cari Apertura turnirinin ilk 15 matçında doqquz qol vurub və bir məhsuldar ötürmə verib. Braziliyalı futbolçu həmin müddətdə komandasının vurduğu 22 qolun 10-da birbaşa iştirak edib.
Juninyonun hazırkı müqaviləsi 2028-ci ilin dekabrına qədər qüvvədədir. Razılaşmada müddətin daha bir il uzadılması imkanı da nəzərdə tutulub.
Qeyd edək ki, Juninyo 2023-2025-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, 2025-ci ilin yanvarında Ağdam təmsilçisindən Braziliyanın "Flamenqo" futbol komandasına beş milyon avroya transfer olunub.
2025-ci ildə "Flamenqo" ilə Braziliya çempionluğu və Libertadores Kubokunu qazanan hücumçu 2026-cı ilin əvvəlində eyni məbləğ qarşılığında Meksikanın "Pumas" klubuna keçib.